Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:25

Məhkəmə ‘AXCP pullarının” araşdırlmasını davam etdirir


"AXCP-nin hazırda 15 siyasi məhbusu var. Hələ üstəlik, xeyli üzvlərimizə də inzibati həbs cəzası verilib", – AXCP üzvü Səadət Cahangir fevralın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə verərkən deyib.

O, partiyanın funksionerləri - AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmov, Nərimanov rayon şöbəsinin sədr əvəzi Babək Həsənov, Gənclər Komitəsinin Məclis sədri Ruslan Nəsirov, Gədəbəyin sabiq icra başçısı Saleh Rüstəmov və onun qardaşı oğlu Vidadi Rüstəmlinin məhkəməsində şahid qismində dindirilib.

Cinayət işinin materiallarında yazılıb ki, Aqil Məhərrəmov Moskvadan göndərilən pulu Vidadi Rüstəmlidən götürəndən sonra 200 manat Səadət Cahangirə verib.

Səadət Cahangir məhkəmədə dindirilərkən deyib ki, dəqiq xatırlamasa da, Aqilin ona 200 manat verməsi mümkündür. O da həmin vəsaiti siyasi məhbuslara xərcləyib.

“Pul, maaş cədvəlləri axtarırdılar”

AXCP-nin daha bir üzvü Ramiz Əhədov da dindirilib. Bildirib ki, onu DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıblar:

"Oradan da məni evimə gətirdilər. Evdə 45 dəqiqə axtarış apardılar. Pul, maaş cədvəlləri axtarırdılar. Dedim ki, bizdə belə şey yoxdur. Soruşdular ki, AXCP-də maliyyə məsələlərinə kim baxır? Dedim, məhbuslara yardım üçün ianələr toplayırıq, on ildir ki, mən toplayıram. O vəsaitləri də siyasi məhbuslarımızın yanına sovqat aparılmasına, onların ailələrinə xərcləyirik. İstintaqda soruşdular ki, bu işi kimin göstərişilə eləyirdin? Dedim ki, o vaxt rəhmətlik Həsən Kərimov tapşırmışdı mənə".

NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Ülvi Həsənli də təqsirləndirilən şəxslərdən Aqil Məhərrəmlinin ona 200 manat verməsinə görə dindirilib. "Siyasi məhbuslardan birinin ailəsinə vermişəm", – o deyib.

Rusiyadan Bakıya bankdan kənar pul köçürməsilə məşğul olan Natiq Kamalov da dindirilib. O bildirib ki, Moskvada özü göndərilən pulları qəbul edir, Bakıda qohumu Tural Mehdixanov onu göndərilən adama çatdırırdı.

Onun sözlərinə görə, Saleh Rüstəmov 2017-ci il mayın 23-də bacısı oğlu Vidadiyə 175 min dollar pul göndərib. Tarixi dəqiq yadında saxlamasını isə belə izah edib ki, həmin gün Simferopolda mağazaya mal almaq üçün Saleh Rüstəmovun verdiyi puldan istifadə etmişdi. Deyir ki, Saleh Rüstəmovdan pulu özü alıb.

Sabiq icra başçısı ondan soruşub ki, əgər həmin gün Simferopolda olubsa, ondan pulu necə özü ala bilərdi? Bu zaman bildirib ki, Moskvadakı ofisində işçiləri pulu qəbul edib.

Bu şahidin qohumu Tural Mehdixanov öncəki məhkəmə iclaslarında dindiriləndə demişdi ki, pulları Vidadi və başqa adamlara "Monte Karlo" şadlıq evində çatdırırdı. N.Kamalov bunu təsdiqləyib: "O restoran onun kirvəsinindir, ona görə..."

Məhkəmə fevralın 5-də davam edəcək.

Xatırlatma

AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmli, Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirli və Nərimanov şöbəsinin sədri Babək Həsənov mayın 25-də saxlanıblar.

Cəbhəçilərlə eyni cinayət işi üzrə təqsirləndirilən Gədəbəy rayonunun keçmiş icra başçısı Saleh Rüstəmli isə daha əvvəl həbs edilmişdi.

Onlarin saxlanılması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) birgə məlumat da yayıb.

Həmin açıqlamaya görə, AXCP funksionerləri və Saleh Rüstəmli çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunurlar. Açıqlamada Saleh Rüstəmlinin Rusiyadan AXCP-yə pul göndərdiyi, həbs edilmiş cəbhəçilərin həmin vəsaitləri alıb partiya rəhbərinə çatdırdıqları bildirilir.

İddialarda söhbət toplam 412 min dollardan (700 min manat) gedir. Onların haqqında Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və sair maddələriylə cinayət işi başlanıb. İttihamlar sübut edilərsə, onlara 12 ilə qədər həbs cəzası verilə bilər.

AXCP sədri Əli Kərimli ittihamı rədd edərək “qurama iş” adlandırıb. Bildirib ki, Saleh Rüstəmli ilə uzun illərdir dostdular. Dostu olaraq da bir neçə dəfə ona yardım edib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG