Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:12

Avropalılar ölümünə içirlər


Avropalılar bir ildə ortalama 11.2 litr alkoqol içirlər
Avropalılar bir ildə ortalama 11.2 litr alkoqol içirlər

Avropalıların içki vərdişləri onları mədə xərçəngi riskiylə üz-üzə qoyur. Bu haqda qitə həkimlərinin açıqladığı yeni hesabatdan «Bloomberg» agentliyi yazır.

İLƏ ORTALAMA 11.2 LİTR İÇİRLƏR

Orta avropalı günə 1-4 stəkan içki qəbul edir ki, bu da onları «mötədil» içənlər qrupuna aid etməyə yetir. Bu şəxslərdə kolorektal və mədə xərçəngi riski yüksəlir. Hesabatı bazar ertəsi – iyulun 3-də Avropanın Birləşmiş Qastroenterologiya qurumu, mütəxəssislərin qeyri-kommersiya koalisiyası açıqlayıb.

«Adamların çoxu bilmir ki, alkoqol bu xərçənglər üçün risk faktorudur», – Lissabondakı «Hospital Universitário de Santa Maria» xəstəxanasının qastroenteroloqu, professor Helena Cortez-Pinto deyib.

Qrup Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarını təhlil edib. Üzə çıxan odur ki, avropalılar bütün digər qitələrdə yaşayanlardan daha çox içki qəbul edirlər – ilə ortalama 11.2 litr alkoqol içirlər. Bu, günə təxminən iki stəkan deməkdir.

Amerikalılar ildə avropalılardan 20 faiz az içirlər, afrikalıların içdiyi onların yarısına bərabərdir. Yaşı 15-dən yuxarı hər beş avropalıdan biri «bərk içən»dir, həftədə azı bir dəfə günə dörd porsiyadan çox alkoqol qəbul edir.

İnfoqrafika

HƏR DÖRD ÖLÜMDƏN BİRİ

Amerika Xərçəng Cəmiyyəti bu hesabatın tapıntılarını dəstəkləyib, saytında qeyd edib ki, alkoqoldan istifadəni kişilər üçün gündə iki, qadınlar üçün bir dəfəyə salmağın sağlamlığa böyük təsiri olar.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2014-cü ildə açıqladığı hesabatda deyilir ki, mədə-bağırsaq xəstəliklərində hər dörd ölümdən biri alkoqolla izah oluna bilər.

ÜST 2030-cu ilədək yeni xərçəng hallarının 22 milyona artacağını proqnozlaşdırır. 2012-ci ildə bu rəqəm 14 milyon idi. Xərçəngdən hər il baş verən ölüm hallarının isə 8.2 milyondan 13 milyona yüksələcəyi gözlənir.

«Bəzi siyasi addımlar – qiyməti minimum əlçatan etmək, alkoqola çıxışı məhdudlaşdırmaq gələcəkdə ölüm hallarını önləyə bilər», – Avstriyadakı «Klinikum Klagenfurt» Hospitalında departament rəhbəri Markus Peck belə hesab edir.

LİTVA TƏCRÜBƏSİ

Avropanın ən bərk içənləri Litvaya «toplaşıb», günə 3.2 stəkan «aşırırlar», bu, ilə adambaşına 18.2 litr təmiz alkoqol deməkdir. Müqayisə üçün, ABŞ-da içənlərin lap ayıq imişlər, günə cəmi 1.6 stəkan içirlər.

Litva hökuməti alkoqol qanunlarında islahatlar aparıb, dəyişikliklər yanvarın 1-dən qüvvəyə minəcək. Ölkədə alkoqolun reklamı yasaqlanacaq, içki yaşı 18-dən 20-yə qaldırılacaq, axşam 8-10 arası alkoqol satılmayacaq.

17 yaşlı Egle Leskauskaite içkini qanuni yolla içməkdən ötrü 2020-ci ilin iyulunu gözləməli olacaq və hesab edir ki, bu, alkoqolu daha da cazibədar edəcək.

«Qıcıq yaradır, çünki litvalıların içməyini əngəlləyə bilməyəcək. Adamlar içmək istəyirlərsə, onu almağın yolunu da tapacaqlar», – o deyir.

XS
SM
MD
LG