Avstriya kansleri Sebastian Kurz ölkə parlamentində etimad səsverməsindən keçə bilməyib.
Etimad səsverməsi barədə qərar onun koalisiya hökuməti ilə bağlı siyasi qalmaqal qopandan sonra qəbul edilmişdi.
Parlamentdə mayın 27-də keçirilən səsvermədə kanslerə etimad göstərilməməsi qərarını Sosial Demokrat Partiyasından və ifrat sağçı Azadlıq Partiyasından olan millət vəkilləri dəstəkləyiblər.
Maraqlıdır ki, məhz sözü gedən qalmaqallı videonun “səbəbkarı” və ötən həftəyədək Kurzla koalisiyada olan Azadlıq Partiyası da kanslerə etimadsızlıq göstərilməsini dəstəkləyib. Kurz bu partiyanı ötən həftə koalsiyadan çıxarmışdı.
İndi prezident Alexander van der Bellen gələn parlament seçkisinə qədər hakimiyyətdə olacaq hökumətin tərtibi üçün yeni kansler təyin etməlidir.
Avstriyada siyasi böhran ötən həftə 2017-ci ildə gizli çəkilmiş bir videonun açıqlanması ilə başlanmışdı. Həmin videoda keçmiş vise-kansler Heinz-Christian Strache-nin bir rusiyalı mənfəətdara siyasi ianə müqabilində kontraktlar təklif etdiyinin göründüyü iddia edilirdi.
Azadlıq Partiyasını təmsil edən Strache mayın 18-də hökumtədən istefa etmişdi.
Özünün antimühacir proqramından və ifrat sağçı ekstremistlərlə bağlarına dair şübhələrdən başqa, Azadlıq Partiyasının habelə Rusiya maraqlarına xidmət göstərdiyi iddia olunur.
Mayın 17-də dərc edilmiş videoda Strache-nin özünü Rusiyadan olan zəngin potensial donor kimi təqdim edən bir qadına hökumət kontraktları təklif etdiyi iddia edilir. Videodakı qadın rusca danışır və özünü Rusiyalı oliqarxlardan birinin qardaşı qızı kimi təqdim edir.
Der Spiegel məcmuəsində dərc edilmiş bu videoda Azadlıq Partiyasının başqa bir lideri almancadan ruscaya tərcüməçilik edir.
Videonun 2017-ci ilin iyulunda Strache-nin Azadlıq Partiyasını hökumətə gətirən və onun özünü vise-kansler edən seçkidən üç ay əvvəl İspaniyanın İbiza kurort adasında çəkildiyi bildirilir.