Keçid linkləri

2024, 10 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:06

Qərbi Avropa daşqınlarında ölənlərin sayı artır


Almaniyanın Erftstadt-Blessem bölgəsi daşqınlardan sonra
Almaniyanın Erftstadt-Blessem bölgəsi daşqınlardan sonra

Almaniya rəsmiləri bildirirlər ki, ölkədə daşqın və sel suları nəticəsində ölənlərin sayı arta bilər.

İyulun 16-a olan məlumata görə daşqınlarda ölənlərin sayı 100-ü keçib, daha yüzlərlə sakin itkin düşüb və ya evsiz qalıb.

Güclü yağışların ardınca daşan çayların sel suları bütöv kəndlərin küçə və evlərini yuyaraq dağıdıb.

Reuters yazır ki, Almaniyanın Şimali Reyn-Vestfaliya və Reynland-Pfalts torpaqlarında, habelə Belçika və Niderlandın bəzi hissələrində daşqınlar bütöv icmaları xarabalığa çevirib.

Bu həftənin əvvəlindən yağan leysan yağışlarında təkcə Almaniyada 103 nəfər ölüb.

Bu, son 60 ildə Almaniyada baş vermiş təbii fəlakətlərdə ən böyük tələfat rəqəmidir. Ölənlərin arasında əlillər evinin 12 sakini də var.

Almaniyada 1962-ci ildə baş vermiş Şimal dənizi daşqını 340 nəfərin həyatına son qoymuşdu.

2002-ci ildə Elba çayı daşarkən media bunu “əsrdə bir dəfə” adlandırmışdı.

O vaxt Almaniyada 21, bütün mərkəzi Avropa boyunca 100-dən artıq ölən olmuşdu.

Bu həftə milli matəm elan etmiş Belçikada daşqınlarda azı 20 nəfərin öldüyü, daha 20 nəfərin itkin düşdüyü deyilir.

Şimali Reyn-Vestfaliyanın dövlət naziri və Angela Merkelin siyasi varisi Armin Laşet baş verənləri “tarixi miqyasda fəlakət” adlandırıb.

Bəzi şərhçilər deyirlər ki, təbii fəlakət sentyabrda keçiriləcək parlament seçkisində siyasi qüvvələrin balansını təsirləndirə bilər.

Ekspertlər bildirirlər ki, Qərbi Avropada misli görünməmiş daşqınlara iqlim dəyişikliyi səbəb olub.

Onların fikrincə, bu, Qolfstrim hava axının istiqamətinə təsir göstərib.

XS
SM
MD
LG