Avropa İttifaqı və ATƏT-in Minsk qrupu Yerevana və Bakıya məsələlərin həllində kömək etməyə hazırdırlar, amma bu köməyi qəbul etməyi hər iki tərəf istəməlidir.
AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bu sözləri fevralın 2-də Yerevanda Avstriya xarici işlər naziri Aleksandr Şallenberq ermənistanlı həmkarı Ararat Mirzoyanla birgə keçirdiyi mətbuat konfransında deyib.
Şallenberq Yerevana və Bakıya müraciətində bildirib ki, beynəlxalq birlik tərəflərin siyasi iradəsini əvəz edə bilməz:
“Beynəlxalq birliyə həm Yerevan, həm Bakı, həm azərbaycanlılar, həm də ermənilər, həm də onların bu istiqamətdə irəliləmək üçün iradə nümayiş etdirməsi lazımdır. Biz bilirik ki, yaralar hələ sağalmayıb, problemlər var – status məsələsi, sərhədlər məsələsi və Dağlıq Qarabağda bir sıra problemlər. Məndə belə bir təəssürat yaranıb ki, ötən yaydan fərqli olaraq düzgün istiqamətdə addımların atılması müşahidə olunur”.
Şallenberq əlavə edib ki, beynəlxalq birlik problemlərin yalnız bir qisminin həllində kömək edə bilər.
“Biz, beynəlxalq birlik kimi yalnız yolun bir hissəsini sala bilərik. Mən hazırda düzgün addımların atılmasına hazırlıq görürüəm. Bu, cəsarət tələb edir və hər iki ölkənin liderlərinə lazımdır”.
Mirzoyan Azərbaycandan şikayət edib
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ölkəsinin regionda sülhə can atmasından söz açıb və Azərbaycanın əks mövqe tutmasından şikayətlənib:
“Düşünürəm ki, siz və bütün dünya gördünüz ki, Ermənistan Respublikası regionda həqiqətən də sülhün qurulmasını, bütün mürəkkəb məsələlərin həllini istəyir və buna hazırdır. Amma biz burada təəssüflə qeyd etməliyik ki, rəsmi Bakıdan bunlara tamamilə əks mesajlar alırıq”.
Mirzoyan Azərbaycanın “antierməni ritorikasından, sərhəddə aqressiv addımlarından, humanitar problemlərin həll olunmamasından, Bakının hələ də erməni əsirləri saxlamasından” narazılığını bildirib:
"Təəssüflə deməliyik ki, Azərbaycan beynəlxalq təşkilatlar məsələsinə yanaşmada qeyri-konstruktivlik nümayiş etdirir. Onlar bunu təkcə başqa beynəlxalq təşkilatlara yox, həm də Qırmızı Xaç Komitəsinə tətbiq edirlər. Bu yeganə təşkilat idi ki, Dağlıq Qarabağda mövcudluğu var idi. Azərbaycan indi ona da məhdudiyyət qoyub”.
Azatutyun yazır ki, Ermənistan tərəfi münaqişənin tənzimlənməsində ATƏT-in Minsk qrupunun iştirakında israr edir, amma Azərbaycan prezidenti İlham Əliyev artıq heç bir münaqişənin olmaması barədə bəyanatlar verir.
Rəsmi Bakı Minsk qrupunun yalnız humantiar məsələlərdə iştirakına razıdır.
Daha bir regional “tənlik” – 3+1
Aleksandr Şallenberq Ermənistana səfəri əsnasında Avropa İttifaqının zəngin potensialı olan üç Cənubi Qafqaz ölkəsinə - Azərbaycan, Gürcüstan və Ermənistana dəstək verməyə hazır olduğunu bildirib.
O bildirib ki, Cənubi Qafqaz ölkələrinin zəngin təbii və insan resursları var, lakin “qırmızı xətlər” bu potensialın reallaşdırılmasına maneçilik törədir.
Avstriya naziri deyib ki, Aİ bu məsələdə üç Cənubi Qafqaz ölkəsinə kömək etməyə hazırdır:
"Aİ, əgər bu mümkündürsə, kömək etməyə hazırdır. Biz qarşılıqlı əlaqələr, avtomobil və dəmir yolları, elektrik şəbəkələri barədə danışmışıq. Bütün bunlar 3+1 formatının inkişaf etdirilməsinə kömək edə bilər”.
Ötən ilin sonlarında Türkiyə prezidenti Recep Tayyip Erdoğan Cənubi Qafqazda sülh və stabilliyin bərqərar edilməsi üçün - üç Cənubi Qafqaz ölkəsinin, habelə Rusiya, Türkiyə və İranın iştirakilə 3+3 formatını təklif etmişdi.
Rusiya, İran, Azərbaycan və Ermənistan bu formata qoşulmağa razılaşıblar. Gürcüstan bu formatda iştirakdan imtina edib.