Keçid linkləri

Təcili xəbərlər
2020, 13 Avqust, Cümə axşamı, Bakı vaxtı 23:52

7 il 3 ay iş alan Saleh Rüstəmov: ‘Mən qul təfəkkürü ilə yaşamağı özümə sığışdıra bilmərəm’


Saleh Rüstəmov

AXCP-yə və partiya sədri Əli Kərimliyə maliyyə yardımında təqsirləndirilən beş nəfərin məhkəməsi yekunlaşıb.

Fevralın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində onlara hökm oxunub. Eldar İsmayılovun sədrlik etdiyi hakimlər kollegiyasının hökmünə əsasən, onlardan ikisi – AXCP Gənclər Komitəsinin Məclis sədri Ruslan Nəsiri və Vidadi Rüstəmli məhkəmə zalından azadlığa buraxılıb. Onların hər ikisinə 3 il sınaq müddəti olmaqla, 6 il 8 ay şərti cəza verilib.

“QANUNİ FƏALİYYƏT GÖSTƏRİB”

Digər təqsirləndirilən şəxslərdən Xalq Cəbhəsinin hakimiyyəti dövründə Gədəbəyin icra başçısı olmuş, 1998-ci ildə Rusiyaya gedib işləyən, oranın vətəndaşı olan Saleh Rüstəmova 7 il 3 ay həbs cəzası verilib. AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmov 4 il, partiyanın Nərimanov şöbəsinin sədr əvəzi Babək Həsənov isə 3 il həbsə məhkum edilib.

Hökmdən öncə vəkillər çıxış ediblər, təqsirləndirilən şəxslər son sözlərini deyiblər. Vəkillərin hamısı ittihamların əsassız, qondarma olduğunu söyləyərək, bəraət hökmü çıxarılmasını istəyiblər. Onlar bildiriblər ki, bu adamlara qanunsuz sahibkarlıq və cinayət yolu ilə əldə olunmuş vəsaitlərin leqallaşdırılması ittihamı verilib. İttihamda söhbət də Rusiyadan Saleh Rüstəmovun AXCP-yə maliyyə göndərməsindən gedir.

“Saleh Rüstəmov Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olmayıbsa, ona necə qanunsuz sahibkarlıq ittihamı verilib? İstintaq vaxtı Rusiya hüquq-mühafizə orqanlarına sorğular göndərilib, məlum olub ki, bu adamın sahibkarlıq fəaliyyətində heç bir qanunsuzluq yoxdur. Qanuni fəaliyyət göstərib, vergisini də ödəyib. Adam öz pulunu yardıma xərcləyirsə, burada nə cinayət var? Saleh Rüstəmov cinayətkar deyil, ziyalıdır. O da başqa məmurlar kimi asan yol seçib, özü üçün yaşayardı. Amma bunu eləməyib. Könüllü şəkildə aylarla səngərdə olub. Tariximizdəki Başkənd əməliyyatı onun adıyla bağlıdır. Bu adam təkcə Azərbaycandakı siyasi məhbus ailələrinə pul göndərməyib, Rusiyada da xeyriyyəçiliklə məşğul olub”, – vəkil İlhamə Həsənova bildirib.

HESABA CƏMİ 168 MİN RUBL TOPLANIB

Vəkil deyir ki, bu adamlar AXCP-yə 412 min dollar pul göndərməkdə ittiham olunurlar. İttihamda yazılıb ki, bu məqsədlə Saleh Rüstəmov işçisinin adına bank hesabı açdırıb, Rusiyada müxtəlif adamlar ora pul köçürüb, toplanan vəsaitlər də çıxarılaraq Bakıya göndərilib. İstintaq dövründə Rusiyaya göndərilən sorğuya cavabdan məlum olub ki, o hesaba cəmi 168 min rubl (təxminən 2 min 500 dollar) pul toplanıb: “Bu rəqəmin özü də göstərir ki, istintaq orqanı rəqəmi şişirdir”.

Saleh Rüstəmov özü də son sözündə həbsinin siyasi sifarişli, ittihamların da qurama olduğunu bildirib. Deyib ki, Azərbaycanda siyasi məhbuslara yardım məqsədilə pul göndərilib, amma məbləğ ümumilikdə 10 min dolları keçməyib.

“Keçmiş rabitə naziri Əli Abbasov ifadəsində deyirdi ki, aylıq 300 min paket alırdı. Metropolitenin keçmiş rəisi Tağı Əhmədov ifadəsində etiraf edirdi ki, MTN-ə milyonlarla rüşvət verib. Onların heç birinə toxunan olmadı. Amma biz siyasi məhbus ailələrinə 200-300 dollar pul vermişik deyə, həbsdəyik”, – Saleh Rüstəmov bildirib.

Təqsirləndirilən Aqil Məhərrəmov bu cinayət işini Azərbaycanda demokratiyanın, söz azadlığının boğulmasının tərkib hissəsi kimi qiymətləndirib:

“Mən həbs olunanda əkiz qızlarım 4 aylıq idi, indi 1 yaş iki aylıqdılar. Övladlarımın ilk doğum gününü görməkdən məhrum elədilər məni. Bütün bunlara, gördüyüm işgəncələrə baxmayaraq, bu gün məndən soruşan olsa ki, dəyərdimi? Cavab verərdim ki, dəyərdi. Mən qul təfəkkürü ilə yaşamağı özümə sığışdıra bilmərəm. Hər bir cəmiyyətin bəlası təslimçilikdən başlayır. İnsanlar yalnız ədaləti tapanda xoşbəxt olur. Daim ədalət axtarışında olanlarla çiyin-çiyinə olduğum üçün fəxr edirəm”.

“İKİNCİ NARDARAN ŞOUSU YARATMAĞA ÇALIŞDILAR”

Qarabağ döyüşçüsü Babək Həsənov bildirib ki, bu cinayət işi 2005-ci ildən AXCP-yə qarşı başlanmış təzyiqlərin davamıdır və məqsəd Əli Kərimlini həbs eləyib, bu hücumları başa çatdırmaq idi:

“AXCP-ni qərargahından çıxartdılar, yeni qərargahını partlatdılar, üzvlərini həbs elədilər... Gördülər ki, olmur, başa düşdülər ki, Əli Kərimlinin özünü cəmiyyətdən təcrid eləmək lazımdır. Ona görə də bu cinayət işinin timsalında ikinci Nardaran şousu yaratmağa çalışdılar. Amma alınmadı. Mənə verilən ittihamlarda toplam cəza 19 ildir. Mənə bu cəzanı iki dəfə artırıb 38 il, hətta 19-a vurub, 361 il də versəniz, əqidəmdən döndərə bilməzsiniz. Mən bu məhkəmədən də imdad diləmirəm. Çünki bilirəm ki, iradəniz öz əlinizdə deyil. Olsaydı, yəqin ki, bizə bəraət verərdiniz”.

Təqsirləndirilən Ruslan Nəsirli də son sözündə deyib ki, ölkədə azadlıq, ədalət, demokratiya uğrunda mübarizə apardıqlarına görə həbs olunublar: “Biz cəmiyyət üçün təhlükəli deyilik, bu cəmiyyəti bataqlığa aparanlar üçün təhlükəliyik”.

Təxminən beş dəqiqəlik müşavirədən sonra hakimlər hökmü elan ediblər.

Xatırlatma

AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmov, Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirov və Nərimanov şöbəsinin sədri Babək Həsənov mayın 25-də saxlanıblar.

Cəbhəçilərlə eyni cinayət işi üzrə təqsirləndirilən Gədəbəy rayonunun keçmiş icra başçısı Saleh Rüstəmov isə daha əvvəl həbs edilmişdi.

Onların saxlanması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) birgə məlumat da yayıb.

Həmin açıqlamaya görə, AXCP funksionerləri və Saleh Rüstəmov çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunurlar.

Açıqlamada Saleh Rüstəmovun Rusiyadan AXCP-yə pul göndərdiyi, həbs edilmiş cəbhəçilərin həmin vəsaitləri alıb partiya rəhbərinə çatdırdıqları bildirilir.

İddialarda söhbət toplam 412 min dollardan (700 min manat) gedir. Onların haqqında Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və s. maddələri ilə cinayət işi başlanıb.

AXCP sədri Əli Kərimli ittihamı rədd edərək “qurama iş” adlandırıb. O bildirib ki, Saleh Rüstəmovla uzun illərdir dostdurlar. Dostu olaraq da bir neçə dəfə ona yardım edib.

XS
SM
MD
LG