Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 23:50

Astaralı qoca: «Biz də manat kimi dəyərdən düşürük»


Tofiq Həsənov
Tofiq Həsənov

«Dünyanın işığından məhrumam. Bu azmış kimi, iqtisadi vəziyyət də yaxşı deyil. Manat dəyərdən düşəndən sonra yaşayışımız daha da ağırlaşıb. Biz də manat kimi dəyərdən düşürük».

Qara eynək taxıb. Özünün dediyinə görə, bu görüntü xatirinə lazımdır. Əynində nimdaş paltar var…

Astara rayonunun Suparibağ kəndinin sakini, birinci qrup gözdən əlil Tofiq Həsənovdan danışırıq. Onunla söhbət zamanı nəvələri stol arxasında əyləşib qulaq asırlar. Həyat yoldaşı da bizə qoşulur. Ətrafında kimlərin olduğunu hiss edir. Əli ilə çıxıb getmələrini xahiş edir. Özü, həyat yoldaşı bir də mən qalıram. Əlləri titrəyir. Bir anlıq susur. Sanki yuxuya gedib. Sonra əli ilə mənə toxunub sual verir: «Yaşamağa dəyərmi? Gündən-günə ağırlaşan bu həyatda yaşamağa dəyərmi?».

«BƏZƏN DEYİRƏM Kİ, YAXŞI Kİ, GÖRMÜRƏM»

Sualdan yayınıram. Söhbətə davam edirik. Tofiq Həsənov deyir ki, iki oğlu Rusiyaya çörək dalınca gedib. Kiçik oğlu ilə yaşayır. Onun da beş uşağı var. Sürücüdür: «Çörəkpulunu çətinliklə qazanır. Ərazidə ipək yolu çəkirlər. Kəndin yaxınlığından dəmiryol keçəcək. Yollarda onlarla maşın işləyir, yük daşıyırlar. Oğlum isə iş tapa bilmir. İş vermirlər. Hamısını özləri ilə gətiriblər. O, mənə necə baxsın? Bəzən deyirəm ki, yaxşı ki, görmürəm. Amma nə olsun, ürək hiss edir. Ətrafda nə baş verir, adam bilir, göz görməsə də».

Söhbətə həyat yoldaşı Gülzadə Həsənova qoşulur: «Mən də xəstəyəm. Əməliyyat olunmuşam. Mən də bunlara yük olmuşam. Ehtiyac bizi üzür. Ancaq biz hökumətdən razıyıq. Onlar əllərindən gələni edirlər. Məmurlar qoymur...».

Gözdən əlil Tofiq Həsənovun deməsinə görə, birinci qrup əlilə hökumət xidmətçi verir. Yaxud da yaxınlarından kimsə ona xidmət edirsə, hökumət həmin şəxsə pensiya ayırmalıdır. O, bu barədə dəfələrlə hakimiyyət orqanlarına müraciət etdiyini bildirir. Lakin deməsinə görə, müraciətlər nəticə verməyib: «Birinci qrup əlilə xidmətçi verirlər. Mənə isə vermirlər. Mədəmin üçdə biri də yoxdur. Ətrafımda adamlar var, lakin özümü tənha hiss edirəm».

Tofiq Həsənov
Tofiq Həsənov

«BELƏ ÇIXIR Kİ, ƏLİL BU DÖVLƏTƏ LAZIM DEYİL»

O, olub-keçənləri dilə gətirir: «Gözüm istehsalatda kor olub. 15 ildir bu vəziyyətdəyəm, 76 yaşım var. Əvvəllər həyat yoldaşım mənə baxardı, indi baxa bilmir. Əlilliyə görə 21 manata yaxın pul verirlər. Pensiyanı da üstünə gəlsən də, bir şey eləmir. Elə bil, dilənçi payıdır. 40 il iş stajım var. Pensiyam, əlilliyə görə aldığım pul işıq, qaz, bir də çörəyə sərf olunur. Axırda da dükana nisyə qalıram. Bu, yaşayış deyil, bilmirəm nədir. Xəstəlik ağırlaşanda, ümid qalır Allaha. Pul yox, imkan yox. Deyirlər, əlillərə yardım edirlər. Hanı yardım? Belə çıxır ki, əlil bu xalqa, bu dövlətə lazım deyil. Yalan vədlərdən, boş söhbətlərdən bezmişik. Heç kimi maraqlandırmırıq. Qohumlar, kənd icra nümayəndəsi gəlir. Əllərindən bir şey gəlmir. Camaatın o qədər problemləri var ki».

«YALANA DÖZMƏK OLMUR»

Bir anlıq fikrə gedir. Sonra sözünə davam edir: «Adam hər çətinliyə dözər. Yalana isə dözmək olmur. Nə qədər yalan olar? Gözüm görmür, qulağım eşidir. Televizorda danışırlar, elə bil behiştdən danışırlar. Bir müddət keçir, məlum olur ki, yalan imiş. Nəyə görə yalan danışırlar? Mənə xidmətçi düşür, nə üçün vermirlər?».

QOCAYA XİDMƏTÇİ DÜŞMÜR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Astara rayon şöbəsinin əməkdaşı Gültəkin Ağayevanın deməsinə görə isə, qanunla Tofiq Həsənova xidmətçi düşmür: «Qeydiyyatda 2200 əlil var. Xidmətçi tənha əlillərə verilir. Xidmətçiyə pul ödənilir və xidmət müddəti əmək stajı kimi gedir. Rayonda 40-dan çox tənha əlilə xidmətçi təyin olunub. Birinci qrup əlillər hər il özləri ilə bir nəfər götürməklə, sanatoriyaya pulsuz müalicəyə gedə bilərlər. Tofiq Həsənovla bağlı kənd icra nümayəndəliyinə sorğu göndərmişik. Həmin sorğuya görə, Tofiq Həsənov yaxınları ilə yaşayır, tənha deyil. Qanunvericiliyə görə, xidmətçi heç kimi olmayan tənha adamlara verilir».

XS
SM
MD
LG