Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:32

AXCP fəalı saxlandı


Fuad Ahmadli
Fuad Ahmadli

►Yaxınları deyir, Fuad Əhmədlini "Facebook" statusuna görə tutublar

AXCP Gənclər Komitəsinin üzvü Fuad Əhmədli həbs olunub. Bu barədə AzadlıqRadiosuna partiyadan məlumat verilib.

Məlumatda bildirilir ki, Fuad Əhmədlini dekabrın 25-də axşam saatlarında polislər iş yerindən aparıblar. Saat 20.00 radələrində Xətai Rayon Məhkəməsində çıxarılan qərarla gənc fəala 10 sutka inzibati həbs cəzası verilib. Fuad Əhmədli İnzibati Xətalar Məcəlləsinin 310.1-ci (polisə müqavimət) maddəsilə təqsirləndirilir.

Məlumatı cəbhəçi fəalın yaxınları da təsdiqləyib. Məlumata görə, axşam saat 17.00 radələrində Fuad atası, həmçinin dostu ilə əlaqə saxlayıb və sahə müvəkkilinin iş yerinə gələrək, onu incitdiyini xəbər verib. Bundan bir qədər sonra onun telefonu söndürülüb.

Fuad Əhmədlinin atası Zəfər Əhmədov oğlunun yerini öyrənmək üçün polis bölməsinə gedib. Orada bildirilib ki, Fuad artıq Xətai Rayon Məhkəməsinə aparılıb.

Yaxınlarının sözlərinə görə, Fuad məhkəmədə onlara polisə müqavimət göstərməsi barədə deyilənlərin yalan olduğunu, həmçinin ona vəkildən imtina barədə sənədə imza atdırıldığını çatdıra bilib.

Buna da bax: MTN generalı həbs edildi

“MƏSƏLƏNİ İCTİMAİLƏŞDİRMƏDİK”

Fuad Əhmədli məhkəmədən Binəqədidəki inzibati qaydada həbs olunanların saxlanıldığı təcridxanaya aparılıb.

Yaxınları Fuad Əhmədlinin "Facebook" statusuna görə cəzalandırıldığını deyir: "Fuadı "Facebook"da yazdığı bir statusa görə dekabrın 23-də polis bölməsinə çağırıb, gecəyə qədər orada saxlamışdılar. Buna görə ona xəbərdarlıq eləmişdilər. Biz bu məsələni ictimailəşdirmədik. Görünür, xəbərdarlıqla kifayətlənmək istəməyiblər".

Xatırladaq ki, Fuad Əhmədli bu ilin aprelində də xırda xuliqanlıq və polisin qanuni tələbini yerinə yetirməmək ittihamı ilə 25 sutka inzibati həbs cəzası almışdı. Həmin müddətdə o, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılmışdı.

XS
SM
MD
LG