Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:53

Astara sakini Hüseynova: 'Hökumət pensiyama qalıb?'


Sədaqət Hüseynova
Sədaqət Hüseynova

Astara şəhər sakini Sədaqət Hüseynova son illər pensiyası kəsilən Azərbaycan vətəndaşlarından biridir. Deməsinə görə, üstəlik, bununla bağlı ona heç bir xəbərdarlıq da edilməyib və pensiya kartına altı aydır ki, pul oturmur. O əlavə edir ki, bu altı ayda xəstə olduğunu sübut etmək üçün idarələrə ayaq döyüb...

"11 il idi əlillik pulu alırdım"

"Anadangəlmə sağ ayağımda problem var idi. Müalicə ala bilmədim, ayaq sıradan çıxdı. Ayaqda qan yaxşı işləmir. Çətinliklə yeriyirəm. Əmək qabiliyyətini itirmişəm. Evdə xırda-para işləri görürəm. 11 il idi əlillik pulu alırdım. İlk dövrlərdə 100 manat alırdım, sonra 250 manat oldu...".

"Yeddi nəfər içində bir nəfər də işləyən yoxdur"

Ağlayır: "...16 ildir ərim məni atıb. Ərimdən ayrılandan sonra ata evimdə qalıram. Valideynlərim sağ olanda elə də problemlərim olmurdu. Onlar rəhmətə getdilər, qara günlərim başladı. Yaşadığım evdə bacım, qardaşım da qalır. Həyətdə bir qardaşım da yaşayır. Onun da iki oğlu var, yeddi nəfərik. Bu yeddi nəfər içində bir nəfər də işləyən yoxdur. Bacım əmək pensiyası alır. Hamımız onun himayəsində yaşayırıq. Hamımız ona yükük...".

Onun sözlərinə görə, Astara Rayon Mərkəzi Xəstəxanası onun xəstəliklə bağlı sənədlərini ikinci dəfə müvafiq orqanlara göndərməyib: "Xəstəxanada olmuşam. Dedilər, burda yat, yatdım. Baş həkim dedi ki, sənə pensiya düşmür. Bakıda Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda olmuşam. Sənəd də gətirmişəm ki, yararsızam. Mənə dedilər ki, sənədlər Bakıya göndərilib. Amma göndərməyiblər".

Toplanmış sənədlər
Toplanmış sənədlər

"Mənim başımı aldadırlar"

O aldanıldığını düşünür: "Mənim başımı aldadırlar. Necə olar ki, şikəst adamı sağlam çıxartsınlar? Yazıblar ki, mən xəstəxanada yatmamışam. Müalicə həkimində günah yoxdur, baş həkim əməl etmir".

O deyir ki, indi sağlam adamlar iş tapa bilmir: "Baş həkim xəstəxanada mənə fəhlə işi versin, işləyim. Belə də biabırçılıq olar? Pis vəziyyətdə yaşayıram. Axı əlil adamın çörəyini necə kəsmək olar?! Son ümid yerim pensiya idi. Evim yox, çörək bahalaşıb... Hər kəs özünü güclə saxlayır".

"Qadın pensiyasına möhtac olan ölkədə..."

O deyir ki, yeganə övladını da dolandıra bilmir: "Bir övladım da var. O da bacımın üstündədir. Aliment də almıram. Qızım təhsil alır, onun da təhsil haqqı var. Pul ödəyə bilmədiyim üçün onu qovmaq istəyirlər. Uşaqdır, geyinmək, keçinmək istəyir. Onun da yanında üzüqarayam. Heç kim heç kimi başa düşmək istəmir. Bu hökumət pensiyama qalıb? Qadın pensiyasına möhtac olan ölkədə necə yaşayasan?".

"Qohumların hamısı kasıbdır,..."

Sədaqət Hüseynovanın qardaşı Səttar Hüseynov: "Ayağının aşağı hissəsi işləmir. Pensiyasını xəbərdarlıq etmədən kəsiblər. Etdiyimiz şikayətlər də nəticə vermir. Yeni illə bağlı yardımlar etdilər, ona vermədilər. Bütün günü gözyaşı tökür. Ona ürəyim yanır. İş yoxdur, işləmirəm. Hər işdə işləyərəm. Ona kömək edərdim. Mən özüm də əmək pensiyası alan bacımın əlinə baxıram. Qohumların hamısı kasıbdır, özlərini güclə dolandırırlar".

Qanun qüvvəyə minməmiş əlillik dərəcələri necə aşağı endirilir?
Gözlə

No media source currently available

0:00 0:04:00 0:00

Həkimlər nə deyir?

Sədaqət Hüseynovanı müalicə edən həkim Etibar Cəlilov da deyir ki, o, xəstəxanada müalicə alıb: "Onu yazmışıq, yenidən müayinə olunmalıdır. Onun sənədlərini göndərmişdik, imtina gəldi".

Astara Rayon Mərkəzi Xəstəxanasının baş həkmi Oqtay Əmənullayev isə bunları bildirdi: "Mən onu tanımıram. Gəlsin müraciət eləsin, araşdıraq. Vətəndaşdır, şikayətinə baxarıq. Amma, elə vətəndaşlar var ki, tələb edir. Halbuki, tələb etdiyi mümkün deyil".

Tibbi-Sosial Ekspert Komissiyasının cavabı...

Sədaqət Hüseynovanın adına gələn Tibbi-Sosial Ekspert Komissiyasının 0226003AAH18 nömrəli göndərişində əlillik dərəcəsinin verilməsindən imtina edilib. "...Rəsmiləşdirilmiş göndəriş natamam doldurulub. Həkimin rəyi: Xəstənin hazırkı vəziyyəti, mütəxəssislərin rəyləri, köməkçi diaqnostik müayinələr, anamnestik məlumatlar dəqiqləşdirilib ətraflı qeyd edilsin. Uzun müddət xəstə olmasına baxmayaraq, stasionar reabilitasiya müalicələri haqda məlumat qeyd edilməyib. Xəstəyə stasionar müalicə tövsiyə edilir", - sənəddə yazılıb.

Sədaqət Hüseynova isə deyir ki, iki dəfə ayağından əməliyyat olunub. Üstəlik, vurğulamasına görə, keçmiş dövrlərdən fərqli olaraq indi xəstəxanada yatmaq ciddi xərc tələb edir...

Onun dediklərinə Səhiyyə və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərindən münasibət almaq mümkün olmayıb. Son illər Azərbaycanda rəsmilərin bildirməsinə görə, minlərlə şəxsin pensiyası kəsilib. Onlar bunu prosesin şəffaflaşdırılması ilə izah edirlər...

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG