Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Aprel, çərşənbə, Bakı vaxtı 10:59

Xəbərdarlıq: Avropada istidən ildə 150 min nəfər ölə bilər


Avropada rekord istilər: britaniyalılar heyvanları yaddan çıxartmır
Gözlə

No media source currently available

0:00 0:01:32 0:00

Avropada rekord istilər: britaniyalılar heyvanları yaddan çıxartmır

Əsrin sonunadək iqlim dəyişikliyindən hər il Avropada 150 mindən çox adam ölə bilər. Bu tədqiqat barədə «The Independent» qəzeti yazıb.

Avropa Komissiyası alimlərinin tədqiqatı üzə çıxarıb ki, sərt hava şəraitindən ölüm halları 50 dəfə artacaq və təbii fəlakətlər qitədə hər üç adamdan birinə təsir göstərəcək.

XƏBƏRDARLIQ ZƏNGİ

Tədqiqatda bildirilir ki, ürək tutmasından, ürək və nəfəs xəstəliklərindən, qəfil daşqınlardan yüz minlərlə avropalı həlak olacaq. Quraqlıqlar ərzaq çatışmazlığıyla sonuclanacaq, adamlar xəstəlik və infeksiyadan ölüm riskiylə daha çox üzləşəcəklər. Kənd yerlərində isə meşə yanğınları çoxalacaq.

Alimlər sərt hava şəraitiylə bağlı tarixi məlumatları toplayıblar, onları iqlim dəyişikliyinin vuracağı ziyanla, eləcə də qlobal istiləşmənin əhaliyə təsiriylə bağlı proqnozlarla birləşdiriblər. Araşdırma müəllifləri hökumətlərə xəbərdarlıq çağırışı etdiklərini deyirlər.

«Bu, iqlim dəyişikliyi ilə bağlı dərhal tədbirlər görülməsinə çağıran kəskin xəbərdarlıqdır. Planetdə adamlar onsuz da sərt hava şəraitindən ölürlər, cəmləşmiş cəhdlər göstərilməsə, durum Avropa da daxil olmaqla, daha da pisləşəcək», – «Yerin Dostları» kampaniyasının üzvü Donna Hume deyib.

Onun sözlərinə görə, hökumətlər çirkli karbohidrogen ehtiyatlarından əl çəksə, bu tale önlənə bilər.

«Fəlakətli iqlim dəyişikliyi ilə üzləşmək istəmiriksə, mövcud kömür, neft və qaz ehtiyatlarının ¾ hissəsi istifadəsiz qalmalıdır. Bu zaman Böyük Britaniya hökuməti niyə ölkənin hüdudlarında daha çox qazıntı işləri aparır?», – o deyib.

İsti havalardan necə qorunursunuz?
Gözlə

No media source currently available

0:00 0:01:56 0:00

«ƏLİMİZDƏDİR»

Ümumdünya Vəhşi Təbiət Fondu (WWF) da xəbərdarlıq edib ki, iqlim dəyişikliyinin təhlükəsini önləməkdən ötrü qlobal siyasət dəyişməlidir.

«Bu hesabat bildiklərimizi daha da gücləndirir və problemin öhdəsindən gəlməsək, səhiyyə və rifah sistemimizə təsir göstərəcək, həyatlarımız hesabına başa gələcək», – fondun iqlim və enerji bölümünün rəhbəri Gareth Redmond-King deyib.

«Ancaq bu gələcək qaçılmaz deyil. İqlim dəyişikliyinin səbəblərini və həll yollarını bilirik. Qlobal temperatur artımını 1.5 dərəcədə saxlamaq əlimizdədir. Bundan ötrü indi hərəkətə keçməli və gələcəyi karbondan azad etməliyik», – o söyləyib.

Tədqiqatçılar Paris iqlim sazişinin öhdəliklərinə əməl etməyin vacibliyini vurğulayırlar.

Aparıcı müəllif Dr. Giovanni Forzieri-nin sözlərinə görə, qlobal istiləşməyə dair dərhal tədbirlər görülməsə, əsrin sonunadək ildə 350 milyon avropalı sərt iqlim şəraitindən əziyyət çəkəcək.

2 MİN 300 TƏBİİ FƏLAKƏT TƏHLİL OLUNUB

1981-2010-cu illərdə hava şəraitindən ildə 3 min nəfər dünyasını dəyişib. Araşdırmada qeyd olunur ki, 2071-2100-cü illərdə bu rəqəm ildə 152 min nəfərə çata bilər. Ölüm hallarının 99 faizinin isti havadan baş verə biləcəyi qeyd olunur.

Tədqiqat ən çox Avropanın cənubunun təhlükədə olacağını üzə çıxarıb. Burada, demək olar, hər kəs havayla bağlı fəlakətlərin təsirinə məruz qalacaq.

Araşdırma Avropa Birliyinin 28 üzvü, o cümlədən İsveçrə, Norveç və İslandiya üzrə aparılıb. Tədqiqatçılar 1981-2010-cu illərdə baş vermiş 2 min 300 təbii fəlakəti təhlil edərək özlərinin iqlim dəyişikliyi üzrə proqnozlarıyla birləşdiriblər.

Alimlər bircə qəfil soyuqlardan ölüm hallarının azaldığını üzə çıxarıblar. Ancaq bu azalma da cüzidir və digər təhlükələrdən ölüm hallarını üstələyə bilməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG