Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:45

Avropa kinosunda beş əsas cərəyan


Kino
Kino

«The Guardian» alman ekspressionizmindən rumın yeni dalğasınadək, Avropa kinosunu formalaşdıran və dünyanı ilhamlandıran yaradıcılıq cərəyanlarına nəzər salıb.

Alman ekspressionizmi

Bu cərəyan ötən əsrin lap başlanğıcına xas poeziya və vizual sənətlər üzərində formalaşdığı üçün burada yaradıcıların hiss və düşüncələri realizmi üstələyir. Alman ekspressionist kinosu Birinci Dünya müharibəsindən sonra çiçəklənməyə başlayıb. Bu cərəyan qorxu ilə dolu Veymar dövrünə çox uyğun gəlirdi. Maili kadrlar, böyüyən kölgələr və qorxunc insan sifətləri müharibədən sonrakı travma və iqtisadi səfaləti əks etdirirdi. Robert Wiene-nin «The Cabinet of Dr. Caligari» (1920), FW Murnau-nun «Nosferatu» (1922) və Fritz Lang-ın əfsanəvi «Metropolis» (1927) filmləri kimi bir çox əsərlər qorxulu səhnələrlə zəngindir. Bu filmlər müxtəlif nəsildən nəslə keçərək çox sayda rejissora bu və ya digər şəkildə təsir göstərib. Onların təsirini «Psycho» və «The Babadook» kimi qorxu filmlərində, habelə nuar janrında çəkilmiş «Blade Runner» və «Dark City» kimi fantastik filmlərdə görmək olar.

İtalyan neo-realizmi

Alman rejissorlar cəmiyyətin Birinci Dünya müharibəsi nəticəsində aldığı travmaya qorxunc interyerlərlə cavab verirdilərsə, italyan kinematoqrafçıları İkinci Dünya müharibəsindən sonra tam fərqli yolla getməyə başladılar. Onlar öz filmlərində «real İtaliyanı» göstərməyə çalışırdılar. Onlara elə gəlirdi ki, faşizm illərində Hollivudun təsiri ilə çəkilmiş filmlərdə bu məqam qaçırılmışdı. Yeri gəlmişkən, faşizm dövründə çəkilən belə filmlərə «Bəyaz telefon filmləri» də deyilir. Roberto Rossellini, Vittorio De SicaLuchino Visconti kimi rejissorlar studiya setlərindən yan keçərək (Romadakı «Cinecittà» studiyası müharibə zamanı çox ciddi zədələnmişdi), yoxsulluq, əsarət və ədalətsizliyi göstərmək üçün küçələrə çıxmağa başladılar. Bu zaman onlar daha çox peşəkar olmayan aktyorlara üstünlük verirdilər. Bu cərəyan 1950-ci illərdə tənəzzül etməyə başladı. Ancaq 10 il davam edən qızıl dövründə əməkçi sinfin gündəlik həyatını bütün çalarları ilə göstərən ciddi filmlər ortaya qoya bildi. Visconti-nin «Ossessione» (1942) və De Sica-nın «Ladri di biciclette» (1948) filmləri belə əsərlərdəndir.

Yeni dalğa –Nouvelle Vague

Fransız yeni dalğasının adı özünə yaraşırdı: bu cərəyan o zaman çox sönük olan Fransa kinosuna sunami kimi daxil olmuşdu. İlk müjdələri 1950-ci illərin sonlarında «Cahiers du cinema» kimi üsyankar jurnallar və Agnès Varda-nın «La Pointe Courte» (1955) filmi kimi maraqlı işlərlə gələn yeni dalğa 1959-cu ildə çox sayda əhəmiyyətli filmin ekranlara çıxması ilə kulminasiya nöqtəsinə çatdı. Bu əsərlər arasında François Truffaut-nun «Les Quatre cents coups», Alain Resnais-nin «Hiroshima, Mon Amour», Claude Chabrol-un «Les Cousins» və Jean-Luc Godard-ın «À bout de souffle» filmlərini qeyd etmək olar.

Çox tez, baha başa gəlməyən avadanlıqla çəkilən, ovaxtkı kinematoqrafiya, montaj və süjet qanunlarını pozan bu filmlər dövrün ictimai və siyasi ruhu ilə səsləşirdi. Bu filmlər liberalizmi Hollivuddan götürmüşdü. Ancaq, eyni zamanda, onların təsiri «Bonnie and Clyde»dan tutmuş «Pulp Fiction»dək Hollivud istehsalı olan bir çox filmdə aydın hiss olunur .

Dogme 95

Bu cərəyan qismən François Truffaut-nun hələ 1954-cü ildə, fransız yeni dalğasından da əvvəl yazdığı «Fransız kinosunun bir müəyyən tendensiyası» (Une certaine tendance du cinéma français) adlı essesindən ilham almışdı. Danimarkalı rejissorlar Lars von TrierThomas Vinterberg 1995-ci ildə Parisdə «Doqma 95» manifestini yazaraq yeni provokativ film cərəyanının başlandığını elan etdilər. Vinterberg-in «Festen» və von Trier-in «The Idiots» (hər ikisi 1998) filmləri tamamilə hekayəyə fokuslanır. Bu filmlərdə bilərəkdən xüsusi effektlərdən, mənşəyi görünməyən səslərdən və xüsusi işıqlandırmadan istifadə olunmur. Məqsəd görüntünün təmizliyinə nail olmaq idi. Ancaq von Trier-in ortaya qoyduğu bütün işlərdəki kimi, burada da müəyyən gizli element vardı. Bu cərəyan o qədər ciddi qəbul olundu ki, mövcud olduğu 10 il ərzində 35 rəsmi Doqma filmi işıq üzü gördü. Onlardan bəzilərini Harmony Korine kimi danimarkalı olmayan rejissorlar çəkib. Dogme 95-in təsiri ta bugünkü Danimarka film, TV, yemək və memarlıq cərəyanlarına qədər gəlib çıxıb.

Rumın Yeni dalğası

2005-ci ildə Kannda Cristi Puiu-nun «The Death of Mr Lazarescu» filminin premyerası baş tutdu. O zamandan bəri rumın kinosu məhsuldarlıq dövrünü yaşamaqdadır. Həm kinematoqrafiyanın yüksək keyfiyyəti, həm də onun zahirən qeybdən peyda olması çox maraqlıdır. Ancaq əslində rumın kinosu yoxdan yaranmayıb: Rumıniyanın XX əsrdə sanballı kinematoqrafiya ənənəsi olub. Sadəcə olaraq rumın filmləri qonşu ölkələrin kinosunun kölgəsində və Ceaușescu diktaturasının (1965-89) təsirində qalıb. Bu əsarət dövrü və Ceaușescu-nun devrilməsindən sonrakı çətin illərdə sərt və çox zaman qara yumor dolu filmlər çəkilib.

Puiu, Radu MunteanCristian Mungiu-nun adları xüsusi qeyd olunmalıdır. Mungiu-nun «Qızıl Palma» mükafatına layiq görülmüş «4 Months, 3 Weeks and 2 Days» filmi XXI əsr rumın kinosunun incilərindən sayılır. Bu hərəkat günümüzədək tamaşaçıları təəccübləndirməkdədir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG