Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:32

Rebecca Vincent: 'Problemlərin daha ucadan səsləndirilməsini istəyirik'


Rebecca Vincent 
Rebecca Vincent 

Avqustun 31-də Avropa Parlamentində Azərbaycanla bağlı dinləmə keçiriləcək. Dinləmədə «Sport for Human Rights Coalition» (İnsan hüquqları naminə İdman Koalisiyasının) koordinatoru Rebecca Vincent də çıxış etməlidir.

«Azərbaycanda çox ciddi insan hüquqları problemləri var və bu məsələlər beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmalıdır. Xüsusən də Avropa Birliyinin Azərbaycanda insan haqları problemini çox ciddi şəkildə qaldırmasını istəyirik», – R.Vincent AzadlıqRadiosuna müsahibəsində belə deyib.

«SƏSSİZ DİPLOMATİYA İŞLƏMİR»

O, fikrini belə davam etdirib: «Səssiz diplomatiya işləmir. Biz problemlərin daha ucadan səsləndirilməsini və ciddi addımlar atılmasını istəyirik. Xüsusən də indi, Azərbaycanın Avropa Birliyi ilə əməkdaşlığına dair danışıqların getdiyi bir vaxtda».

R.Vincent Avropa Parlamentindəki dinləmələrdə Azərbaycanda sentyabrda keçiriləcək referendum məsələsinin də müzakirəyə çıxarılmasını istədiklərini bildirib. «Bu referendumda prezident və parlament seçkiləri ilə bağlı antidemokratik müddəalar var. Sakitcə oturub qalsaq, Azərbaycanda adamlar bundan əziyyət çəkəcəklər», – hüquq müdafiəçisi söyləyib.

Buna da bax-'Azərbaycan istəməsə də, islahatlara məhkumdur'

Sentyabrın 26-da Azərbaycanda Konstitusiyaya bir sıra dəyişikliklər referenduma çıxarılacaq. Dəyişikliklərdə prezidentə parlamenti və hökuməti buraxmaq səlahiyyəti verilməsi, onun səlahiyyət müddətinin 5 ildən 7 ilə qaldırılması, prezident seçilmək üçün yaş məhdudiyyətinin aradan qaldırılması və bəzi məhdudiyyətlər təklif edilir.

«SON HADİSƏLƏR BU İRƏLİLƏYİŞLƏRƏ KÖLGƏ SALIR»

R.Vincent bu ilin əvvəlində bir neçə siyasi məhbusun azadlığa buraxılmasını «pozitiv irəliləyiş» adlandırsa da, son hadisələrin bu irəliləyişlərə də kölgə saldığını da vurğulayıb.

Buna da bax-Anti-azərbaycan olmaq nə deməkdir?

R.Vincent Avropa Parlamentinin ötən ilin sentyabrında Azərbaycanda insan hüquqlarının durumu ilə bağlı qəbul etdiyi qətnaməyə də toxunub. Hüquq müdafiəçisi həmin sənədin, özəlliklə də siyasi məhbusların azadlığa buraxılması ilə bağlı hissənin «güclü» olduğunu bildirib. Ancaq hüquq müdafiəçisi təəssüflənir ki, Avropa Birliyi çağırışlarına əməl olunub-olunmamasına diqqət yetirmir. Bununla belə, R.Vincent Avropa Birliyi rəsmilərinin qəbul etdikləri sənədin arxasında duracaqlarına və oradakı müddəaların niyə yerinə yetirilməməsini soruşacaqlarına ümid edir: «Məsələn, niyə insan haqları pozuntularına görə məsuliyyət daşıyanlara qarşı sanksiyalar tətbiq olunmur?».

«BU QƏTNAMƏ KAĞIZ PARÇASI DEYİL»

O, koordinatoru olduğu qurumun Avropa Parlamentindən 2015-ci ildə qəbul etdiyi qətnamənin icrası ilə bağlı addımlar atmasını gözlədiyini bildirir: «Mən əminəm ki, bu qətnamə, sadəcə, kağız parçası deyil. Azərbaycan rəsmiləri ictimai çıxışlarında bu qətnaməni «kağız parçası» adlandıra bilərlər, amma özləri də yaxşı bilirlər ki, bu, kağız parçası deyil. Bu qətnamədən sonra biz çox ciddi reaksiyalar gördük. Qətnamənin təsiri olaraq, Azərbaycan hökuməti bəzi ciddi addımlar atmalı oldu. Təkcə bu qətnamə yox, Amerikada nəzərdən keçirilən «Azərbaycana dair Demokratiya Aktı» da çox böyük təsir göstərdi. Əliyev rejimi bundan sonra narahat oldu, anladı ki, korrupsiya amili beynəlxalq sənədlərdə də qeyd olunmağa başlayır və bəzi addımlar atılmalıdır. Əminəm ki, bəzi siyasi məhbusların ilin əvvəlində azadlığa çıxmasında bu sənədlərin rolu oldu».

R.Vincent ona təəssüflənir ki, Avropa Birliyinin özündə də bu qətnaməyə kağız parçası kimi baxanlar var. «İnanıram ki, indiki dinləmələr Avropa Birliyinə Azərbaycanda vəziyyətin hələ çox gərgin olduğunu, insan haqlarının hələ də kobud şəkildə pozulduğunu, hökumətin tənqidçilərini hələ də təzyiq altında saxladığını və Azərbaycanın Avropa Birliyi ilə normal qaydada əməkdaşlıq edəcəyi ölkə olmadığını xatırladacaq. Bu ölkə xüsusi islahatlar həyata keçirməlidir», - hüquq müdafiəçisi söyləyib.

Buna da bax-Avropa Parlamentindən Azərbaycana görünməmiş sərt qətnamə

Ötən ilin sentyabrında Avropa Parlamenti Azərbaycanda insan haqlarının durumu ilə bağlı ilk dəfə «sərt» qətnamə qəbul etmişdi. Qətnamədə İlham Əliyev və ailə üzvlərinə qarşı korrupsiya ittihamlarının araşdırılması tələb olunurdu. Eləcə də siyasi təqiblərdə əli olan hakimlər, rəsmilər və siyasətçilərə qarşı sanksiyalar məsələsinə baxmağa, həbsdəki jurnalistləri, ictimai-siyasi fəalları, hüquqşünas və hüquq müdafiəçilərini dərhal azad etməyə çağırırdı.

Azərbaycanın Avropa Birliyi ilə Əməkdaşlığı üzrə Dövlət Komissiyasının sədri, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Avropa İttifaqı Parlamentinin qətnaməsini «anti-Azərbaycan qüvvələrin növbəti təxribatçı addımı» adlandırmışdı, bunu Azərbaycan-Avropa Birliyi əlaqələrinə ciddi zərbə kimi dəyərləndirmişdi.

Prezidentin köməkçisi Əli Həsənov isə Avropa Parlamentinin qəbul etdiyi həmin qətnaməyə «kağız parçası» demişdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG