Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:59

ABŞ müdafiə naziri İranın danışıqlara ‘meylləndiyini’ deyir


Mark T. Esper Londonda keçirilmiş görüş zamanı
Mark T. Esper Londonda keçirilmiş görüş zamanı

ABŞ müdafiə naziri Mark Esper işarə edib ki, Tehranın nüvənin zənginləşdirilməsilə bağlı son bəyanatlarına baxmayaraq İran yeni danışıqlar imkanına yaxın ola bilər.

Bu bəyanatdan əvvəl Tehran Avropa İttifaqına 2015-ci il nüvə sazişinə uyğun olaraq özünün öhdəliklərindən geri çəkildiyini təsdiqləmişdi.

Lakin Londondakı Royal United Services Institute araşdırma mərkəzində çıxış edən Esper deyib ki, tezliklə İranın nüvə və raket proqramları ilə bağlı danışıqların keçirilməsinə imkan yarana bilər.

Nazir bildirib ki, bəzi əlamətlər Tehranın danışıqlara doğru meylləndiyini göstərir.

***

Tehran 2015-ci il nüvə sazişinin müəyyənləşdirdiyi tədqiqat və inkişaf limitləri öhdəliklərindən çıxması haqda Avropa Birliyinə məlumat verib. Bu, Birləşmiş Ştatlar ötən il sazişdən çıxandan sonra öhdəliklərin daha da məhdudlaşdırılmasıdır.

Xarici işlər naziri Mohammad Javad Zarif sentyabrın 6-da AB-nin Xarici siyasət rəhbəri Federica Mogherini-yə məktubunda qurumu bilgiləndirib. Mogherini nüvə sazişinə imza atmış Avropa ölkələri adından sənədi xilas etməyə çalışır.

Ekspertlər tədqiqat və inkişafa məhdudiyyətləri Birgə Hərtərəfli Hərəkət Planının əsas prinsiplərindən biri sayırlar.

Mohammad Javad Zarif
Mohammad Javad Zarif

İran mediasının bildirməsinə görə, ölkənin Atom Enerjisi Təşkilatı sentyabrın 7-də mətbuat konfransında Tehranın növbəti addımlarını detallı təsvir edəcək.

İran Prezidenti Hassan Rohani sentyabrın 4-də deyirdi ki, İran sentyabrın 6-dan sentrifuqların hazırlanmasına “bütün məhdudiyyətləri” götürəcək. O, ölkəsinin “uranı sürətlə zənginləşdirməkdən ötrü gərəkəni” edəcəyini söyləyib.

Çin, Britaniya, Fransa, Almaniya və Rusiyanın da imza atdığı nüvə sazişi İrana ilk-nəsil sentrifuqları məhdud həcmdə işlətməyə icazə verir.

Zənginləşdirilmiş urandan həm reaktorlar üçün yanacaq, həm də nüvə silahlarının hazırlanmasında istifadə olunur. Daha qabaqcıl sentrifuqlar isə İranın potensial nüvə bombası üçün material hazırlamaq bacarığını sürətləndirə bilər.

Tehranda qadınlar
Tehranda qadınlar

Nüvə sazişinə qarşı sərt kampaniya aparan ABŞ Prezidenti Donald Trump ötən il sənəddən çıxandan sonra Tehrana qarşı “maksimum təzyiq” kampaniyasına başlayıb, İran iqtisadiyyatı və valyutasına zərbə vuran sanksiyalar tətbiq edib.

İran da iyuldan saziş öhdəliklərini məhdudlaşdırmağa başlayıb, bunu ABŞ-ən hərəkətlərinə cavab olaraq etdiyini deyib.

Fransa ötən həftə İrana 15 milyard dollarlıq kredit xətti təklif edib, əvəzində Tehranın nüvə sazişinin şərtlərinə əməl etməli olduğunu deyib. Ancaq ABŞ rəsmiləri bildiriblər ki, belə bir razılaşmaya uyğun olaraq sanksiyalardan möhlət verməyəcək.

ABŞ hakimiyyəti İrana sanksiyaları bu həftə daha da sərtləşdirib, İranın nüvə agentliyini və tədqiqat institutlarını hədəfə alıb.

***

Avropa ölkələri İranı nüvə sazişini pozan addımlardan çəkinməyə çağırıb

Avropa ölkələri İranı onun 2015-ci il nüvə sazişi üzrə öhdəliklərinə zidd hərəkətlərdən çəkinməyə çağırıb.

Bundan əvvəl Tehran uranın zənginləşdirilməsinin sürətləndirilməsi məqsədilə sentrifuqların istehsalı üzərindən bütün məhdudiyyətləri qaldıracağını bildirmişdi.

Tehran 2015-ci ilin nüvə sazişinin qorunub saxlanması üçün bu sənədi imzalamış Avropa ölkələrinə sentyabrın 6-dək vaxt verib.

Fransanın Xarici İşlər Nazirliyi sentyabrın 5-də İranı “onun öhdəliklərini pozacaq hər hansı konkret addımlardan çəkinməyə” çağırıb.

Bu arada Britaniya Xarici İşlər Nazirliyi İranın nüvə proqramı üzərindən bütün məhdudiyyətləri qaldırmaq planını “dərindən narahat edən” bəyanat adlandırıb.

Londonun bəyanatında deyilir ki, Avropa ölkələri İranla nüvə sazişi ətrafında yaranmış gərginliyin azaldılması üçün ciddi səylər göstərir.

Avropa Komissiyasının sözçüsü Carlos Martin Ruiz de Gordejuela İranı “bu addımlardan geri dönməyə və nüvə sazişinə ziyan vura biləcək başqa tədbirlərdən çəkinməyə” çağırıb.

Özünün Cakartaya səfəri zamanı İranın xarici işlər naziri Mohammad Javad Zarif deyib ki, o bir neçə saatdan sonra Avropa İttifaqı xarici işlər komissarı Federica Mogherini-ni Tehranın növbəti addımları haqqında məlumatlandıracaq.

İran mediasının verdiyi xəbərə görə İranın Atom Enerjisi Təşkilatı ölkənin növbəti addımları barədə məlumatları sentyabrın 7-də keçiriləcək mətbuat konfransı zamanı açqılayacaq.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG