Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Avqust, çərşənbə, Bakı vaxtı 03:28

Lamberto Zannier:" ATƏT-in Yerevan ofisi bağlansa da əməkdaşlıq davam edəcək"


lamberto zannier və Edvard Nalbandian

“ATƏT-in Yerevan ofisinin bağlanmasına baxmayaraq təşkilatla Ermənistan arasında əməkdaşlıq davam etdiriləcək və hazırda bu əməkdaşlığın formatı müzakirə olunur”.

Azadlıq Radiosu Ermənistan xidmətinin məlumatına görə, bunu ATƏT-in baş katibi Lamberto Zannier mayın 30-da Yerevanda Ermənistanın xarici işlər naziri Edvard Nalbandianla keçirdiyi birgə mətbuat konfransında deyib.

Zannier deyib ki, Yerevana ofisin əməkdaşları ilə bu məsələni müzakirə etmək üçün gəlib.

Lamberto Zannier
Lamberto Zannier

ATƏT-in Yerevan ofisinin tamamilə bağlanması ayın əvvəllərində bəlli oldu.

Mənbə yazır ki, buna səbəb Azərbaycanın ofisin büdcəsinin təsdiqlənməsinin qarşısını alması olub.

Təşkilatın Yerevan ofisi 2000-ci ildən fəaliyyət göstərirdi və ötən il avqustun 31-dən işi dayandırmışdı.

ATƏT-in Azərbaycanın bu addımına qiymət verməməsi ilə bağlı suala gəldikdə isə Zannier deyib: “Bildiyiniz kimi ATƏT konsensus əsasında fəaliyyət göstərir və biz konsensusa mane olanlara heç vaxt işarə eləmirik.

Ona görə də biz belə məsələlərdə konsensusa qatılmayan hansısa tərəfi ittiham eləmirik. Amma Yerevan ofisinin artıq olmayacağından təəssüflənirəm”, Zannier deyib.

Xatırladaq ki, Azərbaycan xarici işlər nazirliyinin sözçüsü Hikmət Hacıyev bu ilin yanvarında Ermənistanı bu məsələ ətrafında spekulyasiya etməkdə günahlandırmışdı.

Hikmət Hacıyev
Hikmət Hacıyev

“Azərbaycan həqiqətən də ATƏT-in Yerevan ofisinin mandatının uzadılmasını dəstəkləməyib. Azərbaycan dəfələrlə ATƏT-ə xəbərdarlıq etsə də, ATƏT-in Yerevan ofisi öz mandatından kənara çıxır və hərbi-siyasi fəaliyyətlə məşğul olur. Söhbət ofisin Azərbaycanın işğal olunmuş ərazilərindəki tədbirlərdə iştirakından, xüsusilə də Dağlıq Qarabağda minaların təmizlənməsi layihələrindən gedir”.

Hikmət Hacıyev qeyd edib ki, bu cür fəaliyyət Azərbaycanın narazılığına səbəb olur, çünki Yerevan ofisinin münaqişə ilə bağlı məsələlərlə məşğul olmağa səlahiyyəti yoxdur.

Buna da bax: ATƏT-in Yerevan ofisini Bakı bağlayır ?

Edvard Nalbandian həmçinin deyib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri 10 gündən sonra regiona-Yerevan və Xankəndiyə səfər edəcəklər.

Prezidentlər və xarici işlər nazirlərinin mümkün görüşünə gəldikdə isə Nalbandian deyib ki, əgər şərait yaransa belə görüşlər mümkündür.

“ Yüksək səviyyəli görüş əvvəlcədən hazırlanmalıdır. Nazirlərin görüşü bu məqsədlə keçirilir. Ona görə də hələlik yalnız nazirlər səviyyəsindən söhbət gedə bilər”,Nalbandian deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG