Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 05:00

Həyat yoldaşı: Aqil Hümbətov daha bir ay psixiatriya xəstəxanasında qalacaq


Aqil Hümbətov, 2019

1 saylı Psixiatriya Xəstəxanasına yerləşdirilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Aqil Hümbətov-un daha bir ay bu xəstəxanada qalacağı bildirilir.

Bu barədə AzadlıqRadiosuna A. Hümbətovun həyat yoldaşı Aygün Hümbətova məlumat verib:

"Həkimlər yoldaşıma demişdi ki, onu mayın 2-də evə buraxacaqlar. Dünən gözlədim, gəlmədi, sonra isə özüm dispanserə zeng etdim. Yoldaşımla danışdım. Aqil mənə dedi ki, həkimlər ona bir ay daha qalmalı olduğunu, sağlam olmadığını deyiblər. Onu qondarma komissiyadan keçiriblər və belə deyiblər. Hələ bir ay sonra buraxılıb-buraxılmaması dəqiq bilinmir. Onların mənim yoldaşlmı buraxmaq fikirləri yoxdur. Aqil mənə demişdi ki, əgər onu ayın əvvəli buraxmasalar aclıq aksiyası edəcək. İndi bilmirəm onun vəziyyəti necədir ? ".

Bu deyilənlərə, hələlik, 1 saylı Psixiatriya Xəstəxanasından münasibət öyrənmək mümkün olmayıb.

Aqil Hümbətovla bağlı olanlar

AXCP Xəzər rayon şöbəsinin fəalı, Maştağadakı 1 saylı Psixiatriya Xəstəxanasında saxlanan Aqil Hümbətov Ali Məhkəməyə şikayət vermək istəyirdi. Müdafiə tərəfinin bildirməsinə görə, onun haqqında ardıcıl iki gündə iki fərqli məhkəmə qərarı çıxarılıb. Aprelin 1-də Sabunçu rayon Məhkəməsinin hakimi Samir Talıbovun çıxardığı qərarda A.Hümbətovun məcburi müalicə üçün xəstəxanaya salınması barədə müraciətə "yox" deyilib. Bundan ötrü məhkəməyə ərizəni Respublika Psixiatriya Xəstəxanasının baş həkimi Ağahəsən Rəsulov verib. Baş həkim ərizəsində yazıb ki, Həkim-Məsləhət Komissiyası onun "şəxsiyyətin paranoyal tip pozuntusu" diaqnozuyla xəstəlikdən əziyyət çəkməsi, stasionar şəraitdə müalicəyə ehtiyacı olması barədə rəy verib. Amma məhkəmə belə nəticəyə gəlib ki, komissiyanın rəyində A.Hümbətovun iradəsinə zidd şəkildə xəstəxanada saxlanmasının hansı zərurətdən irəli gəlməsi əsaslandırılmayıb.

Hakim bu qərarı aprelin 1-də elə xəstəxanada verib. Onda A.Hümbətov iki gün idi ki, artıq orada saxlanırdı. Məhkəmə qərarında göstərilib ki, A.Hümbətov həmin vaxt xəstəxanaya Xəzər rayonu, 1-ci polis bölməsinin məktubu əsasında salınıb. Polis məktubda yazıb ki, A.Hümbətov öz hərəkətlərinə nəzarət edə bilmir, ətrafdakı sakinlərə qarşı əxlaqsız hərəkətlər edir, bu üzdən ondan şikayətlər var.

Bu məhkəmə qərarından dərhal sonra – aprelin 1-də axşam saatlarında A.Hümbətov evinə buraxılıb. Aprelin 2-də isə yenidən xəstəxanaya salınıb.Müdafiə tərəfinin sözlərinə görə, cəbhəçi fəal apellyasiya məhkəməsinin qərarı əsasında bir gün sonra yenidən Maştağaya aparılıb: "Baş həkim aprelin 1-də çıxarılan qərardan - ərizəsinin təmin olunmamasından apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi də onun şikayətini təmin edib. Proseslər, az qala, ildırım sürətiylə baş verib. Bir günün içində apellyasiya şikayəti hazırlanır, o şikayətə baxılır, adamı tutub xəstəxanaya salırlar...",deyəmüdafiə tərəfindən qeyd ediblər.

Xatırlatma

Küçələrdən plastik qablar, karton və s. tullantılar toplayıb təhvil verməklə üç azyaşlı uşağını dolandırdığını vurğulayan A.Hümbətov ötən ilin martında da 30-günlük inzibati həbs cəzası almışdı. O zaman o, polisə müqavimətdə təqsirləndirilsə də, özü deyirdi ki, yalandır, həbsinin səbəbi iki gün öncə prezidenti tənqid etməsidir.

A.Hümbətov bu il martın 29-da canlı yayımda da uşaqlarının aclıqdan əziyyət çəkdiyini, övladı xəstə olduğu halda, onun müalicəsinə pul tapa bilmədiyini vurğulayaraq, bütün bunlara görə prezident və komandasını tənqid etmişdi.

Azərbaycan rəsmiləri isə ölkədə heç kimin tənqidi fikirlərinə görə təqib olunmadığını bildirirlər.

XS
SM
MD
LG