Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 21:21

Rusiyanın ABŞ səfiri Avropaya və hətta Kanadaya da gedə bilməz


Rusiyanın ABŞ-dakı yeni səfiri Anatoli Antonov

Avropa İttifaqı Rusiya rəsmiləri və Ukraynadakı separatçılar üzərindəki səfər və mülkiyyət qadağanlarının müddətini daha 6 ay müddətinə uzadıb. Avropa İttifaqı ərazisinə səfər etməsi qadağan olunanların siyahısında Rusiyanın Birləşmiş Ştatlardakı yeni səfiri Anatoli Antonov da var.

Sentyabrın 14-də Brüsseldə Aİ-nin üzvü olan 28 ölkənin daxili işlər nazirləri Rusiya üzərindəki sanksiyaların müddətini 2018-ci ilin martınadək uzatmaq barədə qərar qəbul ediblər.

Avropa Şurasının bu xüsusda verdiyi bəyanatda deyilir ki, Ukraynadakı vəziyyətin təhlili “sanksiya rejiminin dəyişdirilməsinə səbəb olacaq nəticə verməyib”.

Rusiya rəsmilərinin aktivlərinin dondurulması və onlara səfər qadağanının qoyulmasını nəzərdə tutan sanksiyalar 2014-cü ildə Krımın işğalından sonra elan edilib. Bu sanksiyaların müddəti hər 6 aydan bir uzadılır.

Aİ diplomatları bildiriblər ki, Rusiyanın ABŞ-dakı yeni səfiri Anatoli Antonov da bu siyahıda qalır, çünki onun siyahıdan çıxarılmasını heç bir Avropa ölkəsi rica etməyib.

Rusiya xarici və müdafiə nazirlərinin müavini vəzifəsində çalışmış Antonov Vaşinqtona avqustun 31-də gəlib, lakin o heç ABŞ-a qonşu Kanadaya da gedə bilməz. Kanada Avropanın sanksiyalarına qoşulub.

Aİ sanksiyaları altında olan Rusiya rəsmilərinin arasında baş nazirin müavini Dmitri Roqozin, Silahlı Qüvvələrin Baş Qərargahının rəisi Valeri Gerasimov və dövlət televiziyasının aparıcısı Dmitri Kiselyov da var.

Brüssel indiyədək vəfatları ilə əlaqadar yalnız dörd separatçını siyahıdan çıxarıb.

Bundan başqa Rusiyanın üç müəssisəsi birləşdirildikdən sonra bu siyahıdan silinib, əvəzində Krım Dəniz Limanları şirkəti siyahıya daxil edilib.

Hazırda qadağan siyahısında 149 Rusiya rəsmisi və 38 hüquqi şəxs var.

Günün bütün mövzuları

XS
SM
MD
LG