Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:22

Avstriya qalmaqalı Avropa populistlərinin populyarlığını azaltmır


Soldan sağa: Heinz Christian Strache, Marine Le Pen və Matteo Salvini
Soldan sağa: Heinz Christian Strache, Marine Le Pen və Matteo Salvini

AzadlıqRadiosunun müxbiri Rikard Jozwiak yazır ki, bir çox avstriyalılar vise-kansler və ifrat sağçı Azadlıq Partyasının (FPÖ) lideri Heinz-Christian Strache-nin rüsvay olub gözdən düşəcəyi günü çoxdan gözləyirdilər. Nəhayət onun, özünü rusiyalı oliqarxın qardaşı qızı kimi təqdim edən qadınla hökumət kontraktlarını müzakirə etdiyini göstərən videonun faş olması ilə həmin gün gəlib çatdı.

İki il bundan əvvəl, İbizadakı oteldə baş verənlərin kim tərəfindən videoya çəkildiyini, iki ildən sonra bu videonun kimin və niyə sızdırdığını, bunun məhz Avropa Parlamentinə seçkiyə iki həftə qalmış baş verməsinin təsadüf olub-olmadığını heç kəs bilmir. Bu hadisəni indi Vyanada sampan və şadyanalıqla bayram edənlər üçün bunun heç əhəmiyyəti də yoxdur.

Lakin şampanın qazı tezliklə qaçacaq. Ola bilsin Strache də çıxıb gedəcək, amma onun kimi başqa populistlər qalır və gələn həftə keçiriləcək Avropa Parlamenti seçkisində və yaxın gələcəkdə onların öz işlərini uğurla davam etdirəcəkləri gözlənir.

Doğrudur, bu qalmaqalın ardınca Heinz-Christian Strache-nin partiyasından olan bütün nazirlərin istefasına, hökumətin qeyri-müəyyənliyinə və mühafizəkar kansler Sebastian Kurz-a etimad səsverməsinin gələn həftəyə təyin edilməsinə baxmayaraq videodan sonra keçirilmiş ilk rəy sorğusu Avstriyada inqilab baş vermədiyini göstərir.

Rəy sorğusuna görə hakim ÖVP bir qədər də dəstək toplayıb və rəyi soruşulanların 38 faizinin dəstəyinə malikdir. Doğrudur, müxalif sosial-demokratların da mövqeyi yaxşılaşıb. İndi onların reytinqi 26 faizdir. Amma bundan əvvəl 20 faizin dəstəyinə malik FPÖ-nün reytinqi 16-ya düşüb.

Buna baxmayaraq anti-Avropa partiyası olan FPÖ-nun dəstəyi iki ən güclü avropayönlü partiyanın dəstəyindən hələ də iki dəfə çoxdur. Əlbəttə ola bilsin ki, qarşıdan gələn həftələrdə vəziyyət dəyişsin, amma bəlli olanı budur ki, Avstriyada və Qərbin başqa yerlərində cəmiyyətlərin böyük kəsimləri heç nəyə baxmayaraq populistləri dəstəkləyir.

Avstriyada 1999-cu ilin seçkisində 26, 9 faiz səs toplayan FPÖ-nün reytinqi heç vaxt 10 faizdən aşağı düşməyib. 2016-cı ildə keçirilən prezident seçkisində isə elektoratın 46 faizi ikinci dövrədə FPÖ namizədi Norbert Hoferi dəstəkləyib. Hərçənd qalib Yaşıllar Partiyasından Alexander Van der Bellen olub.

Bu da deyilməlidir ki, bu ötən müddətdə bu partiyanın adı gah neonasist əlaqələrində, gah Rusiya ilə şübhəli bağlarda, gah da pis davranışla bağlı hallanıb. 1999-cu ilin seçkisindən sonra FPÖ-nün hökumətə dəvət edilməsinə görə Avropa İttifaqı Avstriya üzərinə hətta sanskiyalar da qoyub.

Amma populistlərin populyarlığı azalmır ki, azalmır.

Eyni hal Avropa qitəsinin başqa yerlərində də müşahidə olunur.

Strache-nin fransalı, italiyalı, britaniyalı əqidədaşları Marine Le Pen, Matteo Salvini və Nigel Farage-ın adı ilə bağlı da qalmaqallar baş verib.

Lakin indi bu üçlük öz ölkələrində Avropa Parlamenti seçkisinin yarışına liderlik edir. Unutmayaq ki, burada söhbət Avropa İttifaqının 4 böyük ölkəsinin üçündən gedir.

Belə görünür ki, Avstriyada baş vermiş video qalmaqalı qitə boyunca populistlərin Brüssel və Strasburqa müzəffər yürüşünü səngidə bilməyəcək.

Üstəlik, Strache ötən həftə bu qalmaqalın ona qarşı çirkli kampaniya olduğunu deyəndə tərəfdarları ona inanıblar.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG