“Gəncədə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvləri kütləvi şəkildə polis şöbələrinə çağırılır”.
Bunu AzadlıqRadiosuna bu gün, iyunun 27-də AXCP sədrinin müavini Gözəl Bayramlı deyib.
Gözəl Bayramlının sözlərinə görə, cəbhəçilərin polisə çağrılması iyunun 23-də Gəncədə keçirilən yığıncaqlarından sonra başlayıb:
“Gəncədə tədbir keçirmişik və bununla bağlı sosial şəbəkədə şəkil paylaşmışıq. Tədbirdən sonrakı gündən başlayaraq, şəkilə düşən adamları polisə çağırıb hədə-qorxu gəlirlər ki, belə toplantılarda iştirak etməsinlər. Həmçinin, tədbirdə baş verənlərlə bağlı, iştirakçılar haqqında onlara suallar verirlər”.
G. Bayramlı əlavə edib ki, həmin tədbir haqqında Gəncə Şəhər İcra Hakimiyyətinə məlumat verilmişdi:
“Tədbir üçün yer istənilmişdi, lakin qurum tədbir üçün yer ayırmadı. Ona görə məcbur olub, başqa yer tapmışdıq. Rəsmi siyasi partiyanın qanuni tədbirindən niyə qorxurlar ki, anlamıram”, - deyə G. Bayramlı sual edib.
Bu deyilənlərə, hələlik, Gəncə Şəhər İcra Hakimiyyəti və Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb. Amma rəsmilər bir qayda olaraq vurğulayırlar ki, ölkədə bütün fundamental azadlıqlar qorunur. Onların sözlərinə görə, ölkədə heç bir şəxs dinc, sivil siyasi fəaliyyət və tənqidi mövqeyinə görə təqib edilmir.
Müxalifətdə olan AXCP-nin nə paytaxt Bakıda, nə də bölgələrdə qərargahı var. Partiya bunu hökumətin maneələri ilə izah edir.
Hökumət rəsmiləri isə deyirlər ki, müxalif siyasi partiyalara hər hansı maneə yoxdur.