Gürcüstanda Avropa Birliyi (AB) ilə vizasız rejimin qüvvəyə minməsini böyük qələbə və ölkənin Avratlantik məkana inteqrasiyası yolunda daha bir addım kimi qəbul edirlər. Tbilisi rəsmilərinin sözlərinə görə, AB ilə assosiasiya və azad ticarət sazişinin bağlanmasından sonra viza rejiminin liberallaşdırılması Gürcüstanın mövqelərini və Avropaya yaxınlaşmaq iddialarını daha da möhkəmləndirir.
Ötən gün Gürcüstanın baş naziri Giorgi Kvirikashvili-nin başçılıq etdiyi nümayəndə heyətinin Avropa Birliyinə ilk «vizasız» səfəri sona çatdı. Baş nazir AB rəhbərliyi ilə görüşlər keçirib, gürcüstanlı tələbələrlə birlikdə Brüssel küçələrini gəzib. Nümayəndə heyətini qəbul edən Avropa Birliyi Şurasının sədri Donald Tusk bunu AB ilə Gürcüstan arasında daha sıx əlaqələrin qurulmasında vacib addım adlandırıb. «Exo Kavkaza» saytı bu haqda yazır.
DUMANLI İFADƏLƏR
Avropa və Avratlantika inteqrasiyası naziri Viktor Dolidze də bunun Avropaya doğru addımlardan, sadəcə, biri olduğunu deyir: «Viza rejimi artıq həll olunub və növbəti addımlar üzərində çalışırıq: birlikdə Gürcüstana daha yaxşı təhsil, daha yaxşı infrastruktur, Brüsseldəki alətlərin sınaqdan keçirilməsi imkanları verən proqramlar və konkret praqmatik elementlər işləyib hazırlamaq lazımdır».
Ancaq Gürcüstan rəhbərliyi, hələlik, gələcək addımlar barədə daha konkret danışmağa hazır deyil. İndilik hökumət ancaq Gürcüstanın AB-yə gələcək üzvlüyü kimi dumanlı ifadələrlə (XİN rəhbəri Mikheil Janelidze-nin dilindən) kifayətlənir.
Avropa ilə inteqrasiya üzrə parlament komitəsinin rəhbəri Tamar Khulordava isə artıq qazanılmış nailiyyətlərdən danışmağa üstünlük verir: «Gənclərimiz üçün vizasız rejim çox vacibdir. O bizə Avropa ilə, Avropaya isə bizimlə daha yaxşı tanış olmağa imkan verir. Bu, gələcək planlarımızdan ötrü çox vacibdir. Bilirsiniz, biz AB ilə daha çox siyasi inteqrasiyaya doğru bir o qədər də məqsədyönlü irəliləmirik».
«AVROPA» QƏRARLARI
Ölkə rəhbərliyi daha çox gürcü xalqının növbəti dəfə azadlıq və demokratiya prinsiplərinə sədaqətini sübut etməsindən, böyük Avropa ailəsində öz yerini müəyyən etmək üçün mühüm addım atmasından danışır. Bu məsələdə müxalifət də hökumətlə razıdır. Ancaq müxalifət bu nailiyyəti hakim «Gürcü arzusu»nun adına yazmaq istəmir. Müxalifətin fikrincə, viza rejiminin ləğvi istər Gürcüstanda, istərsə də xaricdə atılan bir sıra siyasi addımların kombinasiyasının nəticəsidir. Ancaq müxalifət bir məsələdə hökumətlə razıdır: inteqrasiya prosesi davam etməli, AB-yə üzvlüklə başa çatmalıdır.
Ancaq müxalifətin parlamentdə təmsil olunmayan hissəsi perspektivlərə daha ehtiyatlı yanaşır. «Azad demokratlar»ın üzvü Shalva Shavgulidze-nin fikrincə, AB-yə üzv olmaq üçün hökumət «Avropa» qərarları verməlidir: «Bu, özümüzü Avropa ailəsinin üzvü kimi hiss etməyimizə yetərli deyil. Ölkəmizin institusional quruluşca əsl Avropa dövləti olmasından ötrü daha ciddi işlər görməliyik».
ALTI SAHƏ
Politoloq Kakha Gogolashvili isə Tbilisinin növbəti addımları barədə daha konkret fikirlər səsləndirir. O hesab edir ki, Gürcüstan siyasətçiləri daha realist mövzulara fokuslanmalıdırlar: «Sonucda biz vətəndaşlara vaxt məhdudiyyəti qoymayan vizasız rejim almaq istəyirik. Yəni, hər kəs AB ərazisində istədiyi qədər qala bilsin. Bir də, əlbəttə ki, AB-də işləmək hüququ və daha geniş hərəkət azadlığı almaq».
Politoloqun fikrincə, bütün bunlar yalnız kompleks fəaliyyət planının gerçəkləşməsi ilə mümkündür. Hökumət belə bir planın artıq mövcud olduğunu deyir. Bildirilir ki, bu plan 6 sahəni əhatə edir: institusional və qanunverici normaların uğurla həyata keçirilməsi, AB-nin ixtisaslaşmış agentlikləri ilə maksimal inteqrasiya, Gürcüstanın AB-nin cari proqramlarında iştirakının effektivliyinin artırılması, AB strukturları ilə danışıqlar mərhələsindən əməkdaşlıq mərhələsinə keçilməsi, müdafiə və təhlükəsizlik sahəsində daha dərin dialoq, habelə AB-nin daxili bazarı ilə fiziki inteqrasiya.
Müşahidəçilər hesab edirlər ki, bu plan iddialı olsa da, qeyd edilən addımlarda konkretlik çatışmır.