Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:54

ABŞ-a kim daha yaxın müttəfiqdir: Qərbi, yoxsa Mərkəzi Avropa?


Mike Pompeo Budapeştin Azadlıq meydanında prezident Reagan-ın heykəli yaxınlığında
Mike Pompeo Budapeştin Azadlıq meydanında prezident Reagan-ın heykəli yaxınlığında

AzadlıqRadiosunun müxbiri Rikard Jozwiak yazır ki, Macarıstanın xarici işlər naziri Peter Szijjarto jurnalistlərin ona, ölkəsinə xarici təsirlər barədə suallar verməsindən xoşlanır. O hər dəfə eyni cavabın müxtəlif variasiyalarını dilə gətirir.

Jurnalistin dediyinə görə onun özü də Macarıstanın Paks şəhərində Rusiyanın maliyyəsi ilə tikilən nüvə stansiyası barədə sual verəndə belə bir cavab alıb. Jozwiak yazır ki, Peter Szijjarto fevralın 11-də ABŞ-ın dövlət katibi Mike Pompeo ilə söhbətində də bu ritorikaya əl atıb.

Putinin yanında kimi görsəm yaxşıdır?

Ritorika isə bundan ibarətdir: "Avropa İttifaqının güc dəhlizlərində hamı Rusiya barədə sərt danışır. Daha sonra isə mən Sankt Peterburqda keçirilən Beynəlxalq İqtisadi Foruma yollanıram və baş qonaq rolunda kimi görsəm yaxşıdır? Görürəm ki, Emmanuel Macron prezident Putinlə eyni səhnədə əyləşib. Ya da Rusiyada keçirilən Enerji Həftəliyinə qatılıram. Rəyasət heyətində prezident Putinlə yanaşı kim oturub? Total, Shell, ENEL və Fortum şirkətlərinin baş direktorları. Fikir verin ki, bunlardan heç biri Mərkəzi Avropa şirkəti deyil. Sizcə Gazprom şirkəti ilə ŞimalAxını 2 kəmərinin tikintisinə hazırlaşan kimdir? Əlbəttə Qərbin ən böyük enerji şirkətləri”.

Fransa prezidenti Emmanuel Macron (solda), Rusiya prezidenti Vladimir Putin və Almaniya kansleri Angela Merkel
Fransa prezidenti Emmanuel Macron (solda), Rusiya prezidenti Vladimir Putin və Almaniya kansleri Angela Merkel

Szijjarto fikrini belə inkişaf etdirir ki, Fransa prezidenti, Almaniya kansleri və başqa Qərbi Avropa liderləri Rusiya prezidenti Vladimir Putinlə hər hansı macar rəsmisindən daha tez-tez telefonla danışırlar.

Xarici işlər naziri eyni mülahizələri Pompeo bu həftə regiona turunun başlanğıcında Budapeştə gələndə də ifadə edib.

Pompeo burada, Macarıstanda Çinin artan nüfuzu və bunun nəticələri məsələsini müzakirə etməli idi.

Çinin ən yaxın partyorları kimlərdir?

Dövlət katibi Çinin telekommunikasiyalar nəhəngi Huawei şirkətinin Macarıstan bazarındakı hegemonluğundan, burada qovşaq yaratmaq niyyətindən və Çin korrupsiyasının Macarıstan üçün təşkil etdiyi milli təhlükəsizlik hədəsindən, ABŞ-Macarıstan münasibətləri üçün təhlükə yaratmasından söz açmışdı, amma Budapeştin qısa cavabı belə idi: “Avropa İttifaqının Çinlə ticarətində Macarıstanın payı vur-tut 1. 2 faizdir”.

Rikard Jozwiak yazır ki, o macar rəsmilərinin birindən Çinin nüfuz təsiri barədə soruşarkən həmin rəsminin cavabı belə olub: Əgər ABŞ Çinin Avropa İttifaqındakı nüfuzundan narahatdırsa, Macarıstana yox, başqa yerlərə baxmalıdır. Məsələn, Fransa və Almaniyaya.

Həmin rəsmi yada salıb ki, bir neçə il bundan əvvəl Almaniya Avropa İttifaqının Çinin günəş panelləri satışına qoyduğu rüsumların işə salınmasını əngəlləməyə çalışırdı.

Bu taktika tamamilə aydındır: Macarıstanın ittiham olunduğu bütün yanlışlıqlara görə Qərb riyakarlığının ittiham edilməsi.

Bu taktikadan Pompeo ilə görüşlərində Slovakiya və Polşa da istifadə ediblər.

Həqiqət bundan ibarətdir ki, Birləşmiş Ştatlar Çex Respublikasının da daxil olduğu Vişeqrad dördlüyünün ABŞ-ın ən yaxın müttəfiqi olduğunu bilir. Xüsusilə də indi, Birləşmiş Krallığın Brexit yolunda olduğu bir vaxtda.

Vişeqrad dördlüyü hara baxır?

Həm Macarıstan, həm də Polşa diplomatları ABŞ-ın respublikaçı administrasiyası ilə işləməyin nə qədər yaxşı olduğundan, miqrasiyadan tutmuş Xristian dəyərlərinin qorunmasınadək ən müxtəlif məsələlərdə maraqların üst-üstə düşməsindən məmnuniyyətlə söz açırlar.

Macarıstan Avropa İttifaqında ABŞ-ın xarici siyasətini tənqid edən bütün bəyanatlara veto qoymaq adətinə malikdir. Polyaklar amerikalılarla birlikdə Varşavada Yaxın Şərq konfransı keçirməklə Avropa İttifaqının narazılığına səbəb olduqlarını bilirlər.

Polşanın xarici işlər naziri jurnalistlə söhbətində deyib ki, Polşa bu tədbirə ABŞ-dan Mike Pompeonun, Mike Pence-in və hətta prezident kürəkəni Jared Kushner-in, habelə Yaxın Şərqdən olan ərəb nümayəndələrinin təşrif gətirməsindən məmnundur. Lakin o qeyd edib ki, burada mötəbər qonaqların arasında Qərbi Avropanın nümayəndələri olmayacaq.

Polşa və ABŞ qoşunlarının paraşüt təlimi - Anakonda manevrləri (2016)
Polşa və ABŞ qoşunlarının paraşüt təlimi - Anakonda manevrləri (2016)

Bütün bunların əvəzində Polşanın gözlədiklərini demək hələlik mümkün deyil, amma bəzi mülahizələrə görə polyaklar Polşada ABŞ bazasının yaradılacağına və INF müqaviləsi qüvvəsini itirdikdən sonra Vaşinqtonun Varşavanı silahlarla təchiz edəcəyinə ümid bağlayırlar.

ABŞ-ın Polşadakı səfiri bu həftə bildirib ki, bu ölkəyə daha çox ABŞ hərbçisinin yerləşdirilməsi məsələsi böyük bir ehtimalla həllini tapmaqdadır.

Rikard Jozwiak yazır ki, Avropa İttifaqının başı Britaniyanın blokdan çıxması ilə bağlı yaranmış mürəkkəbliklərə qarışdığı və Parislə, Berlinin köhnə Fransa-Almaniya mühərrikini işə salmağa çalışdığı bir vaxtda Vişeqrad 4-lüyü yəqin ki, başqa yerlərə - məsələn, Pekinə, amma daha böyük bir ehtimalla Vaşinqtona sarı boylanmaqda davam edəcək.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG