Keçid linkləri

2024, 12 Oktyabr, şənbə, Bakı vaxtı 03:30

Avropa Rusiyaya raket transferi iddiaları ilə bağlı İrana qarşı sanksiyalara hazırlaşır


İranın Fəth-360 raketi
İranın Fəth-360 raketi

Avropa İttifaqı İranda istehsal edilmiş ballistik raketlərin iddialara görə Rusiyaya transferinə görə Tehranı ittiham edib və bildirib ki, blok İrana qarşı yeni sanksiyaların elan edilməsinə hazırlaşır.

Aİ-nin xarici işlər komissarı Jozep Borrel sentyabrın 13-də deyib ki, Brüssel ballistik raketlərin Rusiyaya transfer edilməməsi üçün dəfələrlə Tehrana ciddi xəbərdarlıq edib.

Borrel bildirib ki, belə bir transfer Rusiyanın azalmaqda olan raket cəbbəxanasının doldurulması məqsədini güdür.

Xarici işlər komissarının sözlərinə görə Aİ İranın onsuz da ağır sanksiyalar altında olan aviasiya sektoruna yeni sanksiyalar hazırlayır.

Bundan əvvəl ABŞ dövlət katibi Antoni Blinken demişdi ki, Rusiya İrandan aldığı ballistik raketləri yaxın həftələrdə Ukraynaya qarşı istifadə edə bilər.

Sentyabrın 10-da yaydıqları birgə bəyanatda Britaniya, Fransa və Almaniya iddia edilən raket transferini istər İran, istərsə də Rusiya tərəfindən eskalasiya adlandırıblar. Bəyanatda deyilir ki, bu raketlərin Rusiyaya verilməsi Avropa İttifaqının təhlükəsizliyi üçün birbaşa təhdid yaradır.

İranın ballistik raketləri təlimdə (Arxiv fotosu)
İranın ballistik raketləri təlimdə (Arxiv fotosu)

Diplomatik mənbə sentyabrın 13-də bildirib ki, İranın Fransadakı səfiri Rusiyaya yaxınmənzilli raketlərin ötürülməsinə dair iddialarla bağlı Fransa XİN-ə dəvət olunub. Tehran Rusiyaya yaxınmənzilli ballistik raketlər verdiyinə dair xəbərləri israrla danır.

London, Paris və Berlin bunu da bəyan ediblər ki, onlar İranla uçuşlara xidmətə dair razılaşmanı ləğv ediblər və İranın dövlət aviasiya şirkəti təyyarələrinin Avropaya uçuşlarına məhdudiyyətlər qoyulacaq.

İran ortalıqda olanları israrla danır

Bütün bunlara cavab olaraq İran hökuməti Britaniya, Fransa və Almaniyanın, habelə Niderlandın Tehrandakı səfirlərini ayrı-ayrılıqda XİN-ə dəvət edib.

İran XİN bildirib ki, Rusiyaya raket transferinə dair iddialar Qərbin İrana qarşı düşmənçiliyinin təzahürüdür və İslam Respublikası buna müvafiq reaksiya verəcək.

İrandan Rusiyaya silahların transferi məsələsi Rusiya 2022-ci ildə Ukraynaya tammiqyaslı müdaxiləyə başlayandan bəri gündəmdədir. Rusiya istər İranda istehsal edilmiş, istərsə də Rusiyada İran komponentlərindən yığılan kamikadze dronlarından və başqa PUA-lardan Ukraynaya zərbələrdə fəal istifadə edir.

Eyni zamanda Rusiyanın Ukraynanın şəhər və infrastrukturlarına aramsız hava zərbələri onun raket cəbbəxanasını tükəndirib. Moskva yeni raketlərin alınması üçün İran və Şimali Koreyaya “ağız açmalı” olub.

İran Ukrayna müharibəsində onun Şahed dronlarından geniş istifadəyə dair çoxsaylı dəlillərə baxmayaraq bu silahları Rusiyaya verdiyini danır.

Rusiyada Geran-2 adı ilə yığılan İran kamikadze dronu
Rusiyada Geran-2 adı ilə yığılan İran kamikadze dronu

Raketlər Xəzərlə daşınır?

İki böyük qaz və neft ixracatçısı olan İran və Rusiya Qərb və BMT sanksiyaları ilə üzləşəndən bəri öz aralarında olan siyasi və biznes əlaqələrini daha da intensivləşdiriblər. Onlar habelə beynəlxalq sanksiyalardan yan keçməkdə bir-birlərinə dəstək olurlar.

Belə narahatlıqlar da var ki, Rusiya raket və nüvə texnologiyaları da daxil, müasir texnologiyalarını İranla paylaşa bilərdi. İranın ballistik raket istehsalına məhdudiyyət qoyan BMT sanksiyalarının müddəti bu oktyabrda bitir.

Buna baxmayaraq Rusiya və İran bildiriblər ki, onların müdafiə sahəsində əməkdaşlığına, hərbi texnologiya və silahları mübadilə etməsinə heç bir beynəlxalq əngəl yoxdur.

İran raketlərini daşıdığı iddia edilən Rusiya yük gəmisi Həştərxan limanı yaxınlığında (Peyk fotosu)
İran raketlərini daşıdığı iddia edilən Rusiya yük gəmisi Həştərxan limanı yaxınlığında (Peyk fotosu)

Avqust ayında xəbər verilmişdi ki, İran Fəth-360 və Əbabil raketlərinin ixracına hazırlaşır. Ötən həftə İranın ballistik raketlərini Xəzər dənizi ilə Rusiyaya daşıdığı ehtimal edilən yük gəmisinin peyk fotoları yayılıb. Sentyabrın 4-də açıqlanmış fotolarda şübhəli gəminin Rusiya limanında lövbərləndiyi görünür.

ABŞ-ın Maliyyə Nazirliyi sentyabrın 10-da biyan etmişdi ki, Rusiya Müdafiə Nazirliyi İrandan raketlərin daşınması üçün Port Olya 3 limanından istifadə edir.

XS
SM
MD
LG