Polşa polisi faşistlərin qurduğu, sonradansa muzeyə çevrilən Osvensim *(Auschwitz) düşərgəsində çılpaq aksiya keçirən azı 11 nəfəri saxlayıb. Muzey rəhbərliyi bildirib ki, aksiyaçılar bir qoyunu öldürəndən sonra paltarlarını çıxarıb və özlərini bir-birinə zəncirləyib.
Hadisə düşərgənin girşində, üstünə“Arbeit Macht Frei" (işləmək müstəqilləşdirir) yazılan məşhur qapının altında keçirilib. Qrup üzvlərinin bu aksiyanı keçirmələrinin səbəi bilinmir.
Muzey bağlanandan sonra əraziyə polis gəlib.
Aksiyaçılar 20-27 yaş arasında olan 7 kişi və dörd qadından ibarət olub. Onların altısı polşalı, dördü belaruslu, biri isə almaniyalıdır.
Buna da bax: Osvensim əsir düşərgəsinin azad olunmasının 72 ili tamam olur
Muzeyin müdiri Piotr Cywinski deyib ki, muzeyin tarixində ilk dəfədir ki, belə bir hadisə olur:
“Osvensim hər hansı bir aksiya üçün istifadə olunması yolverilməzdir. Bu, düşərgədə həyatını qurban verənlərin xatirəsinə hörmətsizlikdir”.
İkinci Dünya Müharibəsi dövründə faşistlər Auschwitz düşərgəsində 1,1 milyon adamı qətlə yetirib. Onlardan 1 milyonu yəhudilər olub.