Aprelin 2-də Ermənistandakı parlament seçkiləri Qarabağ sülh prosesinə əhəmiyyətli təsir göstərə bilərmi?
Həmin seçkiden sonra daha indiki prezident hakimiyəti olmayacaq. Seçki partiyaların rolunu artırır. Müxalifətdən Ter-Petrosyanın “Erməni Milli Konqresi” isə parlament seçkisinə “Xalq Partiyası” ilə bir blokda "Qarabağda sülh və Azərbaycanla mehriban qonşuluq" çağırışı ilə gedir.
Politoloq Elxan Şahinoğlu deyir ki, Ermənistanda parlament seçkilərində müxalifət daha çox səs qazansa, bu, Qarabağ münaqişəsinin həllinə müsbət təsir göstərə bilər. Amma siyasi şərhçi onu da qeyd edir ki, 20 ildir iqtidarda olan Ermənistanın hazırki hakimiyyəti öz yerini kiməsə vermək fikrində deyil.
Onun sözlərinə görə, Serj Sarkisyan var gücü ilə çalışacaq ki, yenidən hakimiyyəti öz əlində saxlasın. Elxan Şahinoğlu deyir ki, ola bilsin ki, seçkilərdən sonra Ermənistanda qarşıdurmalarınşahidi olduq.
Konfliktoloq Elxan Mehdiyevin fikrinə görə seçkiləri Sarkisyan qrupu qazanacaqsa, Qarabağ münaqişəsinin həllində radikal dəyişiklik gözləməyə dəyməz. Onun sözlərinə görə Sarkisyan çalışacaq ki, prezident səlahiyyətlərini verənə qədər vəziyyət olduğu kimi qalsın.
Elxan Mehdiyev bildirir ki, seçkilərdə digər qrupların qələbə şansı olduqca azdır. Konfliktoloqun sözlərinə görə Ermənistanda da hakimiyyət Azərbaycanda olduğu kimi seçkiöncəsi bütün metodlarını işə salıb.
Milli Məclisin üzvü, deputat Elman Nəsirovun sözlərinə görə seçkiöncəsi Ermənistandakı siyasi böhran daha da artır. Deputat deyir ki, seçkidə iştirak edən qrupların bir çoxunun Qarabağ münaqişəsinin həlli ilə bağlı kompromis təklifləri mövcuddur. Elman Nəsirovun fikrincə, Serj Sarkisyanın sosial bazası artıq tükənib.