Avropa Parlamentinin deputatları oktyabrın 24-də Türkiyənin Suriyanın şimal-şərqinə birtərəfli hərbi müdaxiləsini pisləyiblər və Ankaranı bütün qüvvələrini Suriya ərazisindən çıxarmağa çağırıblıar.
Avropa Parlamentinin saytında deyilir ki, deputatlar oktyabrın 24-də qəbul edilmiş qətnamədə Türkiyənin Suriyaya hərbi müdaxiləsini beynəlxalq hüququn pozulması adlandırırlar.
Qətnamədə deyilir ki, bu müdaxilə regiondakı sabitliyə və təhlükəsizliyə hədə yaradır.
Sənəddə BMT-nin məlumatlarına istinadən bu da qeyd olunur ki, çox sayda hərbçi bə mülkinin ölümünə səbəb olmuş bu hücum nəticəsində azı 300 min adam yurdlarından didərgin düşüb.
Avropa deputatları Suriyanın şimal-şərqində BMT-nin təhlükəsizlik zonasının yaradılmasına çağırırlar.
Onlar Türkiyənin yaratmağa çalışdığı “təhlükəsizlik zonasını” qəbul etmir və ABŞ və Türkiyə arasında əldə olunmuş müvəqqəti atəşkəs razılaşmasının bu bölgənin Türkiyə tərəfindən işğalını legitimləşdirəcəyindən narahatlıq ifadə edirlər.
Kürd xalqı ilə həmrəyliyini bildirən Avropa Parlamenti kürd qüvvələrinin, xüsusilə də kürd qadınların İslam Dövləti ekstremist təşkilatına qarşı mübarizəyə verdiyi töhfəni yada salır.
Avropa deputatları bundan da narahatdırlar ki, Türkiyə müdaxiləsi nəticəsində yüzlərlə İD əsiri azadlığa çıxa bilər.
Avropa Parlamenti habelə Türkiyə prezidenti Recep Tayyip Erdoğanın Avropanı qaçqın dalğası ilə “şantaj etməsini” qeyri-məqbul saydığını bildirir.
Deputatlar Avropa Şurasını Türkiyəyə qarşı hədəfli sanksiyaların irəli sürülməsinə və insan haqları pozuntularına görə məsuliyyət daşıyan Türkiyə rəsmilərinə viza qadağanı tətbiq olunmasına çağırırlar.
Avropa Parlamenti habelə Türkiyə ilə kənd təasərrüfatı məhsullarının ticarətində ona verilən imtiyazların, eyni zamanda Avropa İttifaqı-Türkiyə Gömrük İttifaqının ləğvi məsələsinə baxılmasına çağırırlar.