İl başlayandan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) 40-dan çox üzvü inzibati qaydada həbs edilib, onların çoxu 20-25 sutkalıq cəza alıb. Bu haqda AzadlıqRadiosuna partiya sədri Əli Kərimli danışır.
O, partiya üzvlərinin həbsini Mili Şuranın mitinqləri ilə bağlayır və hakimiyyətin qabaqlayıcı addımlar atdığını bildirir: «19 yanvar mitinqindən, izdihamdan qorxuya düşüblər. Daha izdihamlı mitinqlərin olmaması üçün iki siyasi xətt aparılır. Bir tərəfdən, mitinqin başlıca təşkilatçısı olan Xalq Cəbhəsinin funksionerlərini kütləvi şəkildə həbs edirlər, mitinq daha yaxşı hazırlanmasın deyə, əsasən təşkilatçılar həbs olunur. Digər tərəfdənsə, toplumun müxtəlif qruplarının vəziyyətini qismən də olsa yüngülləşdirmək məqsədilə sosial gərginliyi azaltmağa çalışırlar. İndi hakimiyyətin hədəfi kütləvi mitinqlərin qarşısını almaqdır».
Ə.Kərimli növbəti mitinq ərəfəsində daha çox cəbhəçinin həbs edilməməsi məqsədilə fevralın 26-da Xocalı abidəsini kiçik bir qrupla ziyarət etdiklərini söyləyir: «Bir çoxları axtarışdadır. Məqsəd budur ki, polisin axtardığı adamları orda kütləvi şəkildə tutmaq mümkün olmasın».
Ə.Kərimli buna qədər də AXCP üzvlərinin həbs edildiklərini deyir və ötən il Dirçəliş günü münasibətilə Şəhidlər xiyabanına yürüş zamanı polislə yaranan qarşıdurmada çoxsaylı həbslərin aparıldığını, 20 Yanvar günü 19 nəfərin saxlanıldığını yada salır.
«40 nəfər inzibati qaydada həbs edilən cəbhəçidən başqa, 15 siyasi məhbusumuz da var, onları tək qoya bilmərik. Amma hökumət istəyir ki, məhkəmə qabağında toplantı olmasın. Orda da üzvlərimizin həbsini aparırlar. Hökumət qəbir sükutu yaratmağa çalışır, cəbhəçilər də bunu pozur», – partiya rəhbəri dediklərinə əlavə edir.
Deputat: «Azərbaycan hakimiyyəti nədən çəkinməlidir?»
Hakim Yeni Azərbaycan Partiyasının üzvü, deputat Aydın Hüseynov isə AXCP sədrinin söylədikləri ilə razılaşmır, həbslərin toplumdakı siyasi fəallıqla bağlı olması haqda iddiaları rədd edir.
«Birincisi, Xalq Cəbhəsinin üzvlərinin həbs olunması ilə bağlı məndə elə bir məlumat yoxdur. İkincisi də, Azərbaycan hakimiyyəti nədən çəkinməlidir? Qanunu, Konstitusiyanı kim pozacaqsa, o, hansı partiyanın üzvü olursa olsun, siyasi mənsubiyyətindən, dinindən, irqindən asılı olmadan cavab verməli olacaq», – deputat A.Hüseynov bildirir. Bunu deyib söhbətə son qoyur.
«Bloklanmış saytlarda milyonu aşan baxışlar var idi»
Köşə yazarı Şahvələd Çobanoğlu son iki ayda 40-dan artıq AXCP üzvünün həbsini onların mübarizliyi, etiraz aksiyaları təşkil etmələri ilə əlaqələndirir. Onun qənaətincə, bu fəallıqdan əndişələnən hakimiyyət prosesi dayandırmağa, fəallığı söndürməyə çalışır.
Ş.Çobanoğlu başqa bir məqama da diqqət çəkir: «İqtidarın ciddi şəkildə narahat olduğu bir məsələ də var, AXCP-nin öncüllük etdiyi aksiyalara sosial şəbəkələrdə və saytlarda baxış gözlənilmədən artmışdı. Mitinq keçirilən günün axşamı artıq bloklanmış saytlarda milyonu aşan baxışlar var idi. Bundan narahat olan hakimiyyət də baş verənlərə reaksiya verməyə bilmir. Bu, onların fəallığına, siyasi azadlıqları qazanmaq istəklərinə qarşı atılan addımlardır, bu repressiyadır və prosesi dayandırmaq istəyidir».
Bununla belə, köşə yazarı repressiyalarla prosesi pərdələməyin, etirazları sakitləşdirməyin mümkün olmadığını deyir. O, etiraz aksiyalarına artıq geniş kütlələrin qatıldığını və bunun da sosial gərginlikdən, haqsızlıqdan qaynaqlandığını bildirir. Ş.Çobanoğlu hökumətin son addımlarını da bunun etirafı sayır. Ancaq köklü dəyişiklik olmasa, repressiyaların və ya maaşların, təqaüdlərin artımının effekt verməyəcəyini düşünür.
Beynəlxalq qurumların hesabatlarında Azərbaycan hakimiyyəti tənqidçilərini təqib və həbs etdiyinə, onlara işgəncə verdiyinə, basqı altında saxladığına görə tənqid olunur. Yerli və beynəlxalq hüquq müdafiəçiləri rəsmi Bakını siyasi məhbus sayılan şəxsləri azad etməyə çağırır.
Azərbaycan hakimiyyəti bu tənqidləri qəbul etmir, ölkədə sərbəst toplaşmaq, ifadə azadlığı kimi haqların təmin edildiyini bildirir.