Keçid linkləri

Təcili xəbərlər
2019, 11 Dekabr, çərşənbə, Bakı vaxtı 01:42

Astara sakini: 'Soğan-çörək yeyib, ev tikdiririk'


Azerbaijan-Astara buillding

“Ata evimiz ötən əsrin 70-ci illərində tikilib. Divarları gildəndir. Evin tikintisində yerli materiallardan istifadə olunub. Qardaşlarım hərəsi bir yana getdi. İki bacı burda qaldıq. 2018-ci ilin avqust ayında zəlzələ nəticəsində evin arxa divarı çat verdi. Gəldilər, baxdılar. Dedilər ki, evdə yaşamaq olmaz...”

Evin arxa divarı
Evin arxa divarı

Bunu Astara rayonun Ojakəran kənd sakini İradə Dadaşova deyir.
Onlar evin divarlarına dayaqlar vurublar ki, uçmasın.

İ. Dadaşova vurğulayır ki, yağış birbaşa evin içinə yağır. Ev iki otaqdan ibarətdir. Otaqların döşəmələri dağılıb. Ev sahibinin sözlərinə görə həyətdə olan yardımçı tikiliyə köçüblər:

İradə Dadaşova, Astara sakini
İradə Dadaşova, Astara sakini

“...Toyuq hini olub.Təmizlədik, köçdük ora”
“Ora vaxtı ilə toyuq hini olub.Təmizlədik, köçdük ora. Təqribən 10-12 kvadratdır.Yağışda, qarda dəhşətli vəziyyət yaranır.Buna yaşamaq demək olmaz. Orada iki çarpayı qoymuşuq, birində mən yatıram o birində isə bacım. O da yataq xəstəsidir. Oğlu orduda xidmət edərkən ölüb.O vaxtdan xəstələndi. Atam, anam da nəvələrinin dərdindən erkən öldülər. Qardaşlarım var.Onlar hamısı kasıbdır, imkanları yoxdur.Bizə əl tuta bilmirlər.”

Yardımcı tikilinin də divarları gildəndir. Ev sahibinin deməsinə görə aldıqları pensiyalar çörəyə güclə çatır:

“Müxtəlif ünvanlara yüzə yaxın məktub göndərmişik”
“Mənim 59, bacımın isə 62 yaşı var. Mən pensiya ilə heç vaxt ev tikə bilmərəm. Biz bu ölkənin vətəndaşıyıq. Çətinə düşəndə dövlətimə müraciət etməliyəm. İcra hakimiyyətinə bir neçə dəfə getmişəm, mənə deyirlər ki, sənin üçün ev tikməyə vəsaitimiz yoxdur. Döymədiyim qapı qalmayıb. Müxtəlif ünvanlara yüzə yaxın məktub göndərmişik. Baxın, nə qədər cavab məktuları var...”

Şikayət məktubları
Şikayət məktubları

​O məktubları göstərir. Şikayətlər ölkə prezidentinə, Fövqəladə Hallar nazirliyinə və digər yerlərə ünvanlanıb.Lakin cavabları isə Astara rayon İcra Hakimiyyəti verib. Cavab məktubların məzmunu eynidir. Orada şikayətin nəzrətə götürüldüyü, hələlik, vəsaitin olmadığı qeyd edilir. İradə Dadaşova kənddə evsiz qalan yeganə vətəndaş deyil.

Ojəkəran kəndində evi yararsız vəziyyətə düşmüş onlarla sakin var. Sakinlər deyir ki, 25 il ərzində kənddə cəmi 3-4 nəfər yeni ev inşa edə bilib, onlar da Rusiyada işləyənlərdir.

“Kənddə qəzalı vəziyyətdə olan evlər çoxdur”

Kənd sakini Rafiq Baxşiyev deyir:

“Kənddə qəzalı vəziyyətdə olan evlər çoxdur. Evlər əsasən sovet dövründə tikilib. İstismar müddətini baş vuran evlərdir. Elə evlər var ki, təbii fəlakətdən qəzalı vəziyyətə düşüb. Əksəriyyəti isə köhnə evlərdir. Divarları gildəndir. Dözməyib tökülür. Kəndlinin də torpaqdan başqa qazanc yeri yoxdur.Torpaq da o qədər qazanc vermir. Bir ailədə 3-4 uşaq olanda, problem artır. Gərək ev ola ki, uşaqlarını evləndirəsən. Kənddə 50-60 kvadratlıq ev inşa etmək üçün minimum 30-35 min manat lazımdır. Tikinti materialları baha. Bunun daşı, ustası var. Kəndli kiçik təsərrüfatla nə edə bilər? ”

Rafiq Baxşiyev, Astara sakini
Rafiq Baxşiyev, Astara sakini

“Kredit götürdüm, övladlarım Rusiyaya işləməyə getdilər...”

Rafiq Baxşiyev deyir ki, onun da ev problemi var:

“Özüm ata evində yaşayırdım. Zəlzələdən dağıldı. Gəldilər, getdilər. Çəkliş oldu. Çox adamlara yardımlar etdilər. Mən kənarda qaldım.Çox şikayətlər elədim. Nəticə vermədi. Kredit götürdüm, övladlarım Rusiyaya işləməyə getdilər, kömək etdilər, ev tikməyə başladım. Hələ başa çatmayıb...”

Astara şəhərin özündə də mənzil problemindən şikayətlənənlər var. Şəhər sakini Akif Məmmədovun deməsinə görə, 4 oğlu var, onların ikisinin mənzil məsələsinə görə, evləndirə bilmir:

“Kredit bizi öldürür”

“Oğlanlarımdan biri kiçik sənətkardır.7-8 ildir onun üçün sahəsi 80 kvadrat olan bir ev tikirik. Üstünü bağlamışıq. Hər dəfə bankdan 30 faizə kredit götürürk. Kreditin müddəti bitəndən sonra yenisni götürürük ki, evin işini tamamlayaq. Tamamlanmır.Hələ 4-5 il də çəkəcək. Kredit bizi öldürür. Soğan-çörək yeyib, ev tikdiririk. Oğlumun iki qız uşağı var.Bu gün- sabah orta məktəbi başa vuracaqlar.Ev isə hazır deyil.”

“Kəndlərdən axın güclənəcək”

Yerli sakinlərdən Asən Həşimli də hesab edir ki, indi kəndlinin əldə etdiyi qazancla yaşayış evi inşa etməsi mümkün deyil:

“Kənd yerində kirayə evlər, mehmanxanalar yoxdur. Yaşamaq üçün hökmən şəxsi ev olmalıdır. Kəndlinin də o qədər pulu yoxdur ki, ev tiksin. Düzdür rayonlarda xüsusi kateqoriyalı adamlar var, onlar üçün ev tikirlər. İri şəhərlərdə sosial evlər inşa edilir, yeni ailələrə ipoteka verilir.Təbii fəlakətdən dağılmış evlərin yerinə yenisini inşa edirlər.Bu da hər kəsə nəsib olmur. İpoteka indiki şərtlərlə kənddə yaşayan gənc ailəyə heç vaxt nəsib olmaz. Bəs adi kəndli nə etməlidir? Nəticədə nə olcaq? Kəndlərdən axın güclənəcək. Təkcə kənddə yol, işıq, qaz çəkməklə iş bitmir.”

Onun fikrincə hökumətin bu istiqamətdə ayrıca proqramı olmaldır: “Kəndə dəstək proqramı olmalıdır.Azərbaycan hökuməti beynəlxalq təcrübədən istifadə edə bilər.”

İcra başçısının müavini : “Maliyyə problemi yoxdur”

Astara Rayon İcra Hakimiyyəti başçısının müavini, Fövqəladə Hallar Komissiyasının sədri Allahverən Mahmudovun deməsinə görə, isə kəndlərdə köhnə evlərlə bağlı tədbirlər həyata keçirilir:

“Ojəkəran kənd sakini İradə Dadaşovanın evinə yenidən baxış keçiriləcək. Çadırlarda yaşayanlar var, 2 ev dağılıb. Birinci növbədə bu insanlar evlə təmin olunacaq. Ötən əsrin 60-70-ci illərdə tikintinin tələblərinə cavab verməyən minlərlə ev inşa edilib. İndi həmin evlər tədricən dağılır.Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri belə evləri köhnələnmiş ev kimi qeydə alırlar. Hamuşam, Əsxənəkəran, Siyəku ərazilərində 14 min ev var. Mütəxəssislərin rəyinə görə, həmin ərazilər aktiv sürüşmə zonalarıdır.Oralarda ev inşa etmək belə təhlükəlidir. Taxtadan tikilən iki mərtəbli evlər var.Çürüyüb tökülür. Ölkə prezidentinin sərəncamı var.Müəyyən yerlərdə şəhərcik salmaq və yaşayış evləri inşa etmək. Hazırda 36 mənzilli yaşayış binası inşa edilir. Daha bir 48 mənzilli yaşayış binasının inşası nəzərdə tutulub.Maliyyə problemi yoxdur. Yəqin ki, yaxın gələcəkdə bu problemlər həllini tapacaq.”

Günün bütün mövzuları

XS
SM
MD
LG