Keçid linkləri

2026, 14 Avqust, cümə, Bakı vaxtı 21:16

AXCP: Elxan Əliyev ürəyindən anju olunub

Elxan Əliyev
Elxan Əliyev


Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) təşkilat şöbəsinin həbsdə olan üzvü Elxan Əliyevin bu gün, avqustun 14-də "Neftçilər" xəstəxanasında ürəyindən anju ( angioqram adlanan bir tibbi görüntüləmə texnikasıdır, damarların və ürək kamerasının içini göstərmək üçün istifadə olunur) olunduğu bildirilir.

Bu barədə partiya təmsilçilərindən Səadət Cahangir məlumat yayıb. O, qeyd edib ki,Elxan Əliyev neçə vaxtdır səhhətindəki ciddi problemlərdən şikayətlənirdi.

Səadət Cahangirin vurğulamasına görə, bu haqda dəfələrlə açıqlamalr ols da, həbsxana şəraitindəki laqeydlik və bürokratik əngəllər onun müalicə müsəssisəsinə köçürülməsinə imkan vermirdi: “Bu gün o, "Neftçilər" xəstəxanasında ürəyindən anju olunub. Yoxlama nəticəsində məlum olub ki, o, bir müddət əvvəl infarkt keçirib. Həkimlər onun durumunun ciddi olduğunu və yaxın müddətdə açıq ürək əməliyyatı keçirməli olduğunu bildiriblər.”

Hələlik, bu məlumatı rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb.


10.06.2026

AXCP: Elxan Əliyevin səhhətindəki problemlər yenidən kəskinləşib

Azərbaycan Xalq Cəbhəsi Partiyasından (AXCP) bildirilib ki, təşkilat şöbəsinin həbsdə olan üzvü Elxan Əliyevin sağlamlığı təhlükə altındadır.

Partiya yoldaşlarının sözlərinə görə, E.Əliyevin səhhətindəki problemlər yenidən kəskinləşib: "Ona tibbi xidmət göstəriləcəyi, MRT müayinəsindən keçiriləcəyi ilə bağlı vəd verilsə də, məsələ uzanır. O bildirib ki, ailəsi vasitəsilə şəxsi həkiminin yazdığı bəzi dərmanlar ona çatdırılıb, lakin MRT müayinəsi önəmlidir".

AXCP-dən vurğulanıb ki, E.Əliyev həbsindən bir az əvvəl insult keçirib və daimi həkim nəzarətində olub. "Həbsxanaya düşdüyü müddətdə isə normal müalicə ala bilmədiyinə görə vaxtaşırı səhhəti ağırlaşır", – deyə partiyadan əlavə edilib.

Bu açıqlamaya Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb. Amma Xidmətdən, bir qayda olaraq, bildirilir ki, bütün məhbuslar lazımi müayinə və müalicə ilə təmin edilirlər.

Buna baxmayaraq, bundan əvvəl də həbsdə olan bir çox müxalifətçi və tənqidçi jurnalist səhhətlərinin pisləşməsi, həmçinin lazımi tibbi xidmətdən kənarda qalmaları ilə bağlı oxşar şikayətlər səsləndiriblər.

Dələduzluqda ittiham edilən E.Əliyev 2024-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsində 5 il həbs cəzası alıb. O, ittihamı qəbul etmir.

21 iyul 2025

Xalq Cəbhəsi üzvünün həbsdə təxribatla üzləşdiyi deyilir

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Təşkilat şöbəsinin həbsdə olan müdir müavini Elxan Əliyevin 17 saylı Cəzaçəkmə Müəssisəsində (CÇM) təxribatla üz- üzə qaldığı bildirilir.

Bu barədə həmin partiyadan məlumat verilib.

Partiya yoldaşlarının deməsinə görə, bir müddət əvvəl 6 saylı CÇM- dən yeri dəyişdirilmiş E.Əliyevin gününü 17 saylı CÇM-də, sözün əsl mənasında, qara edirlər.

"Elxan bəy ailəsinə bildirib ki, müəssisəyə gəldiyi gündən rəhbərlik tərəfindən ayrıseçkiliyə məruz qalır. Belə ki, Elxan bəyə salam verən, onunla yaxınlıq edən dustaqlara müəssisə rəhbərliyi xəbərdarlıq edib, töhmət verir . Bundan başqa, digər dustaqları Elxan bəyin üstünə qaldırırlar ki, Elxan bəy aqressiv cavab versin. Bununla da Elxan bəyi təxribata çəkib daha ağır cəza versinlər. İş o yerə çatıb ki, Elxan bəy normal qidalana da bilmir...", - AXCP-dən bildirilib.

AXCP-dən vurğulanıb ki, bu cür münasibət insult keçirmiş E.Əliyev üçün həyatı təhlükə yaradır: "Elxan bəyin verdiyi məlumata görə, bütün bunların başında Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidov durur. Məhz onun tapşırığı əsasında o hər gün təxribatla üz-üzə qalır".

Bu deyilənlərə Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma bu xidmətdən, bir qayda olaraq, iddia edirlər ki, onlar məhbuslarla qanun çərçivəsində davranırlar.

Xatırlatma

Müxalifətdə olan AXCP-nin hazırda 15-dək üzvü uzunmüddətli həbsdədir. Onlar müxtəlif ittihamlarla üzləşsələr də, partiya onların hamısının siyasi sifarişlə həbs olunduğunu bildirir.

Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbus olması ilə bağlı iddiaları rədd edir. Onlar vurğulayırlar ki, siyasi məhbus siyahısında yer alan şəxslər sırf törətdikləri əməllərə görə məhkum ediliblər.

Bəzi hüquq müdafiəçilərinin hesablamalarına görə, hazırda Azərbaycanda 328 siyasi məhbus var.

XS
SM
MD
LG