Məşğulluq proqramının icrası, məmurların gəlirlərini açıqlamaması, Avropa-Azərbaycan münasibətləri və başqa məsələlər bu günkü medianın aparıcı mövzularındandır...
“Məmurların varidatı barədə xalqın xəbər tutmaq imkanı olmalıdır”
“Bizimyol.info” saytı-nda “Məmurların mənzillərini də ictimai nəzarətə götürmək lazımdır” sərlövhəli yazı oxumaq olar .
Sayt dövlət başçısı İlham Əliyevin idaretmənin optimallaşdırılması çərçivəsində verdiyi növbəti fərmanlarından biri ətrafında iqtisadçı-ekspert Rövşən Ağayev-in düşüncələrinə yer verib. Söhbət orada xidməti nəqliyyat vasitələri ilə təmin edilməli vəzifələrin siyahısının dövlət başçısı ilə razılaşdırılmasından gedir.
Ekspertin sözlərinə görə, fərmana əsasən xidməti maşınların sayının azalacağı görünür:
“Bir müddət əvvəl 10 il ərzində dövlət büdcəsindən xidməti maşınlara sərf olunan xərclərin məbləğini paylaşmışdım və söhbət 700-800 mln. dollardan gedirdi”, deyə R.Ağayev bu sahəyə xərclənən dövlət vəsaitlərinin məbləği barədə bilgi yaratmağa çalışıb.
Fərmanı əsaslı sayan iqtisadçı daha sonra da vurğulayııb ki, tək xidməti maşınlar yox, məmurların bütün əmlakı nəzarətdən kənarda qalmamalıdır:
“Söhbət bütün normal ölkələrdə olduğu kimi vəzifəli şəxslərin gəlir və əmlak bəyannaməsi mexanizminin tətbiqindən gedir. Çünki, ayda 1500 manat maaşa qulluq edən məmurların hətta 30 min dollarlıq maşında gəzməsi, 70-80 min dollarlıq evdə yaşaması belə onun əliəyriliyinin ilk işartısıdır”.
Ekspert deyib ki, Azərbaycanda gəlir bəyannaməsilə bağlı qanun, hələ 14 il əvvəl, 2005-ci ildə qəbul olunsa da bu günə qədər bircə maddəsi belə işləməyib.
Ekspert hesab edir ki, məmurların və seçkili rəsmilərin şəxsi qazancları, varidatı barədə xalqın xəbər tutmaq imkanı olmalıdır. “İslahat deyiriksə, real olanlardan biri məhz budur”-deyə ekspert vurğulayıb.
Prezident İlham Əliyev bu günlərdə imzaladığı növbəti fərmanlardan birinə görə, icra hakimiyyəti orqanlarında, dövlət adından yaradılan publik hüquqi şəxslərdə və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə xidməti nəqliyyat vasitələri ilə təmin edilməli vəzifələrin siyahısı dövlət başçısı ilə razılaşdırılmalıdır.
“Bəhanələrə rəvac verməmək barədə ciddi düşünməliyik”-deputat
“Yeni Müsavat”qəzeti-ndə ““Bizi Avropaya yaxınlaşdıran islahatların aparılması zəruridir”- Fazil Mustafa” sərlövhəli yazı yer alıb.
Müəllif yanvarın 21-də başlaycaq Avropa Şurası Parlament Assamblyeası-nın (AŞPA) qış sessiyası ərəfəsində deputat Fazil Mustafa ilə Avropa Azərbaycan münaibətləri barədə söhbətləşib.
F.Mustafa “Yeni Müsavat” qəzeti-nə öncə deyib ki, AŞPA-nın qış sessiyası gündəliyindəAzərbaycanla bağlı hər hansı fundamental məslənin ayrıca müzakirəsi yoxdur, amma müəyyən epizodlarda ölkə ilə bağlı da fikirlər səsləndirilə bilər.
Müəllif bir neçə gün əvvəl Avropa Parlamentində Azərbaycanla bağl qəbul edilən qətnaməni xatırladaraq ( həmin qətnamədə bloqqer Mehman Hüseynov və başqa siyasi məhbus sayılan şəxslərin azad olunması istənilib-R) mümkün təzyiqlərdən yayınmaqdan ötrü ölkə daxilində islahatların hansı istiqamətdə getməsinin zəruri olduğunu soruşub. F.Mustafa deyib ki, O, ölkə daxilində Azərbaycanı bütün sahələrdə Avropa standartlarına yaxınlaşdıran islahatların aparılmasını zəruri sayır:
“İlk növbədə ölkədə məhkəmə ədalətinin real məzmun almasını, mülkiyyət qəsbçiliyinin qarşısının alınmasını və inhisarçılıq elementlərindən yaxa qurtarılmasını önə çəkərdim”.
Deputat hesab edir ki, Avropa İttifaqı ilə bağlanan hər bir sənədin mühüm önəmi var:
““Çünki oldun dəyirmançı, çağır gəlsin dən, Koroğlu” deyimində olduğu kimi, əgər əməkdaşlıq üçün addımlar atmağı vacib hesab ediriksə, o halda hər hansı bəhanələrə də rəvac verməmək barədə ciddi düşünməliyik. Mən də bu cür bəhanələrə nöqtə qoyacaq humanist addımın atılmasını çox arzulayıram”.
“Məşğulluq probleminin həlli”
“Azərbaycan” qəzeti-ndə dərc edilən “Məşğulluq probleminin həllinin daha bir uğurlu yolu” sərlövhəli yazıda isə əhalinin özünüməşğulluq proqramının əhəmiyyəti dəyərləndirilir.
Müəllif yazıb ki, əhalinin məşğulluq problemi dövlətin diqqətindədir.
Yazıda qeyd edilir ki, 2018-ci ildə ölkədə 118 min daimi iş yeri açılıb:
“Dövlət həmişə çətin vəziyyətdə yaşayan vətəndaşlara qayğı və diqqət göstərir. Ünvanlı sosial yardım proqramlarının icra edilməsi buna əyani misaldır. Lakin dövlət həm də ehtiyaclarını ödəmək üçün hər bir ailənin özünün imkanlarının yaranmasına çalışır. Özünüməşğulluq da məhz maddi çətinliyi olan ailələrin özlərinə yaxşı dolanışıq şəraiti yaratmağa imkan verir.Təqdirəlayiq haldır ki, bu sahədə ilk uğurlu addımlar atılıb. Özünüməşğulluq geniş vüsət aldıqca əhalinin işlə təminatı məsələsinin həllinə böyük kömək göstərəcəyi şəksizdir”.
Yazıda vurğulanıb ki, Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu məsələdən ətraflı bəhs edilib, özünüməşğulluğun geniş vüsət aldığı bildirilib. Müəllifin yazmasına görə, iclasda qeyd edilib ki, özünüməşğulluq proqramı il ərzində 6,5 dəfə genişlənib, 7267 nəfər biznes planlarını uğurla müdafiə edib.Nəticədə 5000-dən çox ailə aktivlərlə təmin olunub və özlərinin kiçik ailə təsərrüfatlarını yaradıb.
Yazıda qeyd edilməsinə görə, prezident İlham Əliyev Nazirlər Kabinetinin sözügedən iclasında özünüməşğulluq proqramının həyata keçirilməsinə dövlət dəstəyinin davam etdiyini vurğulayaraq deyib ki, bu il ən azı 7 min ailə bu proqramdan faydalanacaq.