Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:17

Avtobusla qatarın toqquşması işi: 'Şlaqbaum açıq olub'


Qatar sərnişin dolu avtobusu vurdu
Gözlə

No media source currently available

0:00 0:10:45 0:00

Qatar sərnişin dolu avtobusu vurdu

Ötən il Binə qəsəbəsində üç nəfərin öldüyü, onlarla adamın yaralandığı yol-nəqliyyat hadisəsi məhkəmədə araşdırılır. Hadisə 160 saylı marşrut xəttindəki sərnişin avtobusu ilə qatarın toqquşması nəticəsində baş vermişdi. Bu hadisəyə görə iki nəfər cinayət məsuliyyətinə cəlb olunub - avtobusun sürücüsü Əlixan Şirəliyev və dispetçer Mübariz Fərəcov.

Sürücü dəmiryol keçidində şlaqbaum bağlı olduğu halda, hərəkəti davam etdirib qəzanı törətməkdə, dispetçer isə reys öncəsi onu tibbi müayinədən keçirmədən xəttə buraxmaqda suçlanır.

Ə.Şirəliyev özünü qismən təqsirli bilib, M.Fərəcov isə ümumiyyətlə, ittihamı qəbul etmədiyini deyib.

Zərərçəkənlər onlara qarşı mülki iddialar qaldırıb, dəymiş ziyana görə pul tələb edirlər. Amma təqsirləndirilən şəxslər mülki iddiaları da qəbul etmirlər.

Ə.Şirəliyev ifadəsində deyib ki, əslində, həmin gün onun iş günü deyildi: «Biz normalda səhər saat 5-də işə başlayırıq. Birinci-ikinci reysdə müayinədən keçirik, içkili olub-olmadığımız yoxlanılır. Həmin gün işdə deyildim. Günorta Elşən dedi ki, özünü pis hiss eləyir, xahiş elədi ki, bir-iki reys mən sürüm. Sonuncu dayanacaqda Mübariz içkili olub-olmadığımı yoxladı, işə başladım».

«Qatarı vuranda gördüm»

Təqsirləndirilən sürücü bildirir ki, ittihamda düz yazılmayıb, hadisə vaxtı dəmiryol keçidində şlaqbaum açıq olub, ona görə keçib. Amma avtobusun içində sərnişin çox olub, ona görə sağ tərəfi görə bilməyib: «Qatarı vuranda gördüm. Qatarı görməmişəm, buna görə özümü qismən təqsirli bilirəm».

Qəza nəticəsində özünün də qolunun sındığını deyən sürücünün sözlərinə görə, o, gücü çatdığı qədər sərnişinlərin avtobusdan çıxarılmasına yardım edib.

Ekspertiza rəy verib ki, Ə.Şirəliyev hadisə günü onda kəsin intoksikasiya yaradan preparat qəbul edib. Amma sürücü bu rəylə razılaşmır.

Ə.Şirəliyev bundan öncə də yol qəzasına görə məsuliyyətə cəlb olunub. O, həmin hadisə barədə bunları deyib: «Qarşımda adam öldürmüşdülər. Meyiti tapdamamaq üçün əyləci basdım, kənara çəkdim».

Zərərçəkənlər isə sürücüdən şikayətçidir. İddia edirlər ki, o, hadisə günü dərman qəbul edib, özündə olmayıb: «Bu adam yalan danışır, hadisədən əvvəl «Mercedes»lə mübahisə edib. Bir az da sürətlə gedib və bu hadisə baş verib».

Aprelin 30-da keçiriləcək növbəti məhkəmə iclasında təqsirləndirilən dispetçer və zərərçəkənlər ifadə verəcək.

Təqsirləndirilən sürücü həbsdədir, dispetçer isə yox. Ə.Şirəliyev CM-in 263.3 (iki və daha çox şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmə), M.Fərəcov isə 265-1.3 (ümumi istifadədə olan nəqliyyat vasitəsinin istismara verilməsi qaydasını pozma - iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham olunur. İttiham sübuta yetirilərsə, sürücünü 10, dispetçeri isə 8 ilə qədər həbs cəzası gözləyir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG