Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:20

ATƏT seçici yaşında olanların sayında kəskin fərqdən bəhs edir


ATƏT müşahidəçiləri seçki prosesində nələri izləyəcəklərini deyirlər
Gözlə

No media source currently available

0:00 0:02:25 0:00

ATƏT müşahidəçiləri seçki prosesində nələri izləyəcəklərini deyirlər

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Seçki Müşahidə Missiyası (SMM) fevralın 9-da Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkisi ilə bağlı aralıq hesabat yayıb.

Hesabatda yazılıb ki, parlament üzvləri 125 birmandatlı dairələrdən sadə səs çoxluğu ilə beş illik seçilir. «Seçki dairələrinin yarısından çoxunda qeydə alınmış seçicilərin sayı orta hesabla qanunun icazə verdiyi həddən çoxdur», - hesabatda qeyd edilib.

Hesabatda vurğulanıb ki, parlament seçkiləri ilk növbədə Konstitusiya və Seçki Məcəlləsi ilə tənzimlənir: «Konstitusiya əsas hüquq və azadlıqları təmin edir. Lakin qanuni çərçivə bu azadlıqlara bir sıra məhdudiyyətlər qoyur».

Müəlliflər yazıb ki, DTİHB ilə Avropa Şurasının Venesiya Komissiyasının sərbəst toplaşma, ifadə azadlığı, media mühiti və namizədlərin qeydiyyatı ilə bağlı çoxsaylı tövsiyələri hələ də nəzərə alınmayıb.

Hesabatda bildirilir ki, Mərkəzi Seçki Komissiyasında (MSK) qərarlar ümumilikdə yekdilliklə qəbul edilir və qurumun saytında yerləşdirilir: «Seçki komissiyaları peşəkar və müvafiq resurslarla təmin olunmuş təsəvvürü yaradır».

«2 milyon nəfərə qədər fərq var»

Müəlliflər habelə seçicilərin sayına da diqqət çəkirlər: «MSK bazasında qeydə alınmış seçicilərin sayı ilə Dövlət Statistika Komitəsinin məlumatlarında səsvermə yaşı olan vətəndaşların sayı arasında təxminən 2 milyon nəfərə qədər fərq var».

Orada yazılıb ki, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına baxmayaraq, üzərilərində olan məhkumluğun götürülməməsi səbəbindən bəzi şəxslərin namizəd kimi qeydiyyatından imtina edilib:

«...Solğun keçməkdədir»

«Rəsmi 22 günlük seçki kampaniyası müddəti yanvarın 17-də başlamış və bu günə qədər solğun keçməkdədir».

Hesabatda o da yazılıb ki, Konstitusiyanın ifadə azadlığına, məlumat əldə etmək hüququna zəmanət verməsinə və senzuranı qadağan etməsinə baxmayaraq, bu hüquqlar müxtəlif qanunlarla ciddi şəkildə məhdudlaşdırılır:

«Televiziyanın hələ də...»

«Televiziyanın hələ də ölkə daxilində ən əlçatan mətbuat vasitəsi olmasına baxmayaraq, əsasən əyləncə, sosial media platformaları isə alternativ siyasi məlumat mənbəyi kimi istifadə olunur».

Hesabatda qeyd edilib ki, Seçki Məcəlləsi ATƏT-in öhdəliklərinə uyğun olaraq vətəndaş və beynəlxalq seçki müşahidəçiliyini təmin edir: «DTİHB SMM-ın görüşdüyü bəzi həmsöhbətlər xarici maliyyələşdirmə ilə bağlı qanun müddəalarının vətəndaş cəmiyyətləri təşkilatlarının müşahidəçiləri cəlb etməsini məhdudlaşdırdığını qeyd ediblər».

Habelə yazılıb ki, Azərbaycan hökumətinin dəvətini aldıqdan sonra ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) bu il yanvarın 7-də Seçki Müşahidə Missiyası (SMM) təsis edib. Səfir Piter Teylerin rəhbərlik etdiyi SMM Bakıda yerləşən 12 nəfərlik əsas heyətdən və 14 yanvarda bütün ölkə üzrə 12 əraziyə göndərilmiş 26 uzunmüddətli müşahidəçidən (UMM) ibarətdir: «Missiyanın üzvləri ATƏT-in 23 iştirakçı dövlətindən seçilib. DTİHB səsvermə, səslərin hesablanması və nəticələrin qeydiyyatı da daxil olmaqla, seçki günü prosesləri müşahidə etmək üçün iştirakçı dövlətlərdən 350 nəfər qısamüddətli müşahidəçinin ezam edilməsini xahiş edib».

«Hökumət siyasi iradənin olduğunu bildirib»

Hesabatda o da yazılıb ki, hökumət DTİHB SMM-ə seçkilərin azad və ədalətli şəraitdə keçirilməsi üçün siyasi iradənin olduğunu bildirib. «DTİHB-lə ünsiyyətdə olan bir sıra həmsöhbət Azərbaycanda fundamental hüquq və azadlıqlara hörmətlə bağlı ciddi narahatlıqlarını ifadə ediblər», -müəlliflər əlavə edib.

Hesabatda həmçinin qeyd edilib ki, bəzi müxalifət partiyaları xüsusilə mediaya çıxışı və təşviqat zamanı sərbəst toplaşmaq azadlığını məhdudlaşdıran mühit səbəbindən seçkiləri boykot etmək qərarına gəldiklərini bildiriblər.

Bu aralıq hesabata, hələlik, MSK və rəsmilərdən münasibət almaq mümkün olmayıb.

ATƏT DTİHB Azərbaycanda bundan əvvəl-2015-ci ildə keçirilən parlament seçkilərini müşahidə etməyib. Onda hökumətlə müşahidəçilərin sayı ilə bağlı razılıq əldə edilməmişdi. Azərbaycan rəsmiləri hesab edirdilər ki, qurum daha çox müşahidəçi göndərmək istəyir.

Xatırlatma

Ötən il dekabrın 5-də prezident İlham Əliyev Azərbaycan Respublikasının V çağırış Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin fevralın 9-na təyin edilməsi haqqında sərəncam imzalayıb.

Ondan üç gün əvvəl, dekabrın 2-də isə Milli Məclis YAP-dan olan deputatların müraciətinə əsasən, parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin olunması xahişi ilə prezidentə müraciət etmişdi. YAP bu qərarı prezident İ.Əliyevin islahatlar kursuna dəstək məqsədilə verdiyini açıqlamışdı. Əslində isə, Azərbaycanda parlament seçkiləri bu ilin noyabrında keçirilməli idi.

Müxalifət qüvvələrindən Milli Şura bu seçkiləri boykot etməklə bağlı qərarını açıqlayıb. Qurum hesab edir ki, Azərbaycanda azad və ədalətli seçkilərdən ötrü minimum şərait belə yoxdur. Rəsmilər və Mərkəzi Seçki Komissiyasının rəhbərliyi onların fikirlərini qəbul etmirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG