Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Ədliyyə Nazirliyini məhkəməyə verib. Bu barədə AzadlıqRadiosuna məlumat verən vəkil Fəxrəddin Mehdiyev bildirib ki, iddia ərizəsi 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə təqdim olunub.
Ədliyyə Nazirliyi AXCP-nin sentyabrın 27-də keçirdiyi qurultayın nəticələrini qeydə almaqdan imtina edib. İmtinaya səbəb kimi, bir müddət əvvəl AXCP-dən ayrılmış Razi Nurullayevin də AXCP "Etimad qurultayı" adı ilə sənəd təqdim etməsi göstərilib. Nazirlik "eyni hüquqi şəxsin rəhbər orqanlarının formalaşdırılması barədə bir-birinə zidd olan müraciətlərin daxil olduğunu nəzərə alaraq" AXCP-nin qurultayının nəticələrinə dair sənədləri geri qaytarıb. İmtina qərarında həmçinin AXCP-yə mübahisəli məsələni həll etmək üçün məhkəməyə müraciət etmək tövsiyə olunub.
AXCP məhkəmədən nazirliyin imtina qərarının qanunsuz hesab olunması və qurultayın nəticələrinə dair məlumatların dövlət reyesterinə daxil edilməsi barədə qərar çıxarılmasını istəyir.
Qeyd edək ki, "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanuna əsasən, hüquqi şəxslər, o cümlədən siyasi partiyalar sənədlərdə dəyişiklik olarsa, 40 gün müddətində müvafiq məlumatların dövlət reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə müraciət etməlidir.