Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:22

Hər şeyi planlaşdırmağın ziyanı


Vaxt
Vaxt

Pol Şarf bütün işlərini zərgər dəqiqliyi ilə planlaşdırır. O, bütün dünyanın evdən işləməyə başlamasından yeddi il öncədən məsafədən işləyirdi. Bu müddət ərzində o, daim işə, fərqli vəzifələrə, hobbi və şəxsi layihələrə nə qədər vaxt sərf etdiyini hesablayıb. Özü də vaxt izləmə proqramı istehsal edən şirkətin mühəndislik şöbəsinin rəhbəri olan Şarf hər gün gəzməyə sərf etdiyi yarım saatdan tutmuş nə yeyəcəyinə qədər hər şeyi planlaşdırır. Ancaq belə mikrodetalları planlaşdırmağın "qərar yorğunluğu" yaratdığını düşünür.

BBC yazır ki, bir çox insan üçün zamanın idarə edilməsi böyük prioritetdir. Müəyyən işlərə mütləq vaxt pəncərəsi ayrılmalıdır. Ancaq mütəxəssislər deyirlər ki, təqvimin xanalarına yerləşməyən fəaliyyət növləri də var. Kreativ fəaliyyət və asudə zamanda görülən işlər buna misal ola bilər. Aparılan tədqiqatlar belə fəaliyyət növlərini planlaşdırmağın bizim onları gerçəkləşdirməyimizi və onlardan həzz almağımızı əngəllədiyini göstərir. Hiper intizamlı olmağın emosional nəticələri də ola bilər. İşlər planlaşdırıldığı kimi getməyəndə insanlar bundan əndişələnə, ruhdan düşə bilirlər.

Zamanın əmtəəyə çevrilməsi

Ancaq BBC-nin məqaləsində deyilir ki, xoşbəxtlikdən taym-menecmentin alternativ strategiyaları da mövcuddur. Onların sayəsində bu mənfi təsirləri və təqvimə bağlılığı azaltmaq mümkündür.

Bizim zamanı optimallaşdırmaq istəyimizin tarixi 1700-cü illərə gedib çıxırmış. Qloballaşmanın çoxdan başladığı o zamanlar dünyanın, o cümlədən Qərbi Avropanın bazarına çoxlu ekzotik mallar gəlirdi. Bu da insanları onları alıb istifadə edə bilməkdən ötrü daha çox, daha məhsuldar işləməyə həvəsləndirirdi. Monrealda yerləşən Kvebek Universitetinin Menecment Elmləri Məktəbinin professoru Bred Eon hesab edir ki, vaxtın idarə edilməsi bir konsepsiya kimi zamanla pulun bərabərləşdirilməsindən bəri vüsət almağa başlayıb. "Siz işinizə qiymət nişanı, və ya pul dəyəri əlavə edəndə, məsələn, "saatı 200 dollar" deyəndə zamanınız əmtəəyə çevrilir və ondan maksimum faydalanmaq istəyirsiniz", – o deyir.

"İdeyalar görüş təyin etmirlər"

İfrat planlaşdırma bəzi intellektual işlər üçün yaramır. On illərlə aparılan araşdırmalar göstərib ki, planlaşdırma məhsuldarlığa kömək etsə də, işin keyfiyyətini heç də həmişə artırmır. "Bu o deməkdir ki, vaxtın azlığı sizi qısa zamanda pis-yaxşı nəticə ortaya qoymağa məcbur edə bilər. Ancaq şah əsəri yaratmaq istəyirsinizsə, bu, işə yaramayacaq", – Eon deyir.

Pakistanın Karaçi şəhərindəki Habib Universitetinin ikinci kurs tələbəsi, 20-yaşlı Tasnim Əli sevdiyi şeirləri təhlil etdiyi referatından ötrü vaxtı planlaşdırmağın çətin olduğunu deyir. "İdeyalarım mənə gəlmək üçün görüş təyin etmirlər. İlham gələndə mən, sadəcə, bir gecədə oturub 3 min söz yaza bilərəm", – Tasnim deyir.

Ohayo Dövlət Universitetinin Biznes Kollecinin marketinq professoru Selin Malkoçun fikrincə, asudə vaxtda nəzərdə tutulan işləri təqvimə salmaq onları spontanlıq və həzdən məhrum edir. Bu zaman artıq insan bu işləri böyük səbirsizliklə gözləyə bilmir.

Asudə vaxta daha böyük zaman

Malkoç bilavasitə işlə bağlı vəzifələri ard-arda bitirib öncədən planlaşdırılmamış asudə vaxta böyük zaman pəncərələri ayırmağı tövsiyə edir.

Eon da həzz üçün olan işləri sərt plan çərçivələrinə salmamağı məsləhət görür. O deyir ki, bu işləri "səhər muzeyə, günortadan sonra çimərliyə getmək" kimi təsəvvür etmək olar.

Müəllif və natiq Lora Vanderkam 100 arzunun siyahısını tutmağı tövsiyə edir. İnsan bunu sadəcə məlumat və məhsuldarlıq, yaxud çek və ya müştəri üçün etmir. Əvəzində "yaxşı işləri" prioritetləşdirmiş olur.

"Son nəticədə, vaxtımızı planlaşdırmaq həyatımızın keyfiyyətini artıra bilər. Ancaq bu, sizin vaxtı nə üçün idarə etmək istədiyinizdən asılıdır", – Eon deyir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG