Keçid linkləri

2024, 12 Oktyabr, şənbə, Bakı vaxtı 13:21

Astarada şəkər xəstələrinin şikayətləri


Arxiv foto
Arxiv foto

“ Mən Zərifə Məhəmməd qızı Həsənova Astara şəhəri, S.Vurğun küçəsi, 42 saylı evdə yaşayıram. İkinci qrup əlilləm. 7 ildir ki, şəkər xəstəliyindən əziyyət çəkirəm.”

Çətinliklə danışır, solğun bənzi var. Titrəyən əllərini gizlətmyə çalışır. Amma sözünə davam edir:

Buna da bax: Diabet - dünyaya “meydan oxuyan” xəstəlik

“GET KİMƏ ŞİKAYƏT EDİRSƏN ET”

“Astara Rayon Mərkəzi Xəstəxanasında qeydiyyatdayam. Hər ay mənə şəkərə görə xəstəxanadan pulsuz dərman verməlidirlər. Ancaq vaxtında ala bilmirəm. Vermirlər, ya da əvəzedici verirlər. Buna etiraz etdim, kobudluq etdilər. Təkcə mənə yox digər xəstələrə qarşı da kobudluq edirlər. Deyirlər ki, get kimə şikayət edirsən et.”

Hətta xəstəxanaya getməyə qorxuram deyir:

“Müalicə olunmaq əvəzinə hər ay xəstəxanaya gedib əsəbləşirəm, şəkərim qalxır. Haqqımı tələb etdiyim üçün məni psixi xəstə adı ilə dəlixanaya salacaqları ilə hədələyirlər. Maddi vəziyyətim ağırdır. İmkanım olsa aptekə gedib dərmanları ordan alardım. Xəstəni, insanı bu qədər alçaltmazlar. Bu dərmanları bizə dövlət verir. Kiminsə şəxsi malı deyil.”

Adının çəkilməsini istəməyən bir şəkər xəstəsinin dediyinə görə də, çox hallarda dərmanı vaxtında ala bilmir:

arxiv foto
arxiv foto

“ Dərmanı almaq üçün ən azı xəstəxanaya 5-6 dəfə baş çəkirəm. Saatlarla növbəyə dururam. Növbədə bizdən də ağır xəstələr olur... ”

Şəkər xəstələrinə pulsuz dərman xəstəxananın ikinci mərtəbəsində verilir. Biz orada olanda böyük növbə gördük...

Buna da bax: Ən çox hansı xəstəliklər artıb?​

ŞƏKƏR XƏSTƏLƏRİ ARASINDA 3 YAŞLI UŞAQ DA VAR

Xəstəxananın işçisi Akif Həsənov bunları deyir:

“Bəzi gecikmələr olur. Amma dərmanlar hər ay verilir. Şəkərli diabet xəstələrin sayı durmadan artır. Siyahılar dəqiqləşdirilir. Bəzən xəstələrə dərmanların verilməsinin gecikdirilməsi bununla bağlıdır.”

Onun demsəinə görə şəkər xəstələrinin arasında 3 yaşlı uşaq da var.

Xəstəxanada rast gəldiyimiz Astara rayon Doli kənd sakini Şadoğlan Nəhmətov deyir ki, dərman almaqdan ötrü 30 kilometr yol gəlib:

“Halbuki, bizdə tibb məntəqəsi var, dərmanları ordan verə bilərlər.”

RƏSMİLƏR NƏ DEYİR?

Astara, Mərkəzi xəstəxana, auqust 2018
Astara, Mərkəzi xəstəxana, auqust 2018

Xəstəxanaın həkimi Təranə Tarverdiyeva onların ünvanına deyilən tənqidlərlə razılaşmır:

”O xəstə yanımda olub. Burda qeydiyyatdadır. Başqası üçün də dərman istəyirdi. Biz ona dedik ki, dərman almaq üçün xəstə özü gəlməlidir. Acıq etdi. Xəstəlik anketini də özü ilə apardı.”

Baş həkimlə əlaqə saxlamaq mümkün olmadı. Xəstəxanadan bildirdilər ki, o başqa yerə gedib.

Ancaq Astara Rayon İcra Hakimiyyəti başçısının müavini Qızbəs Məmmədova da dövlətin xəstələrə pulsuz ayırdığı dərmanların verilməsində çətinliklərin olduğnu deyir:
”Ərazi böyükdür. Xəstələr dərmanlarını almaq üçün uzaq məsafədən gəlirlər. Vaxt itirirlər, inciyirlər. Biz təklif hazırlamışıq ki, bu dərmanlar tibb məntəqələrində verilsin. Biz şikayət edən xəstənin işini nəzarətə götürərik.”

Astara rayonunda 1 mərkəzi, 4 kənd xəstəxansı, 11 kənd həkim məntəqəsi, 21 tibb məntəqəsi var...

XS
SM
MD
LG