Keçid linkləri

Təcili xəbərlər
2019, 13 Dekabr, Cümə, Bakı vaxtı 00:51

Ekspert: ‘Avropa standartını təhlükə olaraq təqdim etməyə çalışırlar’


Azərbaycan və Avropa Birliyinin bayrağı

Bu ilin yazında Avropa Birliyi ilə Azərbaycan arasında tərəfdaşlıq sazişinin imzalanacağının gözləndiyi bildirilir. Bununla bağlı hər iki tərəf açıqlamalar verib.

Artıq yaxın aylarda imzalanacağı deyilən bu sənəddə hansı məqamların yer alacağı və bunun əhəmiyyəti Azərbaycan cəmiyyətində bir çox çox insanları düşündürməkdədir.Ancaq bununla belə sazişin yaxın aylarda imzalanacağına şübhə edənlər də var.

Azərbaycanda Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyasının Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı hesab edir ki, Avropa Birliyinə Azərbaycan nə qədər lazımdırsa, Azərbaycana da bu birlik o qədər lazımdır:

“ Yəni bu əməkdaşlıqda qarşlıqlı yararlanma olmalıdır”

Məhərrəm Zülfüqarlı, 10 noyabr 2010
Məhərrəm Zülfüqarlı, 10 noyabr 2010

Məhərrəm Zülfüqarlı bütün hallarda müqavilənin bağlanması tərəfdarı olduğunu söyləyib:

“Çünki Azərbaycan Qərb ölkələrinə nə qədər inteqrasiya etsə, cəmiyyət Avropa dəyərlərini daha çox mənimsəyəcək. Həm də müəyyən problemlərin həllində “köhnə qitə”nin dəstəyinə arxalana biləcəyik. Düzdür, Qərbin dəstəyinə tam arxayın olmaq olmur. Amma hər halda demokratik ölkələr müəyyən məsələlərdə bizə dəstək verə bilərlər. Həm də bu il Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcəyindən, Avropa Şurası ilə bərabər Avropa Birliyindən də müşahidəçilər gələcək”.

“90-cı illərdə düşünürdük ki, “Əsrin müqaviləsi” imzalanarsa,...”

M.Zülfüqarlı Azərbaycanın Avropa Birliyi ilə saziş imzalanmasının ölkəyə faydalarının olduğunu hesab edir.

“Ancaq biz sadəlöhv olmamalıyıq. 90-cı illərdə düşünürdük ki, “Əsrin müqaviləsi” imzalanarsa, neft-qaz Avropaya gedəcək, nəticədə onlar bizə dəstək verəcək, elə olmadı. Hər bir dövlətin öz marağı olduğundan biz öz dövlət maraqlarımızı önə çəkməliyik. Baxın, Fransada “sarıjiletlilər”dən nə qədər adam həbs ediblər.Bu ölkənin Azərbaycanı kiminsə həbsinə görə ittiham etməsi doğru deyil. Bu dövlətlər birinci öz ölkələrində insan haqları prooblemlərini həll etməli, sonra Azərbaycan kimi ölkələr barədə açıqlama yaymalıdırlar”.

Akif Qurbanov, 17 oktyabr 2013
Akif Qurbanov, 17 oktyabr 2013

Mərkəzi Seçki Komissiyasının (MSK) keçmiş üzvü, seçki eksperti Akif Qurbanov isə hesab edir ki, Bakının Brüsellə imzalayacağı bildirilən sazişin siyasi islahatlar, təhlükəsizlik, sabitlik, iqtisadi və ticari baxımdan çox faydası ola bilər:

“ Azərbaycanın ticarət dövriyyəsində ABŞ və Rusiyadan çox Avropa dövlətləri yer tutur. İdxalda və ixracda Avropa bazarı daha çox əhəmiyyət kəsb edir. Ancaq bunun üçün Azərbaycan hökumətinin apardığı siyasətdə Qərb standartlarına cavab vermə meylləri olmalıdır”

“Bakı danışığı uzatmağa cəhd edir”

Akif Qurbanov təəssüflənir ki, hökumət illərdir mövcud idarəetmə siyasətindən qurtulmaq istəmir:
“ Bu amil hökumətin Avropa meylli addım atacağı gümanını da yaratmır. Problem ondadır ki, Azərbaycan hökuməti üçün əsas məsələ hakimiyyəti qorumaqdır. Bunun da əsas ideoloji bazası kimi Azərbaycan standartı anlayışını ictimaiyyətə təlqin edib Avropa standartını təhlükə olaraq təqdim etməyə çalışırlar. Bu baxımdan hakimiyyətin ideoloji təhlükə kimi gördüyü Avropa standartına yaxınlaşacağına inanmıram. Ola bilsin hansısa sazişin bağlanması yönündə çərçivə hazırlana bilər, necə ki, əvvəl çərçivə sazişi imzalanmışdı. Amma mən bu məsələdə hələ nikbin deyiləm. Çünki, Avropa Birliyi də insan haqları və demokratiya məsələlərini ana prinsip kimi götürür. Belə olanda onlar da güzəştlərə getməkdən məhrumdurlar... Brüsell də dialoq pəncərəsini açıq saxlayıb Bakını nəyəsə inandırmaq istəyir. Ancaq Bakı avropalıların dialoq mühitində seçdiyi prinsipləri və ritorikanı bildiyindən danışığı uzatmağa cəhd edir”.

Xatırlatma

Azərbaycan Avropa Birliyi (AB) ilə əsası 2009-cu ildə qoyulan «Şərq Tərəfdaşlığı» Proqramı çərçivəsində əməkdaşlıq edib.

«Şərq Tərəfdaşlığı» AB-nin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla Assosiasiya sazişi imzalayıb.

2017-ci ilin ilin fevralından isə Azərbaycanla bu qurum arasında ikitərəfli danışıqlar başlayıb. Siyasi, iqtisadi və başqa sahələr üzrə əməkdaşlığın əks olunduğu bu danışıqlar hələ ki, yekunlaşmayıb.

Ermənistan isə AB ilə 2017-ci ilin noyabrında artıq tərəfdaşlıq sazişi imzalayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG