Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 04:47

'Elə kəndlər var ki, il ərzində oradan toy səsi gəlmir'


Fəxrəddin Məmmədov
Fəxrəddin Məmmədov

Kənd musiqiçiləri iqtisadi vəziyyətlərindən şikayətlənirlər. Astara rayonunda belə musiqiçilərdən Fəxrəddin Məmmədov (müğənni) deyir ki, ölkədə yoxsulların, işsizlərin sayı artdıqca kənd yerlərində toyların sayı azalmaqda davam edəcək:

"Kənd toyları azalıb"

"Bazarda qiymətlər hər gün qalxır. Adamlar yoxsullaşır. Kənd toyları azalıb. Astara rayonunda 92 kənd var. Elə kəndlər var ki, il ərzində oradan toy səsi gəlmir. Yaşadığım Ərçivan qəsəbəsinin 12 min əhalisi var. İl ərzində səkkiz-doqquz toy olub. Halbuki, əvvəllər bir ayda 10-15 toy olardı".

O düşünür ki, ölkədə yaxşılığa doğru vəziyyət dəyişməsə, toysuz ailə quranların sayı artmaqda davam edəcək:

"Eləsi var, zinət əşyalarını borc götürür"

"Toysuz ailə quranların sayı artır. Biz düşünürdük ki, müharibə qələbə ilə başa çatdıqdan sonra həyat şəraitimiz yaxşılığa doğru gedəcək, getmədi. Bahalaşma getdi, bu gün də davam edir. Kasıb uşağı dünyaya gəldiyi gündən toya hazırlıq görür. El adəti ilə toy etmək üçün, ən azı, 5-6 min manat lazımdır. Bizdə gəlinin zinət əşyaları olmasa, toy etməzlər. Eləsi var ki, zinət əşyalarını başqasından borc götürür...".

O belə hesab edir ki, problemlərin kökündə işsizlik durur: "Kəndlərdə, demək olar ki, iş yoxdur. İranla sərhəd açıq idi, çoxlu ailələr oradan dolanırdı. Koronavirus pandemiyasına görə sərhəd bağlandı. Sərhədin bağlanması əleyhinə deyiləm...".

Ərçivan
Ərçivan

"Muğama maraq azalıb"

Fəxrəddin Məmmədov sənətdən də danışır: "Kənd toylarında çalınan mahnılar dəyişilməyib. Üstünlük xalq mahnılarına verilir. Elə bil ki, kəndlərdə yeni mahnılara ehtiyac görmürlər. Muğama da maraq azalıb. Adətən, toylarda oynaq mahnılar istəyirlər. Toylarda xalqın vəziyyətini görürük. Kasıb toy edəndə onun üzündən kədər yağır. Buna görə də köhnə qiyməti saxlamışam. Toy edirik, bir neçə gündən sonra pulumuzu ödəyirlər".

Onun sözlərinə görə, yerlərdə gənc ailələrin mənzil problemləri həll olunmur: "Tikinti materialları bir neçə dəfə bahalaşıb. Ev yoxdursa, necə evlənsin? Kəndlərdə, əsasən, xarici ölkələrdə işləyənlər təzə ev tikə bilirlər. Mən də evimin üstünü dəyişə bilmirəm, dağılır. Ərzağın qiyməti hər gün qalxır, kommunal xərclər artır. Mənim qaza 100 manat borcum var. Elə ailələr var ki, evində təbii qaz olduğu halda onu yandırmır. Maşına yanacaq vurursan keyfiyyəti yoxdur, dərman alırsan təsiri yoxdur...".

Cəlal Mədətzadə
Cəlal Mədətzadə

"Unun kisəsi bir gündə 10 manat bahalaşdı"

Başqa bir musiqiçi Cəlal Mədətzadə də həmkarı Fəxrəddin Məmmədovun fikirləri ilə şərik olduğunu deyir. Onun bildirməsinə görə, pensiya yaşında olmasına baxmayaraq, işləməyə məcburdur: "Mənm 72 yaşım var. Kənd toylarında klarnet ifa edirəm. Pensiya mənə bəs etmir, ona görə işləmək məcburiyyətində qalıram. Pandemiya, qadağalar, bahalaşma toylara mənfi təsir edir. Unun kisəsi ( 50 kq) bir gündə 10 manat bahalaşdı. İşləməsəm, ac qalaram".

"Mala vuran, evlərdə fəhlə işləyənlər də var"

Onun deməsinə görə, əvvəllər kənd toylarında 10-12 musiqiçi olardı, indi bu, üc-dörd nəfərə düşüb: "Musiqi alətləri də bahalaşıb. Toyları yola verən musiqiçilərin sayı da azalır. Onların çoxu ikinci peşəyə yiyələnirlər. Mala vuran, divar hörən, evlərdə fəhlə işləyənlər də var. Musiqiçinin həyatı necədirsə, xalqın vəziyyəti də elədir. İndi bizim xalq "Yanıq Kərəm" üzərində köklənib".

Amma ölkə rəsmiləri günü-gündən ölkədə iqtisadi vəziyyətin ağırlaşması ilə bağlı şikayətləri bir elə əsaslı saymırlar.
Dövlət Statistika Komitəsinin açıqlamasına görə, ötən ilin 11 ayında inflyasiya cəmi 6.2 faiz təşkil edib. Rəsmilər vurğulayırlar ki, bu ilin əvvəlindən isə bir sıra sahələrdə əməkhaqqılar təqribən 20 faiz artırılıb.
Ölkədə işsizliyin isə rəsmən cəmi 6 faiz olduğu vurğulanır...

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG