Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:14

Astaralı bir bərbərin hekayəti


Astaralı bərbər Elçin Babayev və əl işləri
Astaralı bərbər Elçin Babayev və əl işləri

31 yaşlı Elçin Babayev əyalətdə yaşayan, imkansızlıqdan ali təhsil almayan və ailə qura bilməyən gənclərdən biridir.

Rəssam olmaq istəyirmiş, amma maddi imkansızlıqdan arzusunun dalınca gedə bilməyib. O, valideyinlərini və qardaşlarını dolandırmaq üçün müxtəlif peşələrdə çalışır. Astara şəhərinin İstiqlal küçəsində bərbərxanası, onun yanında da emalatxanası var.

HƏM BƏRBƏR, HƏM RƏSSAM, HƏM DƏ...

Elçin Babayevin iş yerindəyik. O deyir ki, iş saatı səhər o başdan başlayır və az qala gecəyə kimi davam edir.

“Bərbərliyi əmimdən öyrənmişəm. Əmim rəhmətə gedib. İndi bu peşə ilə çörək qazanıram. Amma bərbər peşəsi mənim dolanmağıma bəs etmir. Adamlarda pul yoxdur. Çox vaxtı saçı nisyə qırxıram. Pandemiya dövründə müştərilərin sayı azalıb, bərbərlik edənlərinsə sayı artıb. Başqa iş yoxdur axı. Amma qazanc da yoxdur. Mən 100 manat icarə haqqı və vergi ödəyirəm”.

Elçin Babayev orta məktəbi yaxşı qiymətlərlə başa vursa da, təhsilini davam etdirmək imkanı olmayıb. Özünün dediyinə görə, rəssam olmaq istəyirmiş.

“Təhsil müddətində rəssamlığa da böyük həvəsim olub. Rəssamlıq Akademyasına imtahan verdim. Mənə 500 manat pul lazım idi ki, rəssamlığı davam etdirim. Kimdən pul istədim vermədi. Pul tapılmadı, məktəbə gedə bilmədim. Atam da qoymadı. Fikirləşdim ki, oxumağa getsəm valideynlərimə kim baxar? İndi də rəsm əsərləri çəkirəm. Ötən il şair Nəsiminin şəkilini çəkmişdim, sertifikat verdilər...”

“KİBRİT QUTUSUNDAN BİR ƏDƏD GƏMİ, BİR ƏDƏD SAAT DÜZƏLTMİŞƏM”

Elçin babayevin kibrit çöpündən düzəltdiyi maketlər
Elçin babayevin kibrit çöpündən düzəltdiyi maketlər

Elçin Babayevin ikinci qazanc yeri müxtəlif materiallardan düzəltdiyi fiqurlar, evlər, gəmilər, saatlardır. Müştəri gəlməyən kimi emalatxanaya keçib yarımçıq işlərini tamamlamağa çalışır.

“Dəlləkxanada əl işlərmi qoymuşdum. Müştərilər onlara böyük maraq göstərirdilər. İlk əl işimi 2012-ci ildə satmışam. İndi satmaq üçün 20-yə yaxın əl işim var, gəmilərdir, evlərdir, saatlardır. Müxtəlif füqurlardır. Elə gəmi füqurları var ki,100 manatadır. Daha çox zəhmət tələb edən füqurlar bahadır. Materallarını ordan-burdan əldə edirəm. Məsələn, kibrit çöpündən bir gəmi, bir saat düzəltmişəm. Bir əl işinə 200 qutu kibrit lazımdır”.

Elçin Babyevin daha bir əl işi
Elçin Babyevin daha bir əl işi

O danışır ki, əl işlərinə daha çox Astaraya gələn əcnəbilər maraq göstərirlər:

“Ruslar, iranlılar gəlirlər əsasən. Moldovadan, Belçikadan da gəlmişdilər. Səkidən keçəndə füqurları görüblər. Belçikalı 2 əl işimi aldı. Xaricilər əl işlərinə qiymət verirlər. Bizdə deyirlər ki, kibrit çöpüdür də, ondan nə çıxar? Siqareti yandırır, kibrit çöpünü atır yerə. Mən onları toplayıb istifadə edirəm, yeni həyat verirəm. Dondurma çöpü daha şox lazım olur. Ondan gözoxşayan gəmi düzəltmişəm, satmışam da...”

Elçin Babayev danışır ki, onun əl işləri ölkə televizyalarında da nümayiş etdirilib.

“MƏNİM KİMİ EVLƏNƏ BİLMƏYƏN GƏNCLƏR MİNLƏRLƏDİR”

Elçin Babayev subaydır, dediyinə görə, imkansızlıqdan ailə qura bilmir:

“Bu qazancla ömrümün sonuna kimi ailə qura bilmərəm. Tək olsaydım nə isə etmək olardı. Ailədə məndən başqa heç kim qazanc gətirmir. Saç kəsirəm, gedib atam üçün siqaret alıram... Mənim kimi yaşı keçmiş, evlənə bilməyən gənclər minlərlədir. İş yox, pul da yoxdur. Pul yoxdursa necə evlənəsən? Faciə evlənəndən sonra başlanır. Boşanmaların əsas səbəblərindən biri də qazancın olmamasıdır. Dostum var, evlidir, mən yaşdadır. Həyat yoldaşı ona zəng edir ki, uşaq üçün yemək, pampers al. Baxır mənə. Bilrəm ki, pulu yoxdur. Cibimdə nə var verirəm ona. Getsin ailəsini razı salsın, dağılmasın. Görürəm, ailəsəni dolandıra bilmir. Fikirləşirəm ki, mən nə üçün evlənim?..”

Elçin Babayev iş başında
Elçin Babayev iş başında

İndi o, daha çox qazanc əldə etmək üçün işini genişləndirmək istəyir. Amma “çətindir” söyləyir. “Bəlkə sərgim olsaydı daha çox adam görərdi, sifarişlər olardı...”

“MƏNƏ DEDİLƏR Kİ, 20 QƏPİYƏ DƏYMƏZSƏN”

Elçin Babayev ayağını göstərir, deyir ki, yaxşı işləmir.

“Orduda olub. Ayağıma erməni gülləsi dəyib. İki qəlpə sol ayağımdadır, 2 millimetr. 2009-cu ilin fevralında yaralanmışam. Yaralı halda 360 metr qaçmışam. Vaxtında çatmasaydım qanaxmadan ölə bilərdim. Çəkim 72 kiloqram idi, 3-4 ayda 30 kiloqrama düşdü, 4 ay hərəkətsiz qalmışam. Veteran adını almağa getmişdim, mənə dedilər ki, 20 qəpiyə dəyməzsən. Əlillik də vermirlər. Deyirlər ki, müharibə dövründə yaralanmamısan...”

Elçin Babayevin söylədiklərinə rəsmi qurumlardan cavab almaq mümkün olmadı.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG