Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:12

Avropa Parlamentinin deputatı: ‘Azərbaycandakı durumla bağlı açıq danışmağa davam edəcəyik‘


Ana Gomes
Ana Gomes

“Azərbaycandakı rejimi tənqid edənlərin hamısının ya erməni, ya da ermənipərəst olduğunu iddia etmək böhtandır”.

Avropa Parlamentinin deputatı, Azərbaycan hökumətini AP-nin son iclasında sərt tənqid etmiş Ana Gomeslə müsahibə:

Avropa Parlamenti yanvar ayında Azərbaycanda insan haqlarının durumunu müzakirəyə çıxarandan sonra Azərbaycan hakimiyyəti həbsxanada aclıq edən bloqçu Mehman Hüseynova qarşı yeni cinayət işinə xitam verdi. M.Hüseynov aclığı dayandırdı. Amma saxlanma şəraitinə etiraz olaraq aclıq edən başqa məhbuslar da var. Məsələn, Nardaran hadisələri ilə bağlı tutulanlar. Bu olayları da izləyirsinizmi?

İzləməyə çalışıram. Və təbii ki, Azərbaycan hakimiyyətinə qarşı hər hansı bir addım atılanda mən də həmkarlarıma qoşuluram, hakimiyyəti siyasi motivli həbsləri dayandırmağa, siyasi məhbusları azad etməyə çağırıram. Düzdür, Avropa Birliyi Azərbaycan hökuməti ilə insan haqları sahəsində dialoq aparmağa davam edir. Ancaq mən düşünürəm ki, bu dialoq məsələlərin ciddiliyinə uyğun aparılmır, onlar daha dərindən aparılmalıdır. Lakin istənilən halda müzakirələrin aparılması mütləqdir və insan haqlarının pozulması ilə bağlı tələblər danışıqlarda daha aydın şəkildə səsləndirilməlidir.

Fevralın 5-də Bakıda ədliyyə, azadlıq, təhlükəsizlik, insan hüquqları və demokratiya məsələləri üzrə Avropa Birliyi-Azərbaycan alt-komitəsinin yeddinci iclası keçirildi. Görüşdə müzakirə olunan məsələlər haqqında ətraflı məlumat yayılmayıb. Görüş haqda nə düşünürsünüz? Sizcə, Avropa Birliyi Azərbaycan hakimiyyətinin insan haqları, demokratiya məsələlərində ciddi addımlar atmasına nail ola bilərmi?

Düşünmürəm ki, həmin görüş yeni bir razılıqla nəticələnəcək. Təəssüf ki, görüş zamanı müzakirə edilən mövzular haqda geniş məlumat yayılmır. Əminəm ki, orada konkret məsələlər müzakirə edilib. Öz tərəfimizdən biz AP-də insan haqları ilə bağlı məsələlərdə sərt mövqe nümayiş etdiririk və konkret adlar çəkərək narahat olduğumuz şəxslərin hüquqlarını müdafiə edirik.

Avropa Birliyinin Azərbaycanda enerji maraqları var. Bu da Azərbaycanda sabitlik məsələsini ön plana çıxarır. Amma belə tənqidlər də səsləndirilir ki, Avropa insan haqları məsələlərini enerji maraqlarına qurban verir...

Mənim fikrimcə, Avropa Birliyi baş verənlərə laqeyd qala bilməz. Məhz ona görə ki, əməkdaşlıq hər iki tərəf üçün çox vacibdir: həm neft ticarəti, həm də regiondakı sabitlik baxımından. Ona görə biz Azərbaycanda insan haqlarının pozulması hallarının artmasını görəndə susmamalıyıq, insan haqları məsələsini heç vaxt gündəmdən çıxarmamalıyıq. İstərdim ki, AB Azərbaycanla bağlı məsələlərdə öz mövqeyini daha güclü və aydın şəkildə bildirsin. Digər bir sahə, həm Azərbaycan xalqı üçün, həm də Avropa üçün vacib məqam Azərbaycanda kleptokratiya, Azərbaycan xalqına çatacaq mənfəətin oğurlanması məsələsidir. Bu, çirkli pulların müxtəlif Avropa ölkələri, Malta və digər ölkələr vasitəsililə yuyulması ilə bağlıdır. Bu məsələ get-gedə Avropa Parlamentində bizi daha çox narahat etməyə başlayır. Biz də öz növbəmizdə Avropa Birliyinin başında duranlardan bu mövzudan çəkinməməyi, yayınmamağı, bu haqda daha çox müzakirələr aparmağı tələb edirik.

Avropa Parlamentində Azərbaycanda insan haqlarını pozan məmurlara sanksiya qoyulması təklifi də səsləndi. Sizcə, bu nə dərəcədə realdır?

Azərbaycan hökuməti anlamalıdır ki, biz bunu edə bilərik. Həmçinin korrupsiyaya bulaşarlarsa, Avropa Parlamenti nümayəndələrinə qarşı da belə sanksiyaların tətbiq edilməsi mexanizmi işə düşməlidir. Almaniya Parlamentinin Karin Strenzlə bağlı atdığı addım da çox mühümdür. Avropa Şurası Parlament Assambleyasında Azərbaycan hökuməti nümayəndələrindən rüşvət aldığı iddia edilən şəxslərlə bağlı da, ümid edirəm ki, eyni addımlar atılacaq. Belə hallar yolverilməzdir.

“Kürü diplomatiyası” iddiaları ilə bağlı fikrinizi öyrənmək istərdik. AP-də kimlərsə Azərbaycan hökuməti üçün lobbiçilik edirmi?

Vacib olanı bu cür şəxslərin adının ictimaiyyətə açıqlanmasıdır, Karin Strenz də buna misal ola bilər. Onların hamısının adı açıqlanmalı və cərimələnməlidirlər. Anladığım qədəri ilə Strenz 60 000 avronu dövlətə geri qaytarmalıdır. Bu cür tədbirlərin aparılması çox vacibdir. Onların adı açıqlanmalı və onlar etdiklərinə görə utanmağa məcbur edilməlidirlər. Və həmçinin Azərbaycan hakimiyyəti nümayəndələrinə, Avropa Parlamenti üzvlərinə də bildirmək lazımdır ki, bu cür rüşvət halları cəzasız qalmayacaq.

Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinin qərarlarının çoxunu icra etmir. Ölkə prezidenti İlham Əliyevsə bəzi hallarda AŞPA-nın, AP-nin qərarlarını “kağız parçası” da adlandırıb.Avropanın Azərbaycanla bağlı yürütdüyü siyasəti nə dərəcədə uğurlu hesab edirsiniz?

Çox gülməli bir iddiadır. Əgər həqiqətən belə olsa idi, o zaman Azərbaycan AŞPA-nın üzvü olmaq üçün niyə bu qədər əziyyət çəkirdi? Mən bir çox repressiv rejimlər görmüşəm ki, tənqidləri ciddiyə almadıqlarını deyiblər. Lakin bu, həmişə tam əksinə olub. Çünki mənfi rəylər onların reputasiyasına mənfi təsir göstərir. Ona görə mən onların dedikləri sözlərə yox, etdikləri hərəkətlərə diqqət edirəm. Bu səbəbdən biz korrupsiya hallarının faş edilməsində daha effektiv rol oynamalıyıq, bu məsələlərə heç bir halda dözümlü yanaşıla bilməz.

Azərbaycan hakimiyyəti bir çox hallarda Avropadan səslənən tənqidləri “ermənipərəst siyasətçilərin əməli” kimi qələmə verir. Sizcə, Avropa Parlamentində hansısa erməni kökənli siyasətçilərin Azərbaycana qarşı belə məqsədyönlü iş aparması nə dərəcədə realdır? Siz buna inanırsızmı?

Ola bilər hansısa deputatın erməni kökləri olsun, lakin hansısa məqsədyönlü fəaliyyət haqda danışmaq çox gülüncdür. Çünki Azərbaycandakı rejimi tənqid edənlərin hamısının ya erməni, ya da ermənipərəst olduğunu iddia etmək böhtandır. Mən Ermənistan gündəmini izləmirəm, mən həqiqətən Azərbaycanda olan bütün cürətli şəxslərə, fundamental insan haqları, ifadə azadlığı, media azadlığı uğrunda mübarizə aparanlara, korrupsiya hallarını işıqlandıran, Azərbaycan cəmiyyəti üçün və ümumilikdə faydalı iş görənlərə görə çox narahatam. Azərbaycan hökuməti nümayəndələrinin səsləndirdiyi bu tip ifadələr tənqidi fikir deyənləri gözdən salmağa yönəlib. Bunlar bizi alçalda bilməz, biz baş verənlər haqda açıq və aydın şəkildə danışmağa davam etməliyik və ölkədəki ifadə azadlığını qorumağa çalışanlar, korrupsiya ilə mübarizə aparanlarla həmrəy olmalıyıq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG