"Avatar" pərəstişkarları uzun ləngimədən sonra maraqlı xəbər alıblar: "Avatar 2" çıxır.
Kanadalı rejissor Ceyms Kemeron Yeni Zelandiyanın Vellinqton şəhərindən "CinemaCon" tədbirinə göndərdiyi videomesajda "Avatar 2"nin üzərində son işlərin getdiyini deyib. Filmin rəsmi adı isə belədir: "Avatar: The Way of Water".
"CinemaCon" Milli Kinoteatr Sahibləri Birliyinin hər il keçirdiyi tədbirdir. Builki tədbirdə "Avatar 2" filminin treyleri də nümayiş etdirilib. Qonaqlara bunun üçün xüsusi 3D eynəklərin də paylandığı deyilir.
"Avatar 4" və "Avatar 5" də çəkiləcək
"Bilirəm ki, bu iki il sərgi icması üçün çox çətin olub. İstəyirəm prodüser Con Landau və mənim sizinlə işləmək üçün bura gəldiyimizi məndən eşidəsiniz. Siz bizim tərəfdaşlarımızsınız. Biz bunu ən yaxşı necə edə bilərik? Kinoteatrda baxılması vacib olan kontent yaratmaqla", – Kemeron pandemiyanın qızğın vaxtında demişdi.
Artıq ayrılıq bitmək üzrədir. "Avatar 2" dekabrın 16-sı ekranlara çıxacaq. Sekvelin artıq çəkilmiş üçüncü filmi isə 2023-cü ilin dekabrında buraxılacaq. Bu filmlərin postprodakşn emalı bitən kimi Kemeron və çəkiliş qrupu bir-birinin ardınca "Avatar 4" və "Avatar 5"i çəkəcəklər.
Filmin 3D treylerində Pandoranın parlaq görüntüsü əks olunub. Ancaq Kemeron həm də auditoriyanın bu treyleri görə biləcəyi ilk və yeganə yerin kinoteatrlar olduğunu təsdiqləyib. Tamaşaçılar bu treyleri mayın 2-dən etibarən kinoteatr ekranlarına çıxacaq "Doctor Strange in the Multiverse of Madness" filminin əvvəlində görə biləcəklər.
Suyun altında altı dəqiqə
"Avatar 2" yenidən Pandora planetinə qayıdır. Filmdə hadisələrin çox hissəsi planetin okeanlarında cərəyan edir. Kemeron suyun altındakı səhnələri çəkmək üçün xüsusi yeni texnologiya işləyib hazırlayıb. Bu, daha öncə əldə olunmamış nəticədir. Ancaq sualtı səhnələrin heç də hamısı kino tryukları deyil. 72-yaşlı aktrisa Siqurni Uiver film çəkilən zaman suyun altında nəfəsini altı dəqiqə saxlamalı olub.
Kemeron öncə çəkiliş heyətinin filmin, həqiqətən, suyun altında çəkilməsinə qarşı olduğunu deyib. "GQ" yazır ki, heyət filmin xüsusi fəndlərlə quruda çəkilməsini, sonradan postprodakşn texnologiyası ilə "suya salınmasını" istəyirmiş. Kemeron onları inandırmaq üçün bir səhnəni əvvəl quruda, sonra isə suyun altında çəkib. Bununla da o, filmin quruda çəkilməsini istəyən komanda üzvlərinə aradakı keyfiyyət və inandırıcılıq fərqini göstərə bilib.
Həmin heyət
"Avatar 2"də Sallinin ailəsi həyatda qalmaq üçün mübarizə aparacaq. Salli, Neytiri və onların uşaqları filmin əsas qəhrəmanları olacaq. Filmdə hadisələrin ilk "Avatar" filmindəki hadisələrdən 10 il sonraya təsadüf etdiyi deyilir.
"Avatar" filmindəki aktyor heyətinin çox hissəsi "Avatar 2"yə qayıdıb. Siqurni Uiver, Sem Uortinqton və Zoi Saldana bu filmdə də var. Aktyor heyətinə Mişel Yeo və Keyt Uinslet kimi yeni adamlar da qoşulub. Keyt Uinslet "Titanic" filmi ilə onu məşhurluğun zirvəsinə qaldırmış rejissor Ceyms Kemeronla yenidən bir araya gəlib.
"Disney" "Avatar" filmini pərəstişkarlarının sekveli yaxından izləyə bilməsi və ikinci filmin nümayişinə hazırlaşması üçün sentyabrın 23-də yenidən kinoteatr ekranlarına çıxaracaq. Bu, həm də auditoriyanın həyəcan və intizarını artırmaq üçündür.
"Dörd film daha böyük epik saqada birləşəcək"
Prodüser Con Landau "CinemaCon" tədbirində sekvelin gedişatını izah edib. Onun sözlərinə görə, ümumi işdə çoxlu sekvellərin olmasına baxmayaraq, "hekayələrdən hər birinin öz sonluğu olacaq və hər film auditoriyanın emosiyalarına toxunacaq".
"Ancaq ümumi baxdığımız zaman dörd film daha böyük epik saqada birləşəcək", –Landau sözünə davam edib.
2009-cu ildə çıxmış "Avatar" filmi kino tarixinin maliyyə baxımından ən uğurlu filmlərindən biri sayılır. Film ekranlara çıxdığı vaxtdan bəri çoxlu pərəstişkar toplayıb və populyar mədəniyyətin bir hissəsinə çevrilib.
Kemeron uzun zaman idi ki, yeni sekvellərin olacağından danışırdı. Ancaq 12 illik ləngimə bu vədləri 3D IMAX həvəskarları üçün əlçatmaz arzuya çevirmişdi.
"Avatar 2" dekabrın 16-da böyük ekrana çıxacaq.