Keçid linkləri

Təcili xəbərlər
2020, 16 İyul, Cümə axşamı, Bakı vaxtı 19:57

ATƏT-in seçki hesabatına belə baxırlar


ATƏT

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Seçki Müşahidə Missiyası (SMM) dünən, yanvarın 30-da Azərbaycanda fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkisi ilə bağlı aralıq hesabat yayıb. Hesabatda yazılıb ki, bu vaxta qədər seçki ilə bağlı verilən tövsiyələrin bir çoxu yerinə yetirilməyib. Müəlliflər televiziyanın roluna toxunaraq hesab ediblər ki, təşviqat sönük keçir.


Üstəlik, qurum Mərkəzi Seçki Komissiyasının (MSK) bazasında qeydə alınmış seçici ilə Dövlət Statistika Komitəsinin (DSK) məlumatlında səsvermə yaşı olan vətəndaşların sayları arasında 2 milyon nəfərə qədər fərq olduğuna diqqət çəkiblər.

Habelə, vurğulanıb ki, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına baxmayaraq, məhkumluğun götürülməməsi səbəbindən bəzi şəxslər seçki prosesindən kənarda qalıblar.

Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, V çağırış Milli Məclisin üzvü Zahid Oruc «Turan» agentliyinə deyib ki, ATƏT-in Seçkiləri Müşahidə Missiyasının aralıq hesabatı bütövlükdə götürüldükdə neqativ sayıla bilməz:

Z.Oruc
Z.Oruc


«Ona görə ki, əvvəlki illərlə müqayisədə namizədlərin kütləvi qeydiyyatı, onların təbliğat və təşviqat kampaniyasında maneələrlə qarşılaşmamaları və inzibati resursların bu prosesdə rol oynamaması müsbət hadisələrdir».

«Seçkilərin legitimliyinə şübhə yaratmır»

Təşviqatda efir məkanı ilə bağlı məsələyə gəlincə, Z.Oruc hesab edir ki, burada qanunun tələbi var. O xatırladıb ki, ancaq partiya siyahısı ilə 60-dan çox dairədə namizədi qeydə alınan partiyalar pulsuz efir imkanından istifadə edə bilərlər.

Mərkəz rəhbəri vurğulayıb ki, bu məsələ ilə bağlı gələcək illərdə daha sadə hüquqi normalar yaratmaq olar.

Təşviqat kampaniyasının solğun keçməsinə dair hesabatda yer alan fikirlə bağlı isə Z.Oruc deyib ki, bu, ayrı-ayrı dairələrdə baş verə bilər.

Mərkəz rəhbəri qeyd edib ki, bu, deputat olmaq istəyən namizədin nə dərəcədə uğurlu təbliğat işi qurmasından asılıdır və burada hökumətin hansısa bir qadağasından söhbət gedə bilməz. «ATƏT-in aralıq hesabatı seçkilərin legitimliyinə şübhə yaratmır»,-Z.Oruc əlavə edib.

S.Həzi
S.Həzi

«Sərt sillə»

Hesabatda həmçinin qeyd edilib ki, bəzi müxalifət partiyaları xüsusilə mediaya çıxışı və təşviqat zamanı sərbəst toplaşmaq azadlığını məhdudlaşdıran mühit səbəbindən seçkiləri boykot etmək qərarına gəldiklərini bildiriblər.

Onlardan biri də Azərbaycan Xalq Cəbhəsi Partiyasıdır (AXCP). Həmin partiyanın sədr müavini Seymur Həzi AzadlıqRadiosuna deyib ki, aralıq hesabatda göstərilən iradlar gerçəyi əks etdirir. Onun fikrincə, missiyanın bu hesabatı əslində «sərt sillə»dir:


«Ölkədə 10 milyon əhali, seçici siyahısında 5 milyondan bir qədər çox seçici olduğu deyilir. Amma bu rəqəm nə qədər realdır, bunu bilmirik? Ona görə ki, real statistikanı bilmirik, bəlli deyil. MSK ilə DSK-nın rəqəmləri arasında 2 milyon nəfər fərq var».

«Debat imkanı yoxdur»

S.Həzinin vurğulamasına görə, uzun illərdir ki, Azərbaycanda siyasi platformanı göstərmək üçün televiziya məkanı, debat imkanı yoxdur.

O, daha sonda da deyib: «Artıq seçkidə şəffaflıqdan, yarış rəqabəti ilə əldə edilən nəticədən söhbət gedə bilməz...».

A.Hacılı
A.Hacılı

Seçkiyə qatılan qüvvələrdən Müsavat Partiyası da hesabatı müsbət qəbul edir. Bu partiyanın başqanı Arif Hacılı hesab edir ki, aralıq hesabat Azərbaycanda indi mövcud olan gerçək vəziyyətin bir hissəsini kifayət qədər obyektiv əks etdirir. Onun fikrincə, seçki məsələsində ən bərbad vəziyyət seçici siyahıları ilə bağlıdır.

A.Hacılı habelə xatırladıb ki, Azərbaycan hökumətinə bu vaxta qədər verilən tövsiyələrdə seçki komissiyalarına etimad məsələsi də öz əksini tapıb:


«Hakimiyyət nəinki belə komissiyaların yaradılmasına cəhd etmədi, əksinə, müxalifət nümayəndələrinin bu komissiyalarda bir nəfər də təmsil olunmasına imkan vermədi. Təbii ki, belə olan halda hakimiyyətin demokratik seçkilər keçirməklə bağlı siyasi iradəsinin olmasına inanmaq mümkün deyil».

Rəsmilərin dedikləri...

Azərbaycan rəsmiləri isə hesab edirlər ki, mövcud komissiyalar azad və ədalətli seçkilərin keçirilməsinə imkan verir.

Hazırda komissiyalar 1/3 əsasla formalaşır. Onun 1/3-i hakim partiyanın, 1/3-i parlamentdəki azlıqda qalan partiyaların, qalanları isə bitərəflərin payına düşür.

Səsvermə yaşında olan şəxslərin sayında kəskin fərqə gəlincə isə, buna, hələlik, Dövlət Statistika Komitəsindən münasibət almaq mümkün olmayıb.

Bələdiyyə seçkiləri. 23 dekabr 2019
Bələdiyyə seçkiləri. 23 dekabr 2019

Hələ, ötən ilin mayında AzadlıqRadiosu bununla bağlı Dövlət Statistika Komitəsinə müraciət etmişdi. Mətbuat xidmətindən bu sualı cavablandıra bilməyəcəklərini söyləyərək başqa şöbəyə yönləndirsələr də, oradan da açıqlama almaq mümkün olmamışdı. Əməkdaşımıza sualı yazılı ünvanlamağı və 7 gün ərzində cavab veriləcəyini bildirmişdilər. Amma ardan il keçsə də, cavab yoxdur.

Mərkəzi Seçki Komissiyasından isə «Turan» agentliyinə onda bildirmişdilər ki, əhalinin bütünlükdə qeydiyyatı ilə seçici sayı fərqli məsələlərdir: «Əhali qeydiyyatı belədir ki, ölkə ərazisində anadan olan kimi vətəndaş kimi reyestrdə qeydə düşür».

Komissiyadan habelə deyilib ki, seçici sayına müxtəlif amillər təsir edir - vətəndaş ölkədən gedə, seçki dairəsini dəyişə, yenisində qeydiyyata düşənə kimi fasilə yarana bilər.

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) özündən isə, hələlik, bu hesabata münasibət almaq mümkün olmayıb. Yeri gəlmişkən, yalnız bu partiya bu seçkilərdə qanunvericiliyə əsasən, (60-dan çox dairədə namizədə qeydə alınıb) pulsuz efir vaxti imkanı əldə edib. Amma YAP bu üstünlüyündən istifadə etməyəcəyini açıqlayıb.

Xatırlatma

Ötən il dekabrın 5-də prezident İlham Əliyev V çağırış Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin fevralın 9-na təyin edilməsi haqqında sərəncam imzalayıb. Ondan üç gün əvvəl, dekabrın 2-də isə Milli Məclis YAP-dan olan deputatların müraciətinə əsasən, parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin olunması xahişi ilə prezidentə müraciət etmişdi. YAP bu qərarı prezident İ.Əliyevin islahatlar kursuna dəstək məqsədilə verdiyini açıqlamışdı. Əslində isə, Azərbaycanda parlament seçkiləri bu ilin noyabrında keçirilməli idi.

XS
SM
MD
LG