Noyabrın 17-də Milli Dirçəliş Günü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarətə gedərkən saxlanılan AXCP üzvlərinin apellyasiya şikayətinə baxılıb.
Ruslan Əmirov, Cavid İbrahimov və Ağababa Cəfərovun hər biri İnzibati Xətalar Məcəlləsinin 513.2 maddəsilə təqsirli sayılıb, Səbail Rayon Məhkəməsinin qərarıyla 20 sutka həbs cəzası alıblar.
Cəbhəçilərin işinə ayrı-ayrılıqda baxılıb. Bakı Apellyasiya Məhkəməsinin hakimləri Əflatun Qasımov, Rizvan Səfərov və İlqar Murquzov hər üç cəbhəçi haqqında qərarı qüvvədə saxlayıb.
AXCP üzvləri məhkəmədə bildiriblər ki, onlar sadəcə, Şəhidlər Xiyabanını ziyarət etmək istəyib, bunu yürüş, siyasi aksiya kimi qiymətləndirmək doğru deyil.
Cavid İbrahimov deyib ki, yaxın günlərdə övladı dünyaya gələcək. Hakim İlqar Murquzovdan xahiş edib ki, qərar çıxaranda bu məsələni də nəzərə alsın.
Cəbhəçilər bildiriblər ki, apellyasiya məhkəməsinin qərarını alan kimi Avropa Məhkəməsinə şikayət göndərəcəklər.
XATIRLATMA
Noyabrın 17-də Milli Dirçəliş günü ilə bağlı Milli Şura rəhbərliyi və fəallar Şəhidlər Xiyabanına gediblər. Onlar Şəhidlər Xiyabanını ziyarət edəcəklərini açıqlamışdılar. Amma polis buna imkan verməyib.
Başda Milli Şura sədri Cəmil Həsənli, bu quruma daxil AXCP sədri Əli Kərimli olmaqla onlarla şəxsi Səbail Rayon Polis İdarəsinə aparılıblar.
Gecə saatlarında Cəmil Həsənli və bəzi fəallar sərbəst buraxılıblar. Amma Əli Kərimli və daha 10 nəfər buraxılmayıb. Onlar İnzibati Xətalar Məcəlləsinin 513.1 və 513.2-ci maddələri ilə günahlandırılıblar.
Burada söhbət yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri, piketlərlə bağlı “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunu ilə müəyyən edilmiş qaydaların pozulmasından gedir. Həmin maddələr 3 min manata qədər cərimə, 240 saata qədər ictimai işlər və 2 aya qədər həbs cəzası nəzərdə tutur.
Noyabrın 19-da Əli Kərimli 2500 manat cərimələnərək buraxılıb. Saxlananlardan 3 nəfərə 20 sutka həbs cəzaları kəsilib, qalanlar cərimə edilərək sərbəst buraxılıb.