Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:09

Zahid Oruc: ‘ATƏT-in rəyi artıq heç nəyi həll etmir…’


Zahid Oruc
Zahid Oruc

"ATƏT-in verdiyi bir tövsiyə istisna olmaqla digərləri “dejurnı” xarakter daşıyır və həyata keçməyəcək”, - Müsavat Partiyasının Divan üzvü Elman Fəttah ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun 11 aprel prezident seçkiləri ilə bağlı yekun hesabatını şərh edərkən deyir.

Hesabatda seçki qanunvericiliyinə və seçki komissiyalarının tərkibinə yenidən baxılması, seçki müddətində baş vermiş qanun pozuntularının araşdırılması, büdcə təşkilatlarında işləyənlərə dövlət qurumları və ya siyasi partiyalar tərəfindən təzyiq göstərilməməsi ilə bağlı bir sıra tövsiyələr verilib.

Elman Fəttah: “ATƏT-in bir torba tövsiyəsi..."

“Bunların hamısı 20 ildir hər seçkidə təkrarlanan tövsiyələrdir. Vəziyyət dəyişmir”, - Elman Fəttah söyləyir. O bu tövsiyələr arasında yalnız birinin – seçki komissiyalarının tərkibinin dəyişdirilməsi haqda tövsiyənin “prinsipial əhəmiyyət” daşıdığını bildirir.

Elman Fəttah
Elman Fəttah

Müsavatçı hesab edir ki, ATƏT bu məsələdə israrlı olmalıdır, sadəcə, tövsiyəni verib kənara çəkilməməlidir.

“ATƏT-in növbəti seçkiləri müşahidə edib-etməməsi, prinsipial yanaşması da artıq bundan asılı olmalıdır. Seçki komissiyalarının tərkibinin dəyişdirilməsi ilə bağlı dəyişikliyə nail olunsa, ondan sonra başqa tövsiyələrin həlli çox sürətlə gedər. Çünki seçki komissiyaları tamamilə hakimiyyətin nəzarətində olduğundan pozuntular araşdırılmır. Pozuntuları törədən elə komissiyanın özüdür. Amma komissiyaları alternativ siyasi qüvvələr təşkil etsələr orda pozuntuların törədilməsinə qanuni müqavimət göstərilər, pozuntuların araşdırılmasında maraqlı olarlar, nəzarətçi funksiyasını icra edərlər. Bu da ona gətirər ki, ATƏT-in bir yığın, belə demək mümkünsə bir torba tövsiyəsi həyata keçər”, - Elman Fəttah belə güman edir.

Zahid Oruc: “Mən adlarla deyərəm ki, komissiya üzvləri vardı...”

Hakim Yeni Azərbaycan Partiyasının parlamentdəki təmsilçisi Siyavuş Novruzov tövsiyələrlə tanış olmadığından bu haqda danışmır.

Hakimiyyətyönlü deputat, son prezident seçkilərində namizəd kimi iştirak etmiş Zahid Oruc sözügedən hesabatı qərəzli sayır.

Deputat seçki öncəsi ATƏT nümayəndələrinin onunla da görüşdüyünü, bu zaman “yaxşı mənzərələrlə” bağlı fikir səsləndirdiklərini, amma seçkidən sonra “mənzərənin çox tünd boyalarla təsvir edildiyini” qeyd edir.

“Bu da bizim nəzərimizdə ATƏT-in məxfi mərkəzlər tərəfindən idarə olunması və qərarverici dövlətlərin geopolitik niyyətlərinə tabe etdirildiyi qənaətini yaratdı”, - Zahid Oruc söyləyir.

Konkret seçki komissiyalarının tərkibinin dəyişdirilməsi ilə bağlı təkliflərə gəlincə, Zahid Oruc deyir:

“2000-ci illərdə ATƏT-in məşhur nümayəndəsi vardı: Jerar Shtudman. Məhz o “6+6+6” formulunu gündəmə gətirdi. Komissiyaların bir partiyadan, rəsmi dairələrdən asılı olmaması üçün “12+1” formulunu təklif etdi. Bitərəflərdən biri hakim qüvvə tərəfindən, biri də siyasi azlıqda olan qüvvələr tərəfindən razılaşdırılmalı idi. Bu da qəbul olundu. Amma formul işləmədi, seçki prosesi iflic vəziyyətinə düşdü. Bu formul aradan qalxdı. Müxalifət hakim qüvvəyə inanmadığını deyir. Sualı tərsinə qoyaq: Azərbaycan insanı və ya bizlər müxalifətin ədalətinə inanırıqmı? Mən adlarla deyərəm ki, komissiya üzvləri vardı, namizədlərinin mövqeyini irəli çəkə bilməkdən ötrü hər cür sövdələşmələrə getməyə hazırıydılar. Gerçəkdən ölkənin taleyini onlara həvalə etmək olarmı?”

Bu formulu doğrudanmı ATƏT təklif etmişdi?

Azərbaycanda seçki komissiyaları ATƏT-lə hakimiyyət arasında uzun müzakirələrdən sonra formalaşdırılıb. Komissiyalarda altı nəfər hakim partiyanı, altı nəfər parlamentdəki müxalifəti, altı nəfərsə bitərəfləri təmsil etməlidir. Amma komissyalardakı parlament müxalifəti və bitərəflərin müstəqilliyi yumşaq deyilsə, həmişə şübhəylə qarşılanıb.

Bu formul ortaya necə çıxdı? ATƏT seçki komissiyalarını real siyasi qüvvələrin paritet əsaslarla formalaşdırılmasını tələb edirdi və...

“Bu ATƏT-in tövsiyə etmədiyi, Venesiya Komissiyasının bəyənmədiyi, hakimiyyətin Seçki Məcəlləsinə saldığı prosedurlardır, indi də biz onun fəsadlarını yaşayırıq”, - Elman Fəttah deyir.

O ilk illərdə komissiyalarda bir nəfərdən çox “real müxalifət” nümayəndələrinin təmsil olunduğunu söyləsə də, daha sonra vəziyyətin dəyişdiyini iddia edir. Onun sözlərinə görə, seçki komissiyalarına ancaq parlamentdə təmsil olunan partiya üzvləri daxil edildiyindən hakimiyyət “real müxalifəti” Milli Məclisə buraxmadı.

Akif Qurbanov: “Tövsiyələr gerçək duruma adekvatdır”

Hüquq müdafiəçisi Akif Qurbanov isə hesab edir ki, ATƏT-in tövsiyələri Azərbaycanın gerçək durumuna adekvatdır.

“Amma təəssüf ki, hakimiyyət 2003-cü ildən bu yana bu tövsiyələri qulaqardına vurmaqla məşğuldur. Yalnız texniki dəyişikliklər edir. Hətta bəzi müddəaları məhdudlaşdırır, istər təbliğat kampaniyası dövrünün qısaldılması, istər namizədliyin qeydiyyata alınması, istərsə də efirdən istifadəylə bağlı imkanların məhdudlaşdırılması buna misaldır. Bu tövsiyələr havadan götürülməyib. Ancaq təəssüflər olsun ki, Azərbaycan hakimiyyəti 2005-ci ildən bu yana beynəlxalq qurumlar qarşısında götürdüyü öhdəliklərə əməl etmir, problemləri həll etmək əvəzinə yenisini yaradır”.

Deputat Zahid Oruc isə nə seçki komissiyalarının tərkibinin, nə də Seçki Məcəlləsinin dəyişdirilməsinə ehtiyac görür.

“ATƏT-in rəyi artıq heç nəyi həll etmir, bir çox dövlət başçıları yeni seçilmiş prezidenti təbrik edib, bu da o deməkdir ki, seçkilərin nəticələri beynəlxalq aləmdə qəbul olunub”, - keçmiş prezidentliyə namizəd deyir.

Xatırlatma

Aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilib. Seçki dövlət başçısının istəyinə uyğun 6 ay önə çəkilib.

Bir çox müxalif siyasi qüvvələrin boykot etdiyi seçkidə hakim partiyanın namizədi İlham Əliyevin 86 faiz səslə qalib gəldiyi bildirilir.

Beynəlxalq Seçkini Müşahidə Missiyası səsvermə günü məntəqələrdə prosedurların pozulduğunu və bunun “mənfi hal” olduğunu bildirib. Eləcə də seçkinin məhdudlaşdırıcı siyasi mühitdə, həqiqi rəqabət mühiti olmadan keçirildiyini, ölkədə ifadə azadlığının təmin edilmədiyini, digər namizədlərin İlham Əliyevi tənqid etməkdən çəkindiklərini bəyan edib.

Hakimiyyət təmsilçiləri bu tənqidləri qəbul etməyib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG