Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:09

‘Prezident bunu ‘lazımsız kağız parçası’ adlandırırsa...’


Avropa Şurası təşkilat qarşısında öhdəliklərini kobud şəkildə pozan üzv-dövlətlərlə bağlı yeni qərar qəbul edib.

Əgər üzv-dövlət öhdəliklərini kobud şəkildə pozur, təşkilatın prinsip və dəyərlərinə əməl etmirsə, bu halda, Avropa Şurası Nazirlər Komitəsi o ölkəyə münasibətdə yeni – tamamlayıcı prosedura başlamaq qərarı verəcək. Fevralın 5-də Avropa Şurası Parlament Assambleyası (AŞPA) və Nazirlər Komitəsi bu məsələni qətiləşdirib.

“Yol xəritəsi”

Prosedur Avropa Şurasının həm Nazirlər Komitəsi, həm Parlament Assambleyası, həm də təşkilatın baş katibinin təşəbbüsü ilə başlana bilər. Prosedur bir neçə mərhələdən ibarət olacaq. Hər mərhələ üçün də müəyyənləşdirilmiş konkret müddət var.

Prosedurun mahiyyətinə gəlincə, 4 həftə ərzində “yol xəritəsi” hazırlanacaq, vəziyyətin düzəlməsi üçün təklif olunan tədbirlər orada əksini tapacaq. Sonrakı 12 həftə ərzində bu planın icrası izləniləcək.

Əgər bu müddətdə vəziyyət düzəlsə, müsbət inkişaf olsa, Nazirlər Komitəsi üçdə iki səs çoxluğuyla proseduru dayandırmaq haqda qərar qəbul edə bilər.

Baş katib, Nazirlər Komitəsi və Parlament Assambleyasının təşəbbüsü ilə zərurət yaranarsa, “yol xəritəsi”nə yenidən baxıla bilər. Əgər üzv-dövlət vəziyyəti dəyişməsə, növbəti 12 ay ərzində ölkəyə qarşı sanksiyalar mərhələsinə keçid olacaq.

“Mən yeni prosedurun qəbulu ilə bağlı Nazirlər Komitəsi və Parlament Assambleyasının birgə qərarını alqışlayıram. Avropa Şurası xarici işlər nazirlərinin ötən ilin mayında Helsinkidəki görüşündə deyildiyi kimi, bu prosedur təşkilatın daha effektiv fəaliyyətinə kömək edəcək”, - Avropa Şurasının baş katibi Marija Pejčinović Burić belə deyib.

Bu prosedurun tətbiqi ötən il mayın 17-də Helsinkidə keçirilən görüşdə ciddi müzakirə predmeti olmuşdu. Müzakirələrdə vurğulanırdı ki, üzv dövlət Nizamnamə öhdəliklərini pozursa, təşkilatın standartlarına, prinsip və dəyərlərinə əməl etmirsə, Avropa Şurasının bu cür vəziyyətlərdə daha effektiv reaksiyası üçün koordinasiyalı fəaliyyətinə zərurət var.

“Avropa Şurası da bunu görür”

Azərbaycanın Avropa Şurasındakı keçmiş səfiri Arif Məmmədov AzadlıqRadiosu-na deyib ki, bu prosedur Azərbaycan kimi öhdəlikləri kobud şəkildə pozan ölkələr üçün nəzərdə tutulub.

Onun sözlərinə görə, Avropa Məhkəməsinin qərarlarının icra edilməməsi, ölkədə qanunun aliliyinin təmin olunmaması, insan hüquqlarının pozulması, insanların siyasi motivlərlə həbsdə saxlanması həm öhdəliklərin pozulması, həm də təşkilatın prinsip və dəyərlərinə sayğısızlıqdır:

“Əgər Avropa Şurası Parlament Assambleyası Azərbaycanda siyasi məhbuslarla bağlı qətnamə qəbul edir, ölkə bu problemin həlli əvəzinə, prezident bunu “lazımsız kağız parçası” adlandırırsa, bu, artıq təşkilata hörmətsizlikdir. Avropa Şurası da bunu görür. Demirəm ki, başqa üzv-dövlətlərlə bağlı problem yoxdur. Məsələn, bu yaxınlarda Avropa Birliyinin üzvü olan Polşada da vəziyyət qənaətbəxş sayılmadı, ölkə monitorinq altına alındı. Yəqin başqa ölkələrin də hökumətləri qərarlardan narazı qalır. Amma daha İlham Əliyev kimi qətnaməni “lazımsız kağız parçası” adlandırmır. Avropa Məhkəməsi İlqar Məmmədov və digərlərilə bağlı qərar verib. Həmin qərarlar icra olunmayıb. Bu üzdən adamlar seçkidə namizəd kimi iştirak edə bilmədilər. Halbuki, Nazirlər Komitəsi Azərbaycan hökumətinə çağırış etmişdi. Bu cür hallara dözdükcə, Avropa Şurasının nüfuzu da zərbə alırdı. Görünür, ona görə belə bir qərar qəbul ediblər”.

Keçmiş səfir onu da bildirir ki, Avropa Şurasından çıxarılmaq istənilən ölkəyə çox ciddi zərbə vura bilər. Bu halda, ölkənin təhsil sistemindən tutmuş, bank sektoruna qədər müxtəlif sahələr ziyan görür:

“Təhsildə Boloniya sistemi, MONEYVAL-a (Avropa Şurasının çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində öhdəliklərin icrasına nəzarət edən komitəsi-red.) qədər heç nəyi yaddan çıxarmaq olmaz. Ölkə çirkli pulların yuyulmasına qarşı sazişdən çıxsa, heç bir ciddi bank o ölkə ilə əməliyyatlar aparmaz”.

Sanksiyadan öncə dialoq və əməkdaşlıq yolu

Hüquqşünas Emin Abbasov yeni qərarı şərh edərkən bildirib ki, Avropa Şurası üzv ölkələri öhdəlikləri yerinə yetirməyə məcbur etmək məqsədilə bunu qəbul edib.

Hüquqşünasın fikrincə, məqsəd həm də qayda və prinsipləri pozan ölkələri dərhal uzaqlaşdırmaq kimi ağır sanksiyadan öncə konstruktiv dialoq və əməkdaşlıq yoluyla buna sövq etməkdir:

“Bu yeni qayda Avropa Şurasına daha geniş imkan verir ki, Avropa İnsan Hüquqları Konvensiyasından irəli gələn öhdəliklərini icra etməyən Azərbaycan kimi ölkələri də ən ağır sanksiyalardan öncə dialoq yoluyla, öz siyasətinə yenidən baxmağa və öhdəliklərin icrası üçün konkret tədbirlər görməyə sövq etsin”.

Azərbaycan hökumətinin təmsilçiləri isə Avropa Şurası qarşısında götürülmüş öhdəliklərə əməl olunduğunu bəyan edirlər. Konkret bu məsələ ilə bağlı hakimiyyət təmsilçilərindən açıqlama almaq mümkün olmayıb. Ancaq Azərbaycan prezidenti İlham Əliyev fevralın 5-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdə də AŞPA-nın Azərbaycanda siyasi məhbuslarla bağlı qətnaməsinə toxunaraq deyib ki, bu sənəd “bizim üçün heç bir əhəmiyyət kəsb etmir və bu qətnamənin bizim üçün dəyəri bir kağız parçasından artıq deyil. Orada səslənən uydurma ittihamların heç birini biz qəbul etmirik və onların heç bir dırnaqarası tələbini icra etməyəcəyik. Azərbaycanı ancaq qara rənglərlə boyamağa çalışırlar və yenə də əsassız, saxta məlumat əsasında məruzələr dərc olunur və qətnamələr qəbul edilir”.

Prezident onu da deyib ki, Avropa Şurasında “deqradasiya prosesi gedir”:

“Bu təşkilat beynəlxalq müstəvidə öz əhəmiyyətini itirməkdədir. Təşkilat dünyada gedən proseslərə heç bir təsir etmək gücündə deyil. Təşkilatın nüfuzu çox aşağı düşüb və bunun yəqin ki, başlıca səbəbi təşkilatda hökm sürən riyakarlıq, ikili standartlar və ədalətsizlikdir”.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG