Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:43

Əvəz Zeynallı 200 manat cərimələndi


Əvəz Zeynallı
Əvəz Zeynallı

Bir gün öncə saxlanılan jurnalist Əvəz Zeynallı dekabrın 20-də məhkəmə qarşısına çıxarılıb. İnzibati Xətalar Məcəlləsinin 535-ci (polisin qanuni tələbinə tabe olmama) maddəsi ilə təqsirləndirilən jurnalistin işinə Binəqədi Rayon Məhkəməsində hakim Rəşad Əliyev baxıb.

Məhkəməyə prosesi izləməyə gələn ictimaiyyət nümayəndələri, jurnalistlər, hətta ailə üzvləri də buraxılmayıb.

Məhkəmə üç saata yaxın davam edib. Yalnız məhkəmənin sonunda - hakim qərarı elan edərkən adamlar məhkəmə zalına buraxılıb.

«Görünür, bir əsas lazım imiş»

Hakim qərarda göstərib ki, Ə.Zeynallı «Nissan» markalı avtomobillə evinə gedərkən, Azadlıq prospektində təmir işləri ilə əlaqədar yolun bağlı olmasına etiraz edib. Bu zaman ona bir nəfər mülkigeyimli şəxs, ardınca da polis kapitanı yaxınlaşıb. Nəticədə onların arasında mübahisə yaranıb, Ə.Zeynallı polis əməkdaşının ünvanına nalayiq ifadələr işlədib.

Qərarda yazılıb ki, Ə.Zeynallı işlətdiyi ifadələrə görə üzr istəyib, peşman olduğunu deyib. Polis əməkdaşı Mübariz Şahmarov da məhkəmədə üzrxahlığı qəbul edib, qanuna uyğun qərar çıxarılmasını istəyib.

Hakim bildirib ki, Ə.Zeynallının peşman olmasını, üzr istəməsini və himayəsində yetkinlik yaşına çatmayan iki uşağın olmasını nəzərə alaraq, ona 200 manat cərimə cəzası təyin olunub.

Məhkəmə qarşısında
Məhkəmə qarşısında

Məhkəmədən sonra Ə.Zeynallı jurnalistlərə bildirib ki, onu saxlayandan sonra polis idarəsində bir neçə dəfə kimlərləsə əlaqə saxlayıb, hadisəni məruzə ediblər:

«Binəqədi yolu faciədir. Ayın 24-ü gəlib keçsəydi, prezident o yoldan gəlib-getsəydi, biz də rahatlaşardıq. Orada dedim ki, «bu xarabanı hər gün niyə bağlayırsız?». Bundan yapışdılar. Hakim məhkəmənin sonunda adamları içəri buraxıb, qərarı elan edərkən mənim üzr istəməyimi dəfələrlə vurğulamaqla, bunu adamlara çatdırmaq istəyirdi. Görünür, bir əsas lazım imiş... Əsəbi şəkildə dediyim «bu xarabanı niyə bağlayırsız?» cümləsini kimsə özünə götürübsə, üzr istəyirəm. Belə demişəm...».

Baş redaktorun məhkəməsi vəkilsiz, bağlı qapılar arxasında başladı

Binəqədi Rayon Məhkəməsində "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallının məhkəməsi başlayıb.

Jurnalist saat 15.00 radələrində məhkəməyə gətirilib. Qapılar bağlanıb və Əvəz Zeynallının vəkili Elçin Sadıqovun iştirakı olmadan, yaxınları, prosesi izləməyə gələn ictimaiyyət nümayəndələri və jurnalistlər buraxılmadan məhkəmə başlayıb.

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının dünən dekabrın 19-da polisə aparıldığı bildirilib. Bu haqda jurnalistin həyat yoldaşı Məlahət Qisuri məlumat verib. Onun sözlərinə görə, Əvəz Zeynallı hazırda Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsindədir.

Xatırlatma

Ə.Zeynallı 2002-ci ildən «Xural» qəzetinin baş redaktorudur. O, Milli Məclisin keçmiş deputatı Gülər Əhmədovanın şikayəti əsasında həbs edilib.

2013-cü il martın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın verdiyi hökmlə 9 il azadlıqdan məhrum edilib.

Hədə-qorxu gəlməklə külli miqdarda rüşvət almaq, daha sonra isə məhkəmə qərarlarını icra etməmək və vergidən yayınmaqda ittiham olunub.

Baş redaktor o zaman bütün ittihamları rədd etmişdi.

2014-cü il dekabrın 30-da prezidentin imzaladığı əfv sərəncamı əsasında azadlığa buraxılıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG