Keçid linkləri

Təcili xəbərlər
2019, 22 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 12:05

Avropa İttifaqı Rusiya sanksiyalarını rəsmən daha 6 ay uzadır


Ukrayna və Avropa İttifaqının bayraqları (İllüstrasiya)

Avropa İttifaqı Rusiya üzərinə Krımı ilhaq etdiyinə görə dörd il əvvəl qoyulmuş sanksiyaların müddətini rəsmən daha 6 ay uzadıb.

Avropa Şurası dekabrın 21-də bəyan edib ki, sanksiyalar Rusiya üzərində daha 6 ay müddətində, 2019-cu ilin iyulunadək qalacaq.

***

Avropa İttifaqının liderləri dekabrın 13-də Brüsseldə keçirilən sammitdə Moskvanın Ukraynadakı hərəkətlərinə görə Rusiyanın üzərinə qoyulmuş sanksiyaların müddətini daha 6 ay uzadıblar.

Rusiyanın əsasən bank və enerji sektorlarını hədəfləyən sanksiyalar ilk dəfə 2014-cü ildə tətbiq olunub və bundan sonra müddət hər altı aydan bir uzadılıb.

Avropa Şurasının rəhbəri Donald Tusk deyib ki, Avropa İttifaqı “Minsk razılaşmalarının tətbiqi sahəsində sıfır tərəqqiyə görə” Rusiyanın üzərindəki sanksiyaların daha altı ay müddətinə uzadılmasına dair yekdil qərar qəbul edib.

Minsk razılaşmaları Belarus paytaxtında Almaniya və Fransanın vasitəçilyi ilə əldə olunub.

Sanksiyalar ilk dəfə 2014-cü ildə, Rusiya Ukraynanın Krım yarımadasını qanunsuz ilhaq etdikdən və Ukraynanın şərqindəki separatçılara dəstək verməyə başladıqdan sonra qoyulub.

Rusiya üzərindəki sanksiyaların müddəti gələn ay başa çatırdı, lakin Avropa İttifaqı liderləri Moskvanın Minsk razılaşmalarına hörmət etməməsini nəzərə alaraq onların müddətini daha 6 ay uzadıblar.

Avropa İttifaqı liderləri habelə Azov dənizində yaşanmış insidenti müzakirə etməlidirlər. Noyabrın 25-də Rusiyanın sahil keşikçiləri Ukrayna gəmilərinə atəş açaraq üç gəmini və onun 24 nəfərlik ekipajını həbs ediblər.

AzadlıqRadiosunun gördüyü qərar layihəsində Moskvanın hərəkəti pislənmir və bu insidentə görə əlavə sanksiyalar qoyulmur, lakin Avropa İttifaqı bildirir ki, Brüssel Ukraynaya dəstəyin gücləndirilməsi üçün yeni tədbirlər paketi qəbul edə bilər.

Qərar layihəsində vurğulanır ki, Rusiyanın hərbi gücdən istifadə etməsinə heç cür haqq qazandırıla bilməz. Bundan başqa sənəddə həbs edilmiş Ukrayna gəmilərinin və dənizçilərinin dərhal azad olunmasına, Azov dənizində bütün gəmilərin sərbəst keçidinə imkan verilməsinə çağırış edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG