Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 08:54

Üstündə avtokratın şəkli olan ‘demokratiya’ medalı


Emomali Rahmon
Emomali Rahmon

AzadlıqRadiosunun müxbiri Ron Synovitz yazır ki, postkommunist dünyanın demokratik azadlıqları olmayan ölkələrindən birinin ən repressiv lideri, Tacikistan prezidenti Emomali Rahmon qızıl “demokratiya” medalı təsis edib. “Demokratiya” medalı ilə təltif edilənlərə nəqd pul, bir də prezidentin barelyefi həkk olunmuş qızıl medal veriləcək.

Fevralın 2-də imzalanmış fərmanla təsis edilən "Emomali Rahmon – Millətin Lideri” medalı ilə “demokratiyanın inkişafında müstəsna rolu olan” şəxslər mükafatlandırılacaqlar.

Bu medala həm taciklər, həm də əcnəbilər layiq görülə bilərlər.

Rahmonun fərmanında deyilir ki, medal və onunla birlikdə ödənəcək 125 min somoni (14 min dollar) hər üç ildən bir veriləcək, amma ilk medala kimin layiq görüləcəyi hələlik bəlli deyil.

Rahmon 1992-ci ildə hakimiyyəti ələ alandan bəri bu ölkədə bircə seçki də rəqabətli və ədalətli olmayıb.

Məsələn 2015-ci ildə keçirilmiş milli seçkilər barədə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Ofisinin hesabatında deyilir ki, səsvermə “məhdud siyasi məkanda”, ifadə azadlığının boğulduğu və toplaşma azadlığının mövcud olmadığı şəraitdə keçirilib.

Şəxsiyyətə pərəstiş

Rahmon da Mərkəzi Asiyanın əksərən ömürlük prezidentləri kimi öz şəxsiyyətinə pərəstiş kultu yaradıb.

Vaşinqtonda mənzillənmiş insan haqları təşkilatı Freedom House-un “Ölkələr keçiddə” hesabatında Tacikistanın 2008-ci ildən bəri “möhkəmləndirilmniş avtoritar rejim” olduğu göstərilir.

Tacik uşaqların əksəriyyəti Rusiyada miqrant əməyi ilə məşğul olan atalarını yalnız telefonda görür
Tacik uşaqların əksəriyyəti Rusiyada miqrant əməyi ilə məşğul olan atalarını yalnız telefonda görür

Bu hesabatda deyilir ki, Tacikistanın seçkiləri diktatura hakimiyyətinin möhkəmləndirilməsinə və ömrünün uzadılmasına xidmət edir. Bu da qeyd olunur ki, Tacikistan hökuməti nə demokratikdir, nə də hesabatlıdır.

Freedom House təşkilatının son hesabatında isə demokratik idarəetmə və ədliyyənin müstəqilliyi sahəsində Tacikistan ən pis göstəricilərə layiq görülüb.

Hesabatın müəllifi Edward Lemon deyib ki, Rahmon ölkədə faktiki olaraq birpartiyalı avtoritar sistem yaradıb.

Tacikistan parlamenti 2015-ci ildə Rahmona və onun ailəsinə mühakimədən ömürlıük immunitet verən qanunu qəbul edib. Təbii ki, bu qanunu immunitet sahibinin özü imzalayıb. Elə həmin qanuna görə Rahmon “Tacikistan birliyinin və sülhünün banisi – millətin lideri” tituluna layiq görülüb.

Tacikistan məhkəmələri tez-tez müxalifət nümayəndələri barədə uzun həbsxana cəzası barədə hökmlər çıxarır.

Varisə hazırlıq

Bu yaxınlarda Tacikistan parlamentinin aşağı palatası prezident və parlament seçkisi haqqında qanunlara dəyişiklikləri qəbul edib. Qanunların yeni redaksiyasında prezidentlik və parlamentin yuxarı palatasına üzvlük üçün yaş senzi 35-dən 30 yaşa endirilir.

Qanun dəyişikliyi fevralın 7-də 2016-cı ilin mayında keçirilmiş referendumun nəticəsinə uyğun olaraq qəbul edilib.

Emomali Rahmon (sağda) və oğlu Rustam Emomali (onun yanında)
Emomali Rahmon (sağda) və oğlu Rustam Emomali (onun yanında)

Belə görünür ki, yaş senzinin aşağı salınması prezident Emomali Rahmonun hazırda 30 yaşı olan oğlu, Düşənbə meri Rustam üçün edilib. Təhlilçilər bidirirlər ki, bu Tacikistanda hakimiyyətin erkən ötürülməsinə imkan verəcək.

Tacikistanda növbəti prezident seçkisi 2020-ci ildə keçirilməlidir.

Qanuna edilmiş dəyişikliklər habelə xaricdən, xarici vətəndaş və təşkilatlardan maliyyə dəstəyi alan şəxslərin prezident və parlament üzvləri postlarını tutmasını qadağan edir.

Bundan başqa yeni qanunvericiliyə görə prezidentliyə namizədliyi rəsmən təsdiq edilmiş şəxslər Mərkəzi Seçki Komissiyasının qərarı ilə saxlana və ya həbs oluna bilərlər.

Bundan sonra yeni qanun parlamentin yuxarı palatasında qəbul edilməli və Rahmon tərəfindən təsdiqlənməlidir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG