Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:32

Gələn il 'Avroviziya' yarışması bir İsrail şəhərində keçiriləcək


Avroviziya yarışması, İsrail təmsilçisi finalda Portuqaliya, 12 may 2018.
Avroviziya yarışması, İsrail təmsilçisi finalda Portuqaliya, 12 may 2018.

İsrailin dörd şəhəri "Avroviziya - 2019" beynəlxalq mahnı festivalını keçirməyə iddialıdır. Bu məlumatı ölkənin Maliyyə Nazirliyinə istinad edən bölgə KİV-ləri yayıb.

Necə oldu ki, «Avroviziya» zəhlətökən olmağa başladı?

Mahnı müsabiqəsi Qüds, Tel-Əviv, Hayfa, yaxud Eylatda keçirilə bilər. Mənbənin məlumatına görə, İsrailin “Kan” teleradioyayım şirkətinin nümayəndələri yarışmanın keçirilməsinə 16-22 milyon dollar tələb ediblər.

İsrailin “360” telekanalı müsabiqənin ilk vaxtlar Qüdsdə keçiriləcəyindən söhbət getdiyini xatırladıb. İsrail baş naziri Beniamin Netanyahu bunu mayda - ölkənin bu il Portuqaliyada keçirilən müsabiqədəki təmsilçisi, müğənni Netta Barzilainin qələbəsindən sonra açıqlamışdı. Sonradan Cenevrədə yarışmanın administrasiyası - EBU “Avroviziya-2019”un başqa şəhərdə keçirilməsi fikrinin daha cəlbedici olduğunu bildirdi.

Avroviziya
Avroviziya

Tanınmış bəstəkar və prodüseri Roman Alekseev Rusiyanın "İzvestiya" qəzetinə bildirib ki, hazırda İsrailin qonşuları və bir sıra Avropa ölkəsi yarışmanın administrasiyasına təzyiq göstərməkdədir. Onun sözlərinə görə, avropalılar yarışmanın 2017-ci ildə olduğu kimi siyasiləşməsindən çəkinirlər. Rusiya tərəfinin fikrincə, ötən il Ukraynada keçirilən müsabiqədə ev sahibi fürsətdən faydalanaraq, Rusiyadan qisas almağa çalışıb.

İddialı şəhərlərə baxış keçiriləcək?

Rusiyanın gazeta.ru nəşri yazır ki, hazırda İsraildə Avroviziya standartlarına cavab verən tək məkan Tel-Əvivdə yerləşən şəhər yarmarkalar mərkəzinin bir pavilyonudur. Mahnı yarışmasının keçiriləcəyi şəhər dəqiq bilinənədək İsrailin bu ada iddialı şəhərlərinə baxış keçiriləcək.

İsrail daha öncə iki dəfə, 1979 və 1999-cu illərdə “Avroviziya”ya ev sahibliyi edib. Hər iki halda yarışma Qüdsdəki Binyanei Hauma Mərkəzində keçirilib. Ancaq məsələ burasındadır ki, bu mərkəz ən çoxu 3 min 100 tamaşaçı tutur. Müsabiqə isə son 20 ildə çox böyüyüb. Üstəlik, indi finaldan əlavə iki yarımfinal da keçirilir.

Qüds bələdiyyəsinin sözçüsü bildirib ki...

Qüds, Köhnə Şəhər , 13 may 2018
Qüds, Köhnə Şəhər , 13 may 2018

Qüds bələdiyyəsinin sözçüsü bildirib ki, yarışma bu şəhərdə keçirilərsə, məkan kimi ya 15 min 600 nəfərlik Pais arenası, ya da 31 min tamaşaçı tutan Teddy Futbol stadionu gözdən keçiriləcək.

Avroviziya qaydalarına görə, qalib ölkə yarışmaya ev sahibliyindən imtina da edə bilər. Maraqlıdır ki, İsrail iki il ard-arda qalib olduqdan sonra bu imkandan yararlanıb. Yəni 1979-cu ildə ev sahibliyi etdiyi yarışmada ikinci dəfə qalib olub, ancaq 1980-ci ildə keçirilən yarışmaya ev sahibliyi etməkdən boyun qaçırıb. O zaman ölkə rəhbərliyi bu addımı iqtisadi səbəblərlə izah etmiş, ard-arda iki il belə bahalı tədbirin keçirilməsinə maddi imkanının çatmayacağını bildirmişdi.

Tək məkan Tel-Əvivdəki pavilyon?

İsrailin maliyyə naziri bildirib ki, Tel-Əvivdəki pavilyon müsabiqənin təşkilati və siyasi tələblərinə cavab verən tək məkandır. Tikintisi 2015-ci ildə başa çatmış pavilyon 400 milyon şekellik (təxminən 109,7 milyon dollar və ya 186 milyon 490 min manat – red.) investisiyaya başa gəlib.

Gələn il keçiriləcək yarışmanın dəqiq vaxtı hələ müəyyənləşdirilməsə də, onun Xatirə və Müstəqillik günlərindən sonraya – 17 və ya 24 maya təsadüf edəcəyi bildirilir.

Hazırlıq prosesi, hələlik, başlanğıc mərhələsindədir. Bu üzdən Avroviziya-2019 yarışmasının təşkilat komitəsi uçuş bileti almağa tələsməməyi tövsiyə edib.



AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG