Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 10:08

Ölənlərin qohumları hökumətdən araşdırma tələb edirlər


Britaniyada koronavirusdan ölənlərin 500-dək yaxınları və qohumları hökumətin pandemiya ilə necə mübarizə apardığının dərhal araşdırılmasını tələb edirlər.

Özünü “COVID-19 qurbanları üçün ədalət” adlandıran qrup bildirir ki, gələcək ölümlərin, habelə pandemiyanın mümkün ikinci dalğasının önlənməsi məqsədilə “epidemiya dərsləri” yaxşıca öyrənilməlidir.

The Independent yazır ki, belə bir rəsmi təhqiqata bir qədər sonra başlanıla bilər.

Bu qrupun təsisçisi inanır ki, şəxsən onun atasının ölümünün qarşısını almaq olardı.

Matt Fowler BBC Radio 4-ə deyib ki, atasının cəmi 56 yaşı vardı və bu dünyanı çox-çox erkən tərk edib:

“Mən tamamilə əminəm ki, əgər pandemiyaya qarşı tədbirlər qaydasında aparılsa idi atamın ölümünün qarşısını almaq olardı”.

Ölənlərin qohumları habelə, hökumətdən koronavirus böhranı ilə bağlı bütün rəsmi sənədlərin açıqlanmasını tələb edirlər.

“Ölüm-dirim” məsələsi

Onların vəkili Elkan Abrahamson deyib ki, nazirlər bu “ölüm-dirim” məsələlərini “dərhal” araşdırmalıdırlar:

“Biz inanırıq ki, mütləq ikinci epidemiya sıçrayışı olacaq. Biz hökumətin o vaxt nə edəcyini bilmək istəyirik”.

Ekspertlər bildirirlər ki, Britaniya epidemiyanın ikinci dalğasına hazır olmalıdır və bu hardasa payızın axırlarında və ya qışın əvvəllərində baş verə bilər.

Britaniya hökuməti koronavirus epidemiyasının başlanğıcından ən müxtıəlif məsələlərə görə tənqid olunur. Bu tənqidlərdən biri də epidemiyanın ilk həftələrində koronavirusla mübarizənin ön cəbhəsində olan həkimlərin qoruyucu ləvazimatla təchiz olunmamasıdır.

Hökumətin pandemiya ilə bağlı fəaliyyətini ölkə müxalifəti də tənqid edir.

Baş nazir Boris Johnson israr edib ki, onun hökuməti koronavirusla mübarizə üçün bütün lazımi tədbirləri görüb.

Avropada şikayətləri prokurorlar araşdırırlar

Koronavirus qurbanlarının yaxınları Avropanın başqa ölkələrində də hökumətləri cavabdehliyə dəvət edirlər.

May ayında İspaniyada koronavirusa yoluxmadan ölənlərin ailələri baş nazir Pedro Sánchez-i məhkəməyə veriblər.

İyun ayında Fransada Paris prokurorluğu bildirib ki, hökumətin pandemiya ilə bağlı fəaliyyəti araşdırılacaq.

Məqsəd hökumətin “ehtiyatsızlıqdan öldürmə” ittihamı ilə məsuliyyətə cəlb edilməsinin zəruri olub-olmadığının müəyyənləşdirilməsidir.

Və nəhayət İtaliyada bir neçə gün bundan əvvəl koronavirus qurbanlarının ailələri hökumətdənrəsmi şikayət veriblər.

50-dək ailə hökuməti səhlənkarlıqda, pandemiyanın qızğın vaxtında yanlış addımlar atmaqda ittiham edir.

İtaliyada şkayətlərlə bağlı olaraq prokurorluq baş nazir Giuseppe Conte-ni, daxili işlər və səhiyyə nazirlərini sorğu-sual etməlidir.

Conte də Britaniyanın baş naziri Johnson kimi heç nədən narahat olmadığını bildirib.

Avropa ölkələrində şikayət edənlərin ən əsas ittihamı karantinin gec tətbiq olunmasıdır.

XS
SM
MD
LG