Bu gün, yanvarın 28-də saxlandığı bildirilən AXCP üzvü Nicat Abdullazadənin sərbəst buraxıldığı açıqlanıb.
Bu barədə AXCP-dən bildiriblər.
Nicat Abdullazadənin özü də AzadlıqRadiosuna deyib ki, onu polisdə 3 saat saxladıqdan sonra sərbəst buraxıblar:
"Məndən yanvarın 13-də inzibati qaydada 30 gün həbs olunan partiya üzvü Zamin Salayevin müdafiəsi ilə bağlı keçirilən aksiyalar barədə soruşdular. Mən isə bildirdim ki, bununla bağlı heç bir məlumatım yoxdur. Sonra isə sərbəst buraxıldım".
Amma o bununla bağlı bölmə və ya idarə adı açıqlamayıb.
Yanvarın 13-də başqa bir AXCP üzvü Zamin Salayev Bakıda saxlanarkən Nicat Abdullazadə də onun yanında olub.
Zamin Salayev ictimai asayişi pozmaqda günahlandırılıb.
Bu ittihamı qurama sayan AXCP-nın bir qrup qadın fəalı bir neçə gün öncə Bakının mərkəzində“Əlzamin Salayevə ( Zamin Salayevə partiya yoldaşları Əlzamin deyirlər-red) azadlıq” şüarı ilə etiraz aksiyası keçirmişdilər.
Nicat Abdullazadənin bu dediklərinə isə, hələlik, Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.
***
Bundan əvvəl verilən xəbərdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Nicat Abdullazadəni bu gün, yanvarın 28-də mülki geyimli şəxslərin saxladığı bildirilirdi.
Bu barədə AzadlıqRadiosuna partiyadan məlumat verilib:
"N. Abdullazadə metronun “Nəriman Nərimanov” stansiyası tərəfində saat 16:00 radələrində üç mülki geyimli şəxs tərəfindən naməlum istiqamətə aparılıb".
Partiyadan qeyd etdikləri 3 mülkü geyimli şəxsin hüquq mühafizə əməkdaşları olduğunu güman edilir.
AXCP-də hesab edirlər ki, Nicat Abdullazadə sosial şəbəkədə yazdığı tənqidi statuslarla əlaqədar saxlanıb.
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən “Turan” agentliyinə bildiriblər ki, bu deyilənlər araşdırılan kimi məlumat veriləcək.
Nicat Abdullazadə AXCP-nin fəal üzvlərindəndir. O, son illər bir neçə dəfə inzibati qaydada həbs edilib.
Partiyadan bütün bunları onun siyasi fəaliyyəti ilə bağlayıblar. Rəsmilər isə bir qayda olaraq vurğulayırlar ki, Azərbaycanda heç kim dinc,siyasi fəaliyyətinə görə, basqılara məruz qalmır.