Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:37

Avropa Türkiyədəki miqrantlara ‘qapılar bağlıdır’ deyir


Avropa İttifaqı Türkiyə ilə Yunanıstanın sərhədində ilişib qalmış on minlərlə miqranta Avropa qapılarının bağlı olduğunu deyib.

Avropa İttifaqının xarici işlər komissarı Josep Borrell açıq bəyanat verib:

“Sərhədə gəlməyin. Sərhəd açıq deyil. Əgər kimsə deyirsə ki, gedə bilərsiniz, çünki sərhəd açıqdır…bu, həqiqət deyil. Özünüzü təhlükəli vəziyyətə salmayın…Bağlı qapıya doğru hərəkət etməyin. Və lütfən adamlara sərhədə getməli olduqlarını deməyin. Bu, həqiqət deyil”.

The Guardian yazır ki, Borrell bu bəyanatı Avropa İttifaqı xarici işlər nazirlərinin Zaqrebdə təcili keçirilən iclasından sonra verib.

By yığıncaqda Türkiyənin “siyasi məqsədlərlə miqrant təzyiqi” taktikası pislənib.

Josep Borrell
Josep Borrell

Türkiyə-Yunanıstan sərhədində gərginlik ötən həftəsonu, Türkiyə prezidenti Recep Tayyip Erdoğan ölkəsinin sərhədlərini açdığını və buradakı miqrant və qaçqınları Avropaya buraxdığını deyəndən sonra gərginləşib.

Ankara bildirir ki, Avropa Türkiyəyə Suriyanın şimalındakı kampaniyasında dəstək verməyib və o bundan sonra İdlibdən gələn daha bir milyon qaçqını saxlamaq iqtidarında deyil.

Erdoğanın bu bəyanatından sonra on minlərlə qaçqın Yunanıstan sərhədinə yollanıb. Yunanıstan polisi sərhədi keçməyə çalışanlara qarşı gözyaşardıcı qazlardan və səs qumbaralarından istifadə edib.

Afina bildirir ki, öz növbəsində Yunanıstan sərhədçilərinə qaz kanistrləri atan Türkiyə hərbçiləri miqrantların sərhədi qanunsuz keçməsinə kömək etməyə çalışıb.

Aİ nazirləri Vladimir Putinlə Erdoğanın İdlibdə atəşkəs razılığı əldə etməsindən dərhal sonra toplaşıblar.

İdlibdə atəşkəs toqquşma ilə başlanıb

Martın 6-da, atəşkəsin ilk günündə İdlibdə nisbi sakitliyin olduğu xəbər verilir.

Lakin martın 6-da səhərin erkən saatlarında baş verən toqquşmada Suriyanın 6 əsgərinin və Türküstan İslam Partiyasının uyğurlardan ibarət cihadçı qrupunun 9 döyüşçüsünün öldürüldüyü bildirilir.

Erdoğan martın 6-da deyib ki, Türkiyə İdlibdə özünün 12 müşahidəçi postunu tərk etmək niyyətində deyil.

Avropa İttifaqı Türkiyəyə daha pul verməyəcəyini deyir

Martın 6-da Avropa İttifaqı Suriyanın şimal-qərbindəki əhaliyə yardım üçün 52 milyon dollar ayırdığını bəyan edib. Amma belə görünür ki, Türkiyə ilə Avropa İttifaqı arasında soyuq münasibətlər hələ bir xeyli davam edəcək.

Avropa İttifaqı nazirləri Türkiyəyə 2016-cı il miqrant sazişinə görə ayrılmış 6 milyard avrodan çox pul verilməsinə razı olmayıblar.

Avropa İttifaqı bu sazişin şərtlərinə uyğun olaraq Türkiyədəki Suriya qaçqınları üçün 4.5 milyard avro ayırmışdı. Bu pulun 3.4 milyard avrosu artıq xərclənib.

Erdoğan Moskvadan qayıdarkən bildirib ki, miqrant siyasətində heç bir dəyişiklik olmayacaq və Türkiyə Avropa ilə sərhədini açıq saxlayacaq.

Avropa Yunanıstanın “bağlı qapılar” siyasətini dəstəkləyir

Bu arada insan haqları təşkilatları Avropa İttifaqını Yunanıstanın bir ay müddətində heç kimə sığınacaq verməmək qərarını dəstəklədiyinə görə tənqid edirlər.

Yunanıstanın öz sərhədlərini bağlı saxlamaq qərarı Avropa İttifaqı liderləri tərəfindən qızğın müdafiə edilir.

2015-ci ildə eyni situasiya yarananda, Almaniya kansleri Angela Merkel öz ölkəsinin qapılarını 1 milyon qaçqına açmışdı.

Amma indi Avstriyanın baş naziri Sebastian Kurz Avropa İttifaqı ölkələrini öz qapılarını bağlı saxlamağa çağırıb:

“İndi biz qapıları açsaq, bugün yüzminlər gələcək, daha sonra isə milyonlar”.

O Almaniyanın Funke media qrupuna müsahibəsində deyib ki, Yunanıstan sərhədlərini qoruya bilməsə, Avstriya öz sərhədlərini bağlayacaq.

Bu arada Yunanıstan hökuməti ölkənin mövcud 12.5 kilometrlik ülgüclü-metal torlu sərhəd hasarının daha 40 kilometr uzadılması barədə qərar qəbul edib.

Yunanıstan habelə sərhəd bölgəsinə qoşun hissələri göndərib.

Putinlə Erdogan Moskvada nələri danışıblar?
Gözlə

No media source currently available

0:00 0:02:14 0:00

Amerika yunanları Pompeoya məktub yazıblar

İndi isə Türkiyə iddia edir ki, 2016-cı ilin sazişində söhbət quru sərhədlərindən yox, yalnız Egey dənizindəki su sərhədindən gedirdi.

Erdoğan habelə deyib ki, Yunanıstanın baş naziri Kyriakos Mitsotakislə görüşü istisna edir.

Türkiyə prezidenti onu qaçqınlara qarşı qeyri-humanist hərəkətdə ittiham edir.

Yunanıstan bu iddiaları “saxta xəbər” adlandırır.

Bu arada minlərlə yunan mənşəli amerikalı dövlət katibi Mike Pompeoya petisiya göndərib.

Petisiyada deyilir ki, “Erdoğan, əslində heç suriyalı da olmayan miqrantlarla Avropanı şantaj edir”.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG