Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:55

AXCP məhbusu: 'Bu dövlətin yox, hakimiyyətin verdiyi hökmdür...'


“Bu gün Şuşanın işğalı günüdür. Azərbaycan hərb tarixinin ən möhtəşəm əməliyyatlarından biri olan Başkənd əməliyyatının təşkilatçısı məhz Saleh Rüstəmov olub. Bu əməliyyat nəticəsində 46 kvadrat kilometr ərazimiz azad olunub. Bu adamı saxta ittihamlarla cəzalandırmaq əvəzinə, ona Milli Qəhrəman adı vermək lazımdır. Bunu demirik, heç olmasa, onun işinə obyektiv baxın…” – bunları vəkil Bəhruz Bayramov məhkəmədə Gədəbəyin keçmiş icra başçısı Saleh Rüstəmov haqqında deyib.

Rusiya vətəndaşı, 1998-ci ildən bu ölkədə yaşayıb bizneslə məşğul olan Saleh Rüstəmov AXCP-yə maliyyə yardımında ittiham olunaraq həbs edilib. Saleh Rüstəmov və onunla birlikdə mühakimə olunan daha dörd nəfərin – qardaşı oğlu Vidadi Rüstəmli, AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmov, partiyanın Nərimanov şöbəsinin sədr əvəzi Babək Həsənov və Gənclər Komitəsinin Məclis sədri Ruslan Nəsirovun haqqındakı hökmdən verilən şikayətə baxılıb.

Mayın 8-də Bakı Apellyasiya Məhkəməsində həm təqsirləndirilən beş nəfər, həm də onların vəkilləri çıxış edib. Vəkillər deyib ki, ittihamlar saxtadır, bu adamlar heç bir cinayət törətməyib.

“Fləş-hökmlər”

Saleh Rüstəmovun vəkili İlhamə Həsənova bildirib ki, sabiq icra başçısı Rusiyada fəaliyyət göstərdiyi halda, onu Azərbaycanda qanunsuz sahibkarlıqda ittiham eləmək absurddur:

“Qanunsuz sahibkarlığın subyekti ancaq Azərbaycanda sahibkarlıqla məşğul olan adamlar ola bilər. Bu iş üzrə istintaq vaxtı Rusiyaya sorğular göndərilib. Cavab gəlib ki, Saleh Rüstəmov qanuni fəaliyyət göstərib, bütün vergilərini də ödəyib. Azərbaycandakı siyasi dustaqların ailələrinə göndərmək üçün Rusiyada pul toplanıb. Pul verən şəxslər də məhkəmədə dindirildi, məlum oldu ki, işləyib qazandıqları puldan 20-50 manat yardım ediblər. Cinayət yolu ilə əldə olunmuş vəsait hardan oldu?”

Vəkil Bəhruz Bayramov müvəkkilinin ata evinin, bacı-qardaşının, onların övladlarının əmlaklarının müsadirə olunmasından danışıb:

“Bacısı qızı Türkiyədə həkimdir, özünə Bakıda əmlak alıb, onu da müsadirə ediblər. Yaxud atasının hələ Saleh Rüstəmov anadan olmamışdan öncə tikdiyi evi. Əvvəla, Saleh Rüstəmovun AXCP-yə 712 min manat göndərməsi yalandır, bilinmir ki, bu rəqəm hardan götürülüb. Hətta doğrudursa belə, bu adam kimə ziyan vurub? O pul ölkəyə gəlib, buna görə adamın bütün nəslinin əmlakını müsadirə eləməzlər ki…”

Vəkil Aqil Layıcov deyir ki, bu cinayət işində istintaqı aparanlardan tutmuş, hakimlərə qədər hamı bu adamların günahsız olduğunu bilir. Vəkilin sözlərinə görə, bu adamların əməllərində cinayət tərkibi yoxdur, əsl cinayət onlara verilən işgəncələr, sübut olmadan barələrində ittiham hökmü çıxarmaqdır:

“Bu insanlara cəmiyyət bəraət verib. Hüquqi müstəvidə də ədalət gec-tez bərqərar olacaq”.

Saleh Rüstəmov
Saleh Rüstəmov

Vəkil Fariz Namazlı bildirib ki, ittihamda cinayətin 2016-2018-ci illərdə baş verdiyi iddia olunur. Amma müsadirə olunan əmlaklar uzun illər öncə alınıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündə əmlakların müsadirəsi ilə bağlı heç bir əsaslandırma da yoxdur.

Vəkil Cavad Cavadov bu iş üzrə hökmün ittiham aktında yazılanları köçürməklə çıxarıldığını, hətta orfoqrafik səhvlərin, cümlələrin də eyni olduğunu söyləyib:

“Rusiyada vəkillər arasında “fləş hökmlər” ifadəsi var. Yəni ittiham aktı fləş-kart vasitəsilə məhkəmədə hökmə köçürülür. Bu da həmin hökmlərdəndir. Bu işdəki ittihamlar absurddur. Birinci instansiya məhkəməsində bir şahid ifadə verdi, dedi ki, Ramazan ayı idi, fitrə kimi yardım göndərdim. İndi fitrə pulunu cinayət yoluyla əldə olunmuş vəsait sayırlar”.

“Əli Kərimlini cəzalandırmaq üçün düzüb-qoşublar”

Təqsirləndirilən şəxslər qısa danışıb.

“Güman eləmirəm ki, deyəcəyim nəsə əlinizin altındakı hökmə təsir göstərəcək. Bircə onu demək istəyirəm ki, mən cinayətkar deyiləm, heç bir cinayət törətməmişəm”, – Saleh Rüstəmov belə deyib.

Aqil Məhərrəmov bu cinayət işinin siyasi sifariş əsasında, AXCP-nin fəaliyyətinə əngəl yaratmaq məqsədilə quraşdırıldığını bildirib.

Ruslan Nəsirov və Vidadi Rüstəmli özləri də daxil, bütün təqsirləndirilən şəxslərə bəraət verilməsini istəyib.

Babək Həsənov apellyasiya məhkəməsindən də ədalətli qərar gözləmədiyini bildirib:

“Biz Bakı Ağır Cinayətlər Məhkəməsinin verdiyi hökmü Azərbaycan dövləti adından qəbul etmirik. Bu, Azərbaycan hakimiyyəti adından verilmiş cəzadır. Bunu biz vətənimizi hakimiyyətdəkilərdən daha çox sevdiyimizə görə bizə verilən cəza kimi qəbul edirik. Bu qondarma ittihamların mahiyyəti başqadır. Birincisi, İlham Əliyevin sifarişilə Əli Kərimlini cəzalandırmaq üçün düzüb-qoşublar. İkincisi, artıq təngə gəlmiş xalqın ümid yeri olan AXCP-nin, Milli Şuranın qarşısını almaq üçün. Saleh Rüstəmovun qohumlarının əmlaklarının müsadirəsi də başqalarının gözünü qorxutmaq məqsədi güdür”.

Çıxışlardan sonra Namiq Məmmədovun sədrlik etdiyi hakimlər kollegiyası təxminən beş dəqiqəlik müşavirə ilə hökmün qüvvədə saxlanmasına qərar verib.

Xatırlatma

Aqil Məhərrəmov, Ruslan Nəsirov və Babək Həsənov ötən il mayın 25-də saxlanıblar.

Cəbhəçilərlə eyni cinayət işi üzrə təqsirləndirilən Saleh Rüstəmov mayın 8-də, Vidadi Rüstəmli isə mayın 10-da narkotik ittihamıyla saxlanmışdı.

Onların saxlanılması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) birgə məlumat da yayıb. Həmin açıqlamaya görə, AXCP funksionerləri və Saleh Rüstəmov çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunurlar.

Açıqlamada Saleh Rüstəmovun Rusiyadan AXCP-yə pul göndərdiyi, həbs edilmiş cəbhəçilərin həmin vəsaitləri Vidadi Rüstəmlidən alıb partiya rəhbərinə çatdırdıqları bildirilir.

İddialarda söhbət toplam 412 min dollardan gedir. Onlar CM-in 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Saleh Rüstəmov 7 il 3 ay, Aqil Məhərrəmov 4 il, Babək Həsənov isə 3 il azadlıqdan məhrum edilib. Vidadi Rüstəmli və Babək Həsənova şərti cəza verilib.

AXCP sədri Əli Kərimli ittihamı rədd edərək, “qurama iş” adlandırıb.

O bildirib ki, Saleh Rüstəmovla uzun illərdir dostdurlar. Dostu olaraq da bir neçə dəfə ona yardım edib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG